Ehtiyac (hekayə)

— Salam.

— Salam.

— Bu yer boşdur?

— Bəli.

— Sizi narahat etməyəcəyəmsə, əyləşə bilərəm?

— Əlbəttə ki. Buyurun.

— Bəzən məni tanımayan, bəlkə tanıyan, amma bundan xəbərsiz olduğum biri ilə danışmaq ehtiyacım yaranır.

— Təbiidir. Bu ehtiyac hər kəsdə ol bilər.

— İnsanlar məndə hər zaman təəccüb hissi doğurur.

— Niyə?

— Ehtiyacları başqa canlılardan daha çoxdur. Tələbatları da artıqdır. Tələbləri də yüksəkdir. Bircə təklif etməkdə, bir də qiymət qoymaqda hər zaman yanılar insanlar? Sizcə, bu şüurlu davranışdır?

— Məndən hansı cavabı eşitmək istəyirsiniz? Əgər burada əyləşmisinizsə, sizə hər zaman verilən cavablar sizi qane etmədiyindən ola bilər.

— Bəlkə də. Haqlı ola bilərsiniz. Hətta deyərdim ki, haqlısınız. Hər kəsin cavabı eyni olur. Bildiyim cavab. Bilmədiyim cavabları eşitmək istəyirəm.

— Məsələn? Bəlkə artıq mənə verəcəyiniz suallar da hazırdı?

— Siz kimsiniz?

— Bir insan. Tanış olmadığımız üçün yaxınlaşmadınızmı? Gəlin, elə tanış olmadan danışaq, suallarınıza cavab axtaraq. Razısınız?

— Çox ağıllısınız. Xoşuma gəldiniz.

— Ağıllı? Yox. Müdrikəm. Ağıllı olsaydım, indi müdrik olmazdım.

— Bəzən özümə o qədər irad tuturam, özümü günahkar bilirəm, ittiham edirəm, tənqid edirəm, özümə qarşı tələbkar oluram ki, hayqırıram güzgüdəki mənə: Düş artıq yaxamdan!


— Məhz buna görə bura gəlmisiniz? Mənim masamı seçmisiniz?


— Onu siz mənə deyin. Məni bura gətirən hansı səbəbdir? Bəlkə də səbəb yox, bəhanədir?!

— Sizcə, hansıdır? Səbəb, ya bəhanə?

— Bilsəm, sizə ehtiyacım olmazdı.

— Bəlkə bilirsiniz. Mənə ehtiyacınız da yoxdur. Sadəcə özünüzü haqlı çıxartmaq, yaxanıza yapışmamaq, yaxanızdan düşmək üçün səbəbi, bəhanəri məndən eşitmək istəyirsiniz. Sizi dinləyənlər, ya sizi haqlı çıxardıb, ya haqsız. Ya tənqid edib, ya tərif. Kimsə, sizi susaraq, sözlərinizi bölməyərək, səbrlə sona qədər dinləməyib.