Fikir dumanı

Təcrübə göstərir ki, kiməsə nəyisə qadağan edirlərsə, demək ki, qorxu var. Həmin insanı idarə edə bilməməsi, onu nəzarətindən çıxartması, onun öz fikrini formalaşdırması, bilik və təcrübə qazanma yolu ilə cahillikdən uzaqlaşması, müdrik olması qorxusu. Qorxudan olan sevgi, hörmət, idarəetməyə boyun əymə müvəqqətidir. Bu qorxunu yaradan subyekt yox olan kimi qadağa obyekti insan üçün əlçatan olur.

«Morelin ixtirası»ndan sonra «Tanrıların istehzası»na keçmişəm.

Nədənsə son zamanlar fransız və yapon ədəbiyyatından sonra Latın amerikası ölkələri/ispan/portuqal və Skandinaviya ölkələri ədəbiyyatına xüsusi sevgi və rəğbətim yaranmışdır.

Novella və hekayələr məni daha çox cəlb edir. Azərbaycanda bir çox yazıçı və şairlərin problemi beynini sağlam qidalandırmaması, mütaliə etməməsidir. Qruplaşma var, bir-birilərini oxuyurlar, tərifləyirlər, şəxsi keyfiyyətləri plintusdan aşağı olur, öz üzərində işləmirlər, inkişaf etmirlər. Yazdıqları yorur, düşündürmür, dayazdır. İstisnalar var. O istisnalara daxil olanların kitablarını alıram, oxuyuram.

Dilənçilər də çox strateji düşünürlər. Ya dövlət qurumlarına, ya banklara, ya da bankomatlara çox yaxın yerdə pul dilənirlər🙄 Pulu hardan çıxarda biləcəyini bilən dilənçilər ac, küçədə qalmazlar.

Hazırda dünyada gedən proseslərin adı qloballaşma yox, ekspansiyadır.

Təcrübə və tarix sübut edir ki, cəmiyyət rasional düşüncəli vətəndaşlardan ibarətdirsə, onlar müharibədən, iqtisadi böhrandan nəticə çıxarır və dayanıqlı iqtisadi və maliyyə strategiyasını, neytral mövqeyini sərgiləyir. Bu cür ölkələr dünyada iqtisadi və maliyyə uğurlarına, iqtisadi və sosial innovativ islahatlarına görə qabaqcıl ölkələrdir. Bu ölkələrə Finlyandiyanı, Yaponiyanı, Almaniyanı, Avstriyanı aid etmək olar. Bu ölkələrə kütləvi miqrasiya axınları olsa da, cəmiyyət önə doğru inkişaf edir.
Məhz bu səbəbdən inkişaf naminə fərdi və ümumi təfəkkür dəyişilməlidir.