Ən xoşbəxt olanı

Əminəm, bir az da vaxt keçsin, adını da, simanı da unudacağam. Görsəm, tanımayacağam. Məndən səni soruşsalar, kim olduğundan xəbərsiz olacağam.
Əminəm, bir az da vaxt keçsin, özümü, övladlarımı o qədər sevəcəyəm, sənin neqativ cəhətlərdən bol olan xarakter, kimliyini niyə sevdiyimi yada sala bilməyəcəm, anidən gələcək xatirələrə yad olacağam, səni keçmişdə sevdiyimə görə sadəcə güləcəyəm, səhvimsən, zövqsüz dövrümdə önümə çıxmısan axı.
Əminəm, bir az da zaman keçsin, övladlarımda daha çox özümü görəcəyəm. Onlar məni bu həyata elə bağlayacaq ki, başqa kimisə sevmək, axtarmaq, birgə yaşamaü istəyi heç olmayacaq.
Güzəştə getmək, bağışlamaq limiti dolan güclü və ağıllı qadınların susmağından bilinir ki, geriyə dönüş bileti satışdan çıxarılıb, evin açarı dəyişdirilib, evin içində yaşayanlar dəyişib. Səni daha sevmirlər, sənə ehtiyac duymurlar.
Ağlamadan susaraq gözlərinə baxıb yanından susaraq da ötmək, bu da belə getdi məzarlığa, adsız məzarlığa.
Adsız məzarlıq demişkən, yeri dolur o məzarlığın, bəlkə elə bir tərəfdə krimatoriyamız olsun, beynimizin, ürəyimizin bir küncündə, bizi yandıranları orada yandıraq, külünü də uzağa üfürək ki, külək geri gətirməsin.
Karyera qururam. Vaxtım özümə, övladəma, işimə, istirahətimə ayrılır. Sənə deyil. Bundan xoşbəxt nə ola bilər ki?
Bəlkə ən xoşbəxt olanı bir vaxt çox sevib illər ərzində sevdiyin, bağışladığın, güzəştə getdiyin insanı unutmaqdır, sevməməkdir.
Səhv edirəm. Səhv edirəm ki, düz olanı öyrənim. Müdrikləşim. Nə edim?! Mən də belə axmağam!