Şəri bizə qəbul etdirmək üçün bizi aldatdılar ki, hər şərdə bir xeyir var…

«Sizdə xərçəng var»
Nə gözəl səslənir… Bir insan olaraq qətiləşdirirsən ki, yaşamaq istəyirsən, ya ölmək… Artıq hər saniyənin dəyərini bilirsən. Artıq elə bu an ölə biləcəyini bilib hər anını yaşayırsan…
Həyatındakı qazanılan hər şeyin, hər kəsin, gələn və gedənlərin  mənasını,  həyatındakı rolunu anlayırsan…
Həyatınla bağlı xatirələr tez-tez üzə çıxır, gülmək, sevinmək, xoşbəxt olduğun anları uzatmaq üçün də bir səbəb axtarırsan…
Yeməyinə, yuxuna diqqət yetirirsən.
Bədənindəki hər dəyişikliyi hiss edirsən. Hər ağrıda dil tapırsan ağrıyan yeri yola verməyə…
Yaşamaq üçün səbəblərinin qədrini bilməyə başlayırsan…
Yaşamağa tələsirsən.
Dünya vecinə olmur, özünün hayında olursan.
Arzuların yadına düşdükcə, siyahı tutursan… Hamısını real etməyə başlayırsan. Tələsirsən ki, hansısa gerçək olmaz…
Sevməyə başlayırsan özünü,  həyatını…
Bəzən o qədər həssas olursan ki, dürüstlüyün kobudluğa keçir,  cəsarətin kiminsə xoşuna gəlmir, planlarını pozur…
Boş verirsən başqalarını.  Səni sevməyənləri asanlıqla yola verirsən,  yola salırsan…
Uşaq vaxtı xərçəngi dərsliklərdə görərdik, bürc bilərdik. Xərçəng ilə tanış olurduq zoologiya dərsliyində…
Sonra böyüdükcə, gördük ki, xərçəng bir də xəstəlikmiş. Xərçəng bir də həyat aparırmış, bir də ölüm mələyi imiş.
Qohumlarını xərçəng apardıqca, anlayırsan ki, gendə var, bir gün səni də tapacaq, səni də aparacaq özü ilə…
Xərçəngindən bərk- bərk yapışır, dostlaşırsan ki, biz bir vəhdətik, bir-birimizdəyik… Dil tökürsən ki, bu gün məni öldürsən, sən də öləcəksən,  möhlət istəyirsən…
Bir də sənə olan yalançı, riyakar baxışlar, sevgi sənin gülüş hədəfin olur, ikrah hissi içində ironik gülüş…