Çox işləyən insanın dramı


Çox işləyən insan dramatik həyat və ya yazının qəhrəmanıdır.
Niyə?
Çox işləyən insan işini bəzən özündən çox sevər. Bəzən isə nəyə və ya kiməsə görə qatlaşar çox işləməyə.
Çox işləyən insanın işindən və qazandığı puldan başqa nəyi və kimi olmaz bəzən. Məhz, çox işləməyi onu ayırıb, uzaqlaşdırıb normal insan kimi yaşamaq, həyatdan.
Çox işləməyi sevən insanın iş günlərində xəstələnməsi ayrı bir dramatik durumdur. İşini başqası görə bilməz deyə, xəstəhal gələr işə, evindən işləyər bəzən.
Çox işləyən insanın ya məzuniyyəti olmaz, olsa da, məzuniyyətində darıxdığından, işindən başqa məşğuliyyəti olmadığından işə gələr.
Çox işləyən insanın evi qaçacağı yerdir işdən sonra. Çox zaman evindən qaçar çox işləyən insan.
Çox işləyən insan ezamiyyətdə belə işləyər.
Çox işləyən insan bayramları sevməz, bayramlarda belə gələr işə.
Çox işləyən insanın əlindən ancaq işləmək gələr. Yüklənər belinə başqalarının işləri, səhvləri, qaçdıqları məsuliyyət…
Çox işləyən insanın işsiz qalmağı bir ayrı dərddir.
İş yerində ixtisar olarsa, ilk ixtisara düşən çox işləyən insan olar…