Anamdan

Anam həmişə mənə deyərdi ki, bir qadının kişidən, digər adamlardan ən böyük asılılığı maddi cəhətdən olur. Bu zaman da asılılıq yükə, problemə çevrilir. Ona görə də təhsil, savad, ağıl və iş, pul qazanmaq qadın üçün daha önəmlidir. 20 yaşımdan bəri işləyirəm, maaş və əlaçı təqaüdümü qəpiyinə qədər anama verirdim. 20 yaşımdan bəri cəmi 2 ilimi çıxsaq, işləmişəm, öz pulumu qazanmışam, təlim, treninq, imtahanlardan keçib yeni iş, yeni bilik, təcrübə qazanmışam. Yəni özüm özümə sərmayə qoymuşam.
Mənə ailəm dağılanda tövsiyə etmişdilər ki, işdən çıx, evdə otur, bir uşaq da doğ, kişini də yüklə, canı çıxsın, etsin, problemlərin həll olunsun. Bu o deməkdir ki, hərəkətsiz ol, inkişaf etmə, irəli getmə, əksinə gerilə… Razı olmadım.
Anama həm təhsil, həm tövsiyə, həm sərbəstlik, məsuliyyətli olmağıma, dürüstlüyümə görə borcluyam, minnətdaram. Anam əslində sevgisini söz ilə göstərə bilməsə də, dost olurdu, dinləyirdi, tənqid edirdi, hətta döyürdü, xeyrimə görə, səhv etməklə nəticə çıxartmayım deyə. Qızımdan mən tərəf də, atası tərəf də çox razıdır. Gendən savayı 4 il tərbiyə vermişəm, indi oğluma eynilə yanaşıram. Genindəki neqativ nə varsa, üzə çıxmasın deyə tərbiyə edirəm. Tənbəl olmasın, məsuliyyətsiz olmasın, yalançı olmasın, mərd, dürüst, cəsarətli, ağıllı, savadlı, inadkar, iddialı olsun, ambisiya, prinsip, məqsədləri olsun. Bir onu bilirəm ki, qızımın atası qızıma 6 ildir ki, həm də anadır, oğluma isə 5 aydır ki, həm də atayam. İlahi ədalət tərəzisi düz çəkir…
Kiməsə pislik etməmişəm, diləməmişəm, sözümü deyib uzaqlaşmışam, ağlayıb içimə atıb əzab çəkmişəm. Hər iki halda, Allaha tapşırmışam. Həmişə də mənə pislik edən, incidən, ağladan, haqsız davranan adamĺar cəzasını çəkəndə kənardan baxmışam.
Oğlum da qızım kimi səhvini anlayan, üzr istəməyi bacaran, insanlarla oynamayan, sevgi dolu biri olacaq.
Atasını soruşsa, bir cavabım olacaq: Sənin atan mənəm!