Mənə görə

Mənə görə ana olmaq, uğur əldə etmək, xoşbəxt olmaq üçün ailə qurmaq, nigaha girmək, kimisə sevmək, görüşmək, vaxt sərf etmək vaxt və əsəb itkisidir. Elə hər iki tərəf üçün. Çünki bu ölkədə məni bir çox kişilər qəbul edə bilmir, etməz də, etməyib də… Ən qısa zamanda ayrılıq olacaqsa, neyləyirəm onun və özümün vaxtını alıram. Xarakterimi bilirəm. Dürüstlük təbiətimdə var. Xoşuma gəlməyən, etiraz etdiyim nəsə varsa, susan deyiləm. Bir də özümdə sevdiyim tərəfim odur ki, özümü üstün tuturam, azadam və kimdənsə asılı deyiləm, məni aldatmağa və avam yerinə qoymağa çalışanlara qarşı sərt və barışmaz mövqedəyəm deyə, asanlıqla ayrılıram.
İki övladım var, atam var, özüm varam, bir də azsaylı dostlarım var. Neyləyirəm axı başqa kimisə?
Bundan sonra övladlarıma görə zamanımı, səhhətimi, özümü qoruyacağam, qorumalıyam, məndən savayı onların kimisə yoxdur.

Mənə görə ailə qurulandan sonra bir çox hallarda qadın işləmirsə, maddi cəhətdən kişidən və onun ailəsindən asılıdırsa, kişi onu saxlayırsa, bu fahişəliyin qanuniləşdirilməsidir. Qadın kişinin puluna uyğun alış-veriş edir, həyatını qurur, bədənini verir, öhdəliklərini icra edir. Qadının kişidən ən təhlükəli asılılığı maddi cəhətdən olur. Bütün digərləri maddiyyatdan yaranır.