Anam haqqında

Həmişə anamı qınayırdım ki, oğlunu daha çox sevir, bağışlayır, anlayır.
Anamı nədə qınamışamsa,  önünmə çıxıb ki, onun yerində ola bilim, olum.
Anam əslində sevir, sevgisini tənqid, danlamaq, dinləmək, dəyişdirmək yolu ilə göstərir. Bu yaşıma qədər  anamdan sözlə sevgisini ifadə etdiyini görməmişəm. Bir onu bilirəm ki, bir uşaq olaraq sakit uşaqlar olsaq da, tərbiyəmizdə əziyyəti çox olsa da, onu olduğu kimi qəbul edə bilməyən, anlamayan məhz biz övladları olmuşuq. Hər dəfə anamızı nigaran qoymuşuq, narahat qalıb, əziyyət çəkib, vaxtını, həyatını, karyerasını, gəncliyini, gözəlliyini ailəsinə və övladlarına qurban verib. Hirsli olanda, ağlayaraq deyirdi ki, «kaş digər analar kimi sizi başqasının üstünə atıb işə çıxaydım, küçələrdə böyüyərdiniz, özüm üçün yaşayardım. Övlad, tərbiyə boş şeydir. Məndən çox qurban verən, sevən, anlayan ana yoxdur, qədrimi bilmirsiniz.» Anamı indi elə gözəl anlayıram ki. Uşaq və ərgən ağlımızla sevgini sözdə görürdük, tənqid və tövsiyə qürurumuza toxunurdu. Dəfələrlə olub ki,  anama məktub yazmaq istəmişəm. Üzr istəməyin içində göz yaşlarımı gizlətmək, xoşbəxtəm, sayəndə bu zirvədəyəm, sən istədiyin kimi öz ayaqlarımın üstündəyəm, kimdənsə asılı deyiləm, demək istəyirəm. Anam görsün ki, istədiyi kimi hazırlaya, güclü edə bilib məni. İstədiyi insan, qadın, ana olmuşam. Artıq  bu yaşımda onu anlayıram.
Həmişə qınayırdım ki, kişi olan yerdə qadın güclü olmamalıdır. Çünki elə özü istəyirdi ki, qadın kimi olum, zərif, nazlı, səbrli, ağır təbiətli.
Həmişə qınayırdım onu. Ona oxşamaq istəmirdim. Onun kimi olmaq istəmirdim. Ilk dəfə ana olanda anladım ki, əslində qadın və ana anam kimi olmalıdır. Anam gözəl sirdaş, dinləyici, məsləhətçi və müdrik qadındır. O qədər ehtiyacım var ki, bütün həyatımı, ata evindən çıxandan sonra yaşadığımı ona danışım, o da dinləsin, qucaqlasın, göz yaşlarımı silib, qucaqlayıb desin ki, «sən güclüsən, bu da keçəcək, səbr et, zamana burax».
Uşaq vaxtı anam bizi tərbiyə etmək üçün çox döyürdü deyə ondan inciyirdim, uzaqlaşırdım, qopurdum.
Həyat döyəncə, kaş ki, anam vaxtında məni döyərdi.

Опубликовано Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Maliyyəçi/risk/sərmayə/ÇPL-TMM/FATCA/CRS meneceri/təlimçi/blogçu/publisist. Вы потеряете меня, лишь тогда когда я умру.

%d такие блоггеры, как: