Gündəliyim…

O, mənə gündəliyi xatırladırdı. Gündəlik yazmağa səbrim çatmırdı. Yazmağa başladığım zaman yarımçıq qoyurdum. O yazmağa başlayıb bitirdiyim, tamamladığım yeganə gündəliyim idi. Ona hər fikrimi danışdıqca yazırdım, o isə dinləyirdi, susurdu, oxuyurdu, susurdu, gündəlik kimi… Paylaşmışdı gündəliyimdə paylaşdığımı, məxfi idi, etibarlı idi…

«Sevgi nədir?» sualını mənə versə kimsə, bəlkə elə belə cavab verərdim:

Sevgi — hiss, fikir, arzu, planlarımızın tərəfdaşımız ilə qarşılıqlı alış-verişi, mübadiləsidir. Qarşılığı yoxdursa, sevgi deyildir. Mən sevgini yaşamamış bir insanam, ancaq mən sevmişəm, məni sevməyiblər… Qarşılığı olmayıb…

Desəm ki, bu vaxta qədər başımı çiyninə qoyan zaman güvəndiyimi, qucaqladığım zaman sevildiyimi, öpdüyüm zaman arzuladığımı, yanında uzandığım zaman etibar etdiyimi hiss etməmişəm heç bir kişidə… Bunları özümdə tapmışam, bəlkə ona görə də bilirəm ki, məni ancaq mən sevirəm, mənə ancaq mən lazımam, məni ancaq mən xoşbəxt edər, məni ancaq mən anlayar, mən hüzur verər, mən azad buraxar, mən fəxr edər, mən dəyər verər… Bəli… Mən. Mən? Mən!

Niyə? Çünki kiməsə lazım deyiləm. Özümdən başqasına… Çünki sevilmirəm… Özümdən savayı kimsə tərəfindən…

Bu qədər sadə…

Növbəti dəfə sevgini həyatıma buraxmaq istədim. Yeni cəhdim də alınmadı…

İndi isə nə edirəm?

Günə bir kitab oxuyub bitirirəm, günə bir filmə baxıb hiss və emosional aclığımı doydururam…

Tənhalıq- deyəsən, dəli oluram… Səni sevirəm…