Atasızlar

Bir çox kişilərə xoş olmayan bir yazı olacaq. Hər kəsə şamil edilmir. Özünə götürənin də yediyi soğan içini göynədir.
Ata ailədə, övlad üçün o qədər önəmli deyil. Müşahidə və ətrafımda atasız böyüyən uşaqlar görüb bu qənaətə gəlmişəm. Qadın zəif deyil. Zəif olan kişidir.
Özləri atasız böyüyən, övladını atasız böyüdən o qədər qadın, ana var ki… Ata olan kəsə nə qədər şans versələr də, imkan yaratsalar da, atalıq hissi, məsuliyyəti olmayan o qədər kişi və atalar var ki… Əfsuslar olsun ki, sayı artmaqda olan dağılmış ailələr, nigahsız münasibətlər, mülki nigahlar, tərəfdaşlıqlar övladın atasız böyüməsi üçün zəmin yaradır. Qadın da böyüyür, güclənir, həm ana, həm ata olur, kobudlaşır, kişiləşir. Atanın etməli olduğunu ana edir.  Pul qazanır, ailə saxlayır, xərcləri tənzimləyir, bazarlıq edir,  ehtiyacları ödəyir, məsuliyyəti artdıqca, özünü, öz şəxsi həyatını qoyur bir kənara, iş, pul, övlad üçbucağında öz bucağı olmur.
Ata olan kəs nə ev xərclərində, nə uşağa çəkilən xərclərdə, nə uşaq xəstələnəndə, uşaq bağçası,  məktəbindəki uğurlarında iştirak edir, nə ailəsinə sahib çıxır,  nə maddi, mənəvi, psixoloji,  fiziki dəstək olur anaya və övladına. Maraqlanmır ki, övladı nə yeyir, nə içir, nə geyinir, arada ata olmağı yadına düşəndə  övladı ilə görüş tələb edir,  gəzdirir, oynadır, anaya söz soxub gedir evinə, sevgilisinə, arvadına… Bununla atalıq olmur.
Aliment ödəmir, uşağının heç bir işindən xəbəri olmur. Sənədlərdə atanın adı və soyadı olmur. Ata yoxdur. Illər sonra üzə çıxır, yadına düşür ki, filan qadın var, ondan övladım var, gedim, görüm sağdılar. Bu zaman niyə axtarırlar? Ya xəstəlik tapırlar, ya işsiz qalırlar, ya digər qadın tərəfindən aldadılıb atılırlar, kiməsə lazım olmurlar, yəni kimsə ona kim olduğunu göstərir,  həyat onlardan qisasını alır. Kişilər elə bilir ki, atdıqları,  maraqlanmadıqları,  sahib çıxmadıqları övladlarının,  qadınlarının göz yaşları, ahları,  əzabları onlardan yan keçəcək, unudulacaq. Gedəni və unudanı kimsə sevmir, sahib çıxmır, bağışlamır,  geri qəbul etmir. Ona görə kişilər,  o qadını, övladı birdəfəlik unudun, cəhənnəmə qədər gedin… Yolunuz açıq olsun.