Dost o insandır ki…

Mənim üçün dost o insandır ki, məni hiss edir. O insandır ki, sevincini də, kədərini də bölür. O insandır ki, güvənini yerə vurmur. O insandır ki, tənqid edir, səhvini göstərir, problemin üçün həll yolunu deyir. O insandır ki, saat və məkanından, işlərinin çoxluğundan asılı olmayaraq, ona ehtiyac duyduğunu bilib, səninlə görüşür, səni dinləyir. O insandır ki, səni olduğu kimi qəbul edir. Əhvalın pis olanda da, bağışlayır, acılayanda acını anlayıb susur. O insandır ki, dözür. O insandır ki, sadəcə başını qoyursan çiyninə, ağlayıb boşalandan sonra səni güldürür və fikirlərindən, problemlərindən uzaqlaşdırır. O insandır ki, sənin zəifliyini bilib, o yerdən vurmur.
Nə yaxşı ki, mükəmməl dostlarım var. İllərlə qan uddursam belə, kobudluq etsəm də, xətrimi çox istəyirlər. Bilirəm ki, tək deyiləm. Bilirəm ki, bir zənginlə, «pisəm, sənə ehtiyacım var» deyən kimi yanında olur. Təmənna güdmür, qərəzsizdir.