Indiki valideynlər

İndiki valideynlər çox tənbəldir. Halbuki evdə işin çoxunu görəcək məişət texnikası var. Biz uşaq olanda valideynlərim işləyirdilər. Evdə ancaq yarıavtomat paltaryuyan maşın, qaz sobası vardı. Qalan hər işi anam işdən gəlib edərdi. Atam da ya anama kömək edərdi, ya bizimlə vaxt keçirərdi. İşdəki iş, evdəki iş, evdə iki uşaq, bununla belə bizə rəsmi, şahmatı, oriqamini, kitaba sevgini öyrətdilər. Atamla krossvord, skandvord doldurmağı, qardaşımla şahmat oynamağı, kubik rubiki yığmağı, anamla tikiş və toxuma işiylə məşğul olmağı sevərdim. Bizim evdə valideynlərin əlində ya kitab olardı, ya teatrlara bilet, hələ hər həftəsonu gəzməyə gedərdik. Nəzərə alsaq ki, biz yarım gün uşaq bağçasına, orta məktəbə gedirdik, orda da nəsə öyrənirdik. Məncə, əsl uşaqlıq illərini biz yaşamışıq. Bizim yaradıcı və məntiqi zəkamızı valideynlərimiz kəşf etdirirdilər, asudə vaxtımızı doldururdular. İndiki valideynlər uşaqları ilə belə məşğul olmur,onun zəkasını, yaradıcı təfəkkürünü inkişaf etdirmir. Ya telefonu, ya planşeti verir əlinə, ya televizoru qoşur, uşaqla vaxt keçirmir.Uşaqlar yaşından asılı olmayaraq nə öyrədirsənsə, tez öyrənirlər. Dünən Onurla bir saat öyrədici kartlarla, bir saat oriqami, bir saat plastilin ilə oynadım. Həm özüm öyrəndim, əyləndim, həm də ki, oğlum. Sonra gec olacaq. Övladımız ilə birgə vaxt niyə keçirtmədiyimizin peşmançılığını yaşayacağıq.