Atalar günü

Hər il iyunun üçüncü həftəsinin bazar günü atalar günü imiş.

Atam qızıl insan olduğu üçün çox istəyirdim ki, övladlarımın da atası atam kimi olsun.

Di gəl ki, axtara-axtara elə adamları tapdım ki, özüm öz üzümə seçimimə görə tüpürməyim gəlir. Bir övladımın atası övladını anasız qoyur, digəri isə övladımı atasız qoyur.

Hər iki seçimimdə ailə və münasibətlərdə kişi, ata özüm olmuşam. Ona görə də övladlarıma bir üzr borcum var, seçimimə görə. Ata və ananı seçmirlər, onu təbiət və həyat verir. Əslində, ana və ata övlad doğulmamış bir- birini seçirlər. Kimisi analıqdan geri qalır, kimisi atalıqdan. Natamam insanların da valideynlik rolu natamam və qeyri- peşəkarlıqla oynanılır. Bu isə sağlam olmayan övlad və gələcək deməkdir.

Məncə, hər bir insan valideyn olması üçün müəyyən zəruri şərt və tələblərə uyğun gəldikdən sonra bu hüququ əldə etməlidir.

Atam babadır. Atam atamdır. Övladlarımın sevdiyi insandır.

Bir onu bilirəm ki, qadın daha mükəmməl ana və ata ola bilir. Qadın hər mənada mükəmməl, ağıllı, güclü və üstündür.

Qadınlar oğul doğduqda, onu insan və gələcək nəvələrinizin atası kimi böyüdün. Nəvənizin xətrinə onu sevin, anlayın, onun dostu olun, dəstəkləyin, azad və hüzurlu edin, sağlam böyüdün, xoşbəxtliyin qucağına atın.

Qadınlar övladlarınızı qısqanmayın. Övladlarınızdan imtina etməyin. Övladlarınızı qoruyun. Övladınızla fəxr edin. Övladınıza nə versəniz, o da onu başqalarına verəcək.

Bu gün atalar günüdür axı…

Başda mənim kimi tənha ana, qadın atalar olmaqla, bütün ata adına layiq olan ataları və tənha anaları təbrik edirəm.