Mənim baxışımda onlar


Bu səhifəmdə həftədə bir dəfə bir dostumdan (sabiq və cari) bəhs edəcəyəm.

Adsız dostlarıma (həyat hekayəm)

Həyatımda gəlib keçən, qalan və qalmayan dostlarıma ithaf edirəm…

Ən səmimi etirafımı edirəm…

Uşaqlığımda mənim də dostlarım az idi. Qonaq getməyimiz ildə bir dəfə olardı. Gələn qonaqların uşaqları ilə, qohumların övladları ilə də dostluq etməzdik.

Qonşularımızın kimliyini nəzərə alsaq, anam bizi onlardan qorumaq üçün onlardan uzaq tutardı. Ata evimiz həyət evi idi. Evdə oynayardıq. Bircə dostum vardı. O da qardaşım. Yaşca böyük olduğundan hər zaman haqlı çıxardı, daha çox güzəştə gedilərdi ona, o danlanmazdı, mən danlanardım. Oyuncaqlarımız ayrı idi. Öz dünyam var idi.

Anam yarım gün işlədiyindən, atam gözümü açandan dövlət qulluqçu, məmur olduğundan uşaq bağçasına gedərdik yarım günü. Orada belə ünsiyyətcil olmazdım. Orada belə dostlarım olmazdı. Şəhərin mərkəzində rus dilli bağça idi, üzü bulvara baxırdı, Kukla teatrı ilə üzbəüz Cücələrim uşaq bağçası. Hamının dostu var idi, gəzməyə çıxanda hər kəsin əlindən dostu tutardı, mənim əlimdən kimsə tutmazdı. Çünki dostum yox idi. Çox kövrək idim, içimə salırdım, uşaq vaxtlarından şeir yazmağa başlayanda, bəlkə ona görə tez böyüyüb şeirlərimi dərin və mənalı edər, fəlsəfi bir alt məna qoyardım.

Dostumun olacağına ümid edərdim. Evdən bayıra ancaq uşaq bağçasına, ailəmlə gəzməyə gedərdik. O da valideynlərimiz yanımızda idi. Uşaq təkcə məndən 1 yaş 7 ay böyük olan qardaşım idi. Onunla da küsüb barışar, dalaşıb dostlaşardıq. Oğlan uşaqlarının ən sevimli məşğuliyyəti bacılarını cırnatmaq, ağlatmaq, küsdürməkdir.

Yay tətilinə çıxanda, sevinərdim, çünki nənəmgilə gedərdik. Ən yaxın dostum o idi. Hər şeyimi bir ona, bir atama danışardım. Mənim dostlarım həmişə uşaqlar deyil, böyüklər olub, uşaq vaxtı uşaq kimi olmayıb, tez böyümüşəm deyə, bəlkə indi itirdiyim uşaqlığımı oyatmaq, uşaq olmaq istəyirəm. İçimdə boğduğum uşaq azadlığa can atır. Bəlkə də…

Nənəmgilə gedəndə orada qonşuluqda uşaqlar olardı. Qohumlarımızın uşaqları olardı. Ümidim onlara idi. Bəlkə uşaq kimi olub, onlarla uşaq oyunlarını oynadım.

Uşaq vaxtı bənövşə oynayanda belə, heç kim məni özüylə aparmazdı. Gəzməyə və ya pıçıldaşmağa çıxanda da mən bir küncdə qalardım. Uşaq bağçasında da, orta məktəbdə də dövlət qulluqçusunun uşağı, məmur balası olduğumdan böyüklər tərəfindən xüsusi diqqət, qayğı görərdim. Qoruyurdular məni. Amma mənə uşaqlar lazım idi. Dostlar…

Bir ev heyvanımız da yox idi ki, dostum o olsun. Tək dostum qardaşım, atam idi. Böyüklər…

Bir az böyüdüm, orta məktəbə getməyə başladım. İbtidai sinifdə yenə sakit uşaq olduğumdan dostlarım olmayıb. Sonralar isə cəmi 2 nəfər dostum olub. Şəmsiyyə və Fidan. Orta məktəbdə daha çox oğlanlarla dostluq edərdim.

Orta məktəbimizi də seçmişdilər bizim üçün. Ərəb təmayüllü şəhərin mərkəzində yerləşən Hüseyn Cavid adına 132 saylı orta məktəb.

Uşaq vaxtından təhsil, biliyimizə sərmayə qoyulardı. Rus, ingilis, ərəb dilini bilərdik orta məktəbə gedəndə. Bircə dostum olmazdı.

Uşaq bağçası və orta məktəbdə oxuyanda valideynlərim bizi aparıb gətirərdi. Yəni dost tapıb onlarla evə qayıtmaq, gəzmək şansım az idi. Son siniflərdə oxuyanda, qardaşımla gedib gəlməyə başlamışdım. Buna da şükür edirdim.

Hə, qayıdaq orta məktəbə. Orada da təhsil alardım. Hamının öz dostları var idi, qruplaşmalar var idi. Yenə mən tək idim. Dostsuz. Dostlarım başqa siniflərdən olardı, çox zaman da ya yaşca böyük olardı, ya da kiçik. Şəmsiyyə ilə düz 8 il dostluq etdik, məktəbi bitirdim, sonra onu təsadüfən kursa gedəndə gördüm, görüşdük bir neçə dəfə, üstündən 10 il keçəndən sonra, yenə itdi. Fidan isə ərə gedib köçüb xaricə. Uşaqlıq dostlarımdan bircə Oqtay qalıb, bir də Orxan, bir də orta məktəbdə it-pişik kimi olduğum, yola getmədiyim və indi dostlaşdığım Tərlan.

Orta məktəbdə də oxuyanda yazardım. Yenə sərbəst vəzn, esselər. Yenə anlamazdılar məni. Yenə dəli sayardılar. Təklənərdim. Çox saf idim, böyüsəm də.

Qəlbim o qədər təmiz idi, o qədər saf idim ki, hamını sevərdim. Hər kəsi özümə dost bilərdim, amma cavabsız. Nəyim cavablı oldu ki, sevgim cavabsız, dostluq cavabsız.

Orta məktəbdə aktiv olmağa başladım, böyüdükcə, ictimai sosial fəal həyata qatıldım, seçildim, əlaçı idim. Müəllimlərin sevimlisi idim. Ailəmin fəxri idim, olimpiadalarda hər zaman ilk üçlükdə idim. Bilik, savad var idi. Kitaba və mütaliəyə sevgi var idi, dostdan savayı.

İnsanları tanıdıqca, anladım ki, ən yaxın dostum elə ailəm, oxuduğum kitablardır.

Öz savadım və zəhmətimlə ali məktəbə dövlət hesabına təhsilə daxil oldum, istədiyim ixtisas üzrə iqtisadçı oldum. Amma yenə dostum yox idi. İqtisad universitetində qızlar az idi. Sonra anladım ki, qız dostundansa, oğlanlar daha yaxşıdır dostluğa. İlk dostum Ağdamlı Tural Talıbov oldu, sonra Ağdamlı Rövşən Zülfüqarov, sonra Qərbi Azərbaycanlı Vüsal Əliyarov, rəfiqəm Könül Xubyarova, Fidan Əhmədova, Kənan İbrahimov, Leyla Müzəffərova (onunla bacı idik), Anar Hacızadə, Xəyalə Quliyeva, Şəfa, Hikmət Hüseynov, Vüsalə Mirzəyevə, Afət Ələkbərova, Mehparə, Xeyransa, Cahangir Kərimov, Fərid Cəfərov. Onlardan Vüsalə, Leyla, Şəfa, Fərid, Cahangir, Hikmət ilə hələ də ünsiyyətim var. Oğlan dostlarımın çoxusu Ağdamlı idi. İndiyədək onlarla dostluğum davam edir. Çünki dostluqda mərddirlər.

Dövlət işində işləyəndə dost deyənlər çox idi. Çünki yaxşı yerdə işləyirdim. İşləməyimə baxmayaraq, ali təhsilli olmağıma baxmayaraq yenə saf və qəlbi təmiz idim. Hamını özüm kimi bilirdim. Anamla dalaşardım ki, onlar mənim bacım, qardaşlarımdır. Sonra birisindən bir zərbə gələndə, evə gəlib saatlarla ağlayardım. Bir bicliyi öyrənmişdim. İşdə dost yoxdur. İşdə kiminləsə dostluq etmək olmaz. İşdəkilər iş yoldaşıdır.

Daha sonraərə getdim. Bir çox dostlarım üz döndərdi məndən, toyuma belə gəlmədi. Xeyli dostumu o zaman sildim. Xeyli dostumu da Bakıya qayıdanda, bir xeylisini ərimdən boşananda sildim. Ələdikcə, ələndilər. Hər dəfə azaldı dostlarım. Bir az dəyişdim. Hər adamı dost bilmədim. Seçdim. Şərtlər qoydum. Müşahidə etdim. Dəyişdiyimi və düzgün seçim etdiyimi düşündüm. Amma çi fayda…

Yenə yanıldım. Düzdü indi ətrafımda 20 nəfər hələ ki, layiq bildiyim və dəyər verdiyim dostlarım var. Amma zamanla bəlkə daha xırda ələkdən keçirtsəm, onlar da ələkdə ilişib qalacaqlar.

Ətrafımda olanlar sadəcə istifadə edirdilər, verirdim, vermirdilər, sevirdim sevmirdilər, dost bilirdim, dost bilmirdilər. Qarşılıqsız heç nəyi sevmirəm. Çünki kiməsə özümü borclu hesab etmirəm.

Kimisi vəzifəmdən, işimdən, kimisi sosial statusumdan, ictimai fəaliyyətimə görə, mediaya çıxışıma görə, kimisi ətrafımda olan nüfuzlu insanlara görə, kimisi pula görə, kimisi kişilərdən bir zaman yatağa salaram fikrinə görə, kimisi bir zaman bir işimə yarayar deyə, kimisi dara düşsəm, neqativi töküb ağlamağa adamı olsun deyə, problemlərini həll etsin deyə, kimisi hər yerdə tanışım var, ətrafım genişdir deyə,

Mənim üçün: Dostluq, sevgi pul kimidir, xırdalamayasan. Xırdaladınsa, xərclənir, xərclədikcə, görürsən ki, bir gün bitib, 0-dasan.

Nə qədər vermək olar? Nə qədər göz yummaq, susmaq olar, nə qədər insandan istifadə etməyə çalışmaq olar? Safam, qəlbim təmizdi, niyyətim xoşdur deyə, gərək hər işinizə yarayım?! Yetər artıq. Dayanın. Sizə artıq bir cavabım var: “Yox”

İndiki zamanda “Nə yaxşı ki, sən varsan” deyə biləcəyin 10 nəfər səmimi, cəsarətli, təbii, mərd dostun varsa, bəxtəvərsən.

Dostlarım hələ ki, onlardır: Günəş Dünya, Ruslan Nadir, İlqar Atabəyli, Hikmət Hüseynov, Zema Kazımova, Tamilla Qulami, Elşad Məmmədli, Könül Məmmədova, Səmayə Vaqif, Çinarə Ömray və Çinarə Behbud, Elvin Camalov, Zaur Abbas, İbrahim Türksoy, Atilla Kəskinqılınc, Azər Qismət, Vasif Ayan, Seymur Abbas, Cəmaləddin Quliyev, Rövşən Zülfüqarov, Emin Mamıoğlu, Emin Piri, Oqtay Nəsirov, Vüsal Əliyarov, Vüsalə Mirzəyeva, Leyla Müzəffərova, Səmayə Bayramova, Məsud Ağa, Nofəl Ümid, Rəşad Şahbazov. Yenə Ağdamlılar öndədir: Zaur Abbas, İlqar Atabəyli, Rövşən Zülfüqarov, Emin Mamıoğlu.

Bir də dostlarım yazılarımdır. Oxuduğum kitablar, yazılarım.

Bir zaman qarışqanı tapdalamayan, qanını içən ağcaqanadı, sükunətini pozan milçəyi, iyrəndiyi siçanı öldürməyən bir insan idim, insanlar məni kimə çevirdi?!

Bir kiçicik məsləhətim var: Bir zaman -ali məktəbdə oxuyanda dostluq müqaviləsi hazırlamışdım. O müqaviləni hazırlayın. Dost olacağınız şəxslə imzalayın, razılaşdırın. Müqavilə şərtləri pozularsa, tədbirlər görün, bəlkə dostlarınızın məsuliyyəti artar, dostluğun nə olduğunu anlayarlar.

Nə yaxşı ki, sən varsan…

Dəlilik edə biləcəyin,

susacağın, səhəri gəzərək diri gözlə açıb,

günəşi izləyəcəyin,

gecənin sükutundan həzz alıb,

qaranlıq şəhərin yolladığı gizli ismarıcı oxuya biləcəyin,

qaranlıq və işığı yanan binalara baxacağın,

gecənin zülmətində gəzinən insanları seyr edəcəyin,

yuxulu olduğun halda,

yuxunu qovacağını söz verən,

fiziki deyil, ruh və mənəvi, psixoloji anlayış,

toxunuşu ilə səni qəbul edəcəyin dost

hər kəsin arzusudur.

Belə insanlara nə demək olar axı?

“Nə yaxşı ki, sən varsan, dostum…”

Dostum var (Vüsal Əliyarov haqqında)

Bir dostum var… 15 ildir dostluq edirik… Təsadüflərə inanmıram, təsadüflər zəruriyyətdən doğur…

O, bizdə ADİU-da maliyyə -kredit fakültəsində oxuyurdu, iki kurs məndən böyük idi… Onunla tələbə elmi cəmiyyətinin iclasında tanış olub, dostlaşmışdıq. Çox savadlı, sağlam düşüncəli, maraqlı insandır…

O, xətrimi çox istəyir, hər zaman yaradıcılığımı, ictimai fəaliyyətimi izləyir, nəzərində saxlayır, ailəvi dostuq… Məni və ailəmi yaxından tanıyır, doğru çıxan proqnoz və məsləhətləri ilə hər zaman yanımdadır, ona etibar edə bilirəm… Onunla istənilən mövzuda müzakirə və mübahisə edə bilirik… Həmişə deyir ki, mənimlə dostluq etməyi ilə fəxr edir, mənimlə qürur duyur, qarşılıqlıdır dostum…

Həyat elə gətirdi ki, onunla tədris növbəmiz fərqləndi, o birinci növbədə oxuyanda, mən ikinci növbədə oxuyurdum, rastlaşmırdıq, görüş və ünsiyyətimiz az olurdu, buna baxmayaraq, o hər zaman mənə vaxt tapıb, məni dinləyirdi…

Sonra o universiteti bitirdi, mən o bitirən ili magistraturaya daxil oldum, iki ilə yaxın müddəti bir-birimizi az-az görürdük… Sonra aspiranturaya sənəd verdim, sənəd verən kimi onu gördüm, ikimiz də aspiranturaya qəbul imtahanlarını verdik, daxil olduq aspiranturaya, sonra adı dəyişdi, oldu doktorantura və tələbə yoldaşı olduq, iki il birlikdə oxuduq, dərslərə gedirdik, minimumları verdik…

Sonra mən ərə getdim və ölkədən getdim, iki ildən çox yoxa çıxdım. O, sosial şəbəkələrdə olmadığından, mobil telefonunda sosial ünsiyyət proqramları olmadığından əlaqəmiz kəsilmişdi…

2012-ci ildə Bakıya qayıtdım… 2013-cü ildə kommersiya bankına işə düzəldim, o, həmin bankda filialda işləyirdi, mən baş idarədə arxa ofisdə… Beləliklə, yenə də iş yerində təsadüfən görüşdük… Əlaqə və ünsiyyətimiz bərpa edildi… Sonra mən oradan işdən çıxdım, keçdim başqa yerə işə… Bir daha əlaqəmiz kəsildi… Təsadüüfən bir yerə işlə bağlı əməkdaşlıq üçün gedəndə, onun da o kolletivdə olduğunu öyrəndim, orada yenə də üz-üzə gəldik, o gündən əlaqəmiz kəsilmir… Çünki bu qədər təsadüflər təsadüfən olmur, deməli elə dostum hökmən həyatımda olmalıdır.

O, həm yaxın dostumdu, həm də oxucumdur, hər zaman öz fikirlərini qorxmadan söyləyir, tənqid edir, ağ-yuyub qara sərir məni, nəsə xoşuna gəlməyəndə… Çox sağ ol, əziz dostum, həyatımda varsan… Dostumsan… Sən bütün digər insanlara dostluqda nümunə olacaq insansan…

Hər kəsə belə ağıllı, işgüzar, mədəni, yerini bilən, mərd, diqqətli, savadlı dost arzu edirəm…

Məni kəşf edən dostum (Nofəl Ümid haqqında)

Onu bir ildən çoxdur tanıyıram.

İlk real görüşümüz ötən ilin aprel ayında Ruslan Nadirin sayəsində getdiyimiz Qarabağa yürüş sayəsində baş tutdu. İnsan yol yoldaşı olmazsa, insanı qısa müddət ərzində çətin ki, tanıya bilər. Onunla ortaq və çox dəyərli dostlarımız var Çinarə Ömray, Ruslan Nadir, Şahanə Müşfiq, Günay Həsənli, Arzu Murad, Manaf Qacar və başqaları. Ruslan Nadirin sayəsində bir çox qismini tanımışam. Özü dəyər və dəyərli olduğu üçün ətrafında olan dostları da ona uyğundur, çünki düzgün seçim etməyi bacarır, ağılla hərəkət edir.
Nofəli daha sonra kitab təqdimatlarında gördüm, sadə, utancaq, mədəni, tərbiyəli, etibarlı. Ədəbi mühitdə belə bir insanı tanımaq sanki bahalı bir təbii ehtiyat mənbəyini tapmaq kimidir. Uzun müddət ərzində çox az danışırdıq. Kənardan müşahidə edirdim. O isə şəklimi çəkirdi. Şəkillərdə məni kəşf edirdi, ruhuma, mənəvi dünyama, sirrlərimə daxil olub onu sanki şəkildə canlandırırdı. Hər kadrında, çəkdiyi hər şəkildə əsl Güneli tuturdu. Bu yaxınlarda və hər dəfə şəkillərimi göndərəndə, çəkəndə deyirdim ki, «gülümsəyim çək», deyirdi ki, «nə olsun ki, baxışların kədərlidir, istəyirəm ki, gözlərin gülsün, için gülsün, o zaman kadrı tutub şəklini çəkim.». Bu yaxınlarda daha da yaxın dost olmağa başladım. Ələkdən keçirdiklərimdən sonra ələyimə salmadıqlarımdandır Nofəl, çünki buna ehtiyac duymurdum, duymuram.
O qədər sakit, rahat və diqqətli insandır ki, sadəcə gözlərinlə gülümsəyib, varlığına və dostluğumuz üçün təşəkkür etmək istəyirəm ona.
Şəhərdə dost kimi görüşüb danışanda (ən uzun ünsiyyətimiz oldu, rekord idi, dözdü, dinlədi), anladım ki, çox azsaylı insanlardandır ki, az danışıb, çox dinləyir. Az gülümsəyir, amma içində hər kəsə görə sevinir, kədərlənir. İşdən yorğun gəlmişdim, o da işdən çıxmışdı, görüşüb şəhərə gəzməyə çıxanda, üzüm gülən kimi, yəni parkdakı fontan ətrafında uşağı görən kimi sevindiyimi sezdi, şəklimi çəkməyə başladı. Danladı ki, «İndi üzün gülür, qoy şəklini çəkim. İstəmirəm demə, sonra peşman olacaqsan. Sənə bu anından şəkillər qalacaq yadigar.» Bu sözləri ilə məni xodladı sanki. Başlandı fotosessiyamız. Bəlkə də onu peşman etdim. Amma bu yaxınlarda Ruslana yazanda ki, Nofəllə yaxın dost olmuşuq, təriflədi və zarafatla dedi ki, «Günel, Nofəl canlara dəyən oğlandı, dostdur, ürəkdir, onun xətrinə dəymə, onu korlama».
Nofəl, nə yaxşı ki, sən varsan, dostum!
Hə bir də ki, Nofəl doğurdan ümiddir, pozitiv ümid. Özü şəkil çəksə də, şəkil çəkdirməyi sevmir, ən çox sevmədiyi iş isə şəkillərdə gülümsəməmək və kadrları korlamaqdır.

Adsız adama yazdığım məktub (Ramal Bəşirov haqqında)

Bilirsən, oxucum, necə çətindir, məktub yazmaq?!

Hələ məktub ünvansız, sahibsiz, adsız olanda daha çətindir…

Çünki söz tapmaq işi çətinləşdirir…

Söz elədir ki, tərif də ola bilər, tənqid də… Sevgi yarada da bilər, nifrət də oyadar…

Yazıram sənə adsız, ünvansız birisinə:

Salam, adsız ünvan sahibi…

Yazımın çıxmağını gözləyirsən, bilirəm, oxumaq üçün səbrsizlənirsən…

Mənsə, səbrliyəm… Tələsmirəm, məktubumu yazmağa… Nə bilim, necə anlayacaqsan hər kəliməmi…

Sözləri də elə seçim gərək, nə tərif olsun, süni görünsün gözlərinə, nə tənqid olub, xətrinə, qüruruna dəysin…

Hər kəsə maraqlıdır, kənardan necə birisi olduğunu bilmək, özünə sanki kiminsə gözüylə baxmaq… Özünü dərk etməyə, səhvlərini görməyə, özünütənqidə yardım edir özünü başqalarının gözüylə görmək cəhəti, gördükdən sonra dərk etmək, təhlil etmək, nəticə çıxardaraq tədbirlər görmək…

Nəticələr səbəbsiz olmaz, nəticəsiz qalmaz səbəblər…

Ey insan, necə görürəm səni, kənardan sənin gözlərinlə sənə baxanda?!

Mən yazım, sənsə oxu…

Hazırsansa, başlayım yazmağa:

Sakit, biganə görsənməyə çalışırsan, amma narahatsan, içində çoxlu nigarançılıqlar, nəticələrə görə səbəbləri axtarıb tapmaq niyyəti var. Götür-qoy edirsən, çox düşünürsən, üzülürsən, bəzən də üzürsən başqalarını. ..
Özünə əminsən, əslində ziddiyyət var, zəifliklərini gizlətməyə çalışırsan. Zəifliklərini görməzdən gəlirsən ki, sənə mane olmasınlar, səni ruhdan salmasınlar…
Bəzən susursan, müşahidə edirsən, tanımaq üçün başqalarını… Amma özünü tam tanıya bilmirsən hələ. ..
Zamanın bəzən az gəlir sənə, bəzən isə çox. Az olanda çatdıra bilmirsən deyə, çox olanda doldura bilmirsən deyə. Zamanını hobbi və seçimlərində, əyləncələrlə doldurmağa, yaşamağa çalışırsan ki, unudasan o anda unutmaq istədiklərini…
Dostun azdır əslində, kənardan bunun tam əksi görsənsə də, onlar sadəcə tanışlarındı.
Sevmək istəyirsən ki, seviləsən, tənhalığından qurtulmaq üçün.
Başqaları daha çox danışsın, sən dinləyəsən, bəlkə ortaq nəsə tapdın, bəlkə cavab tapdın suallarına, bəlkə yeni sualların yarandı, kim bilir əsl niyyətin nədir, susub dinləməyində? Bəlkə susmayasan, bölüşəsən kiminləsə.
Sözlərin dəyəri qalmayıb eşitdiyin yalanların, insanları tanımağının sayəsində, sadəcə yola verirsən onları. Ya da susaraq silirsən.

Bəyaz geyimli qadın… (Günəş Dünyam üçün)

Bu yazını yaxın rəfiqəm və böyük bacım Günəş Dünyaya  ithaf edirəm.

Yazının yaranmasına görə Günəş Dünyaya, Sadiq Elyerə təşəkkür edirəm.

IMG-20170806-WA0003

Giriş sözü…

Onunla oxşar cəhətlərimiz çoxdur. Baxışlarımız, fikirlərimiz, təhlilimiz, müşahidələrimiz, gəldiyimiz nəticələrimiz, seçimlərimiz, insanlara münasibətimiz, təbiətimiz, hətta xarakterimiz, həyatımız çox oxşardır. Aramızda yaş fərqi olsa da, əminəm ki, o, mənə baxanda özünü o yaşdakı dövrünü, həyatını görür.

Oxşar bir cəhətimiz də vardır. Günəş kimi işıq saçırıq ətrafımıza, üzümüz gülür, insanları sevirik, amma baxışlarımız çox kədərlidir, bizi istəyənlər çoxdur, anlayanlar azdır. Bizi olduğumuz kimi qəbul etmirlər, edə bilmirlər.

Onunla çox işi görməyi sevirəm, o nə təklif edirsə, uyğun zaman və məkan seçib, həyata keçirdirik. İlqar Atabəyli demişkən “O, elə bir ekzemplyar, nadir tapıntı insandır ki, onu itirmək həqiqi itkidir, onu itirmək olmaz, onun kimi insanlar çox azdır və mənlə oxşar cəhəti çoxdur. Onu məyus etməməliyəm.”

Dünən onunla gecəni qarşılayanda yemək yeyərkən demişdim:

  • Mənim üçün 3 kateqoriya insanlar var: Birincisi, mənim üçün heç kimdirlər, ötəri və sıravidirlər, əhəmiyyət kəsb etmirlər, itki deyillər. İkincisi, müəyyən əhəmiyyətləri olsa da, getdikləri zaman heç nə etmərəm, məyus olmaram, itki hesab etmərəm. Üçüncüsü, çox önəmlidirlər, getməsini və onu itirməyi istəmirəm, itirə bilmərəm, itirmərəm. Bax, o üçüncü qrupda sən varsan.

Bu sözlər sıravi bir söz deyil. O qədər doğma və yaxın insandır ki, bu və ya digər vəziyyətdə yanımda olmasa belə nə edəcəyimi, deyəcəyimi bilir. İkimizin sevimli məşğuliyyəti var, insanları sınamaq, müşahidə etmək, təhlil etmək.

Bu yazının ideyası onunla keçirdiyimiz ikinci gecəni dənizdə olmaq və səhəri günəşin çıxmasını izləmək üçün dəniz kənarında açmaq və bu prosesi və təbiətin gözəlliyini izləmək zamanı yaranmışdı.

IMG-20170806-WA0004

Bəyaz geyimli qadın…

O, nə geyinir geyinsin, yaşı neçə olursa, olsun, həmişə gözəl və cəlbedici, seksualdır. Çünki təbii, səmimi, mehribandır. Müsbət enerji verir.

Onunla dəniz kənarında idik. Dənizin arxasında kiçicik bir Günəş doğmağa başlayırdı. Günəş doğduqca, Günəş dənizə doğru addımlayırdı. Qaranlıqda Günəşə doğru gedirdi. Dənizin sərin suyu, sakit dalğası, çılğın və ritmik səsi musiqi ritmlərinə bənzəyirdi. Sanki Günəş musiqi ritmləri ilə hərəkət edərək dənizdən doğurdu.

Bu mənzərəni seyr etdikcə, onun bəyaz donuna dəniz dəydikcə, qaranlığın içində bəyaz tərpəndikcə, anlayırdım ki, nə qədər qaranlıq olsa da, qaranlıq işığı uda bilməz. Nə qədər qara olsa da, orada bir bəyaz varsa, onu özündə qərq edə bilməz… Kölgə olsa da, bəyaz mütləq sezəcək, görsənəcək…

Bəyaz geyinmişdi Günəş. Ətrafı qaranlıq… Qırmızı, sarımtıl və uzaqdan doğan günəş. Gözəl mənzərədir. Arxadan çox yaxınlaşmamaq şərtilə bu mənzərəni izləyib onun rəsmini telefonumun fotoaparatı ilə çəkirəm. Bu mənzərədə iki Günəş doğurdu. Biri dənizin sonu  kimi görə bildiyimiz üfüqdə doğan günəş, bir də ki, dənizin başlanğıcı olan, sahilboyu özünü çırpan və qum dənələrini udan dənizə doğru addımlayan və dənizdə itməyə çalışan Günəş. Biri çıxdıqca, qalxdıqca, biri batırdı sanki…

Bəyaz geyimli qadın qara fonda bir ruha bənzəyir. Görsənən ruha… Kimə lazımdır, kim istəyirsə, onu görür. Kimə istəyirsə, görünür.

Hər canda, bədəndə bir ruh var bəyaz rəngdə… Əməllərimizlə rəngini dəyişirik bəzən ruhumuzun, kirlədirik saf dünyasını…

Ruhdan çox adam qorxar, hələ qaranlıqda. Hələ bu ruh susarsa, lap vahiməli mənzərə olar. Bir də arxaya dönüb üzünə gülümsəyərsə, insanı çaşdıran düşüncələrə dalmağa vadar edər. Məndən savayı… Üzdən düşünməyi bacarmıram axı. Qorxularımı dəf etmişəm. Azadam…

Bəyaz geyimli qadın. Saflığın rəmzi… Ruhu bakirə insan…

Gəlin köçərkən bəyaz geyinər qızlarımız. Düşünərlər ki, ağ günə çıxarlar…

Rəngin mənası var… Bəyaz rəng ağ gün, saflıq rəmzidir. Kiminsə üzünə gülür bəyaz gəlinliyi, kiminsə üzünə ağ çıxır.

Ağ tez götürər çirki, ləkəni, bəzən o ləkələr getmir, nə qədər yuyursan yu… Bax, o ləkələr ağ üzərində illərlə qalar, saralar, izi getməz, köhnəlsə də, özünü yada salar, nə də ki, o ləkənin tarixçəsi, o ləkəni salan insan unudular.

Bax, insanların bir insan haqqında dediyi bir yanlış söz, etdiyi bir yanlış hərəkət, baxdığı bir yanlış baxış bəyaz rəngli geyimə beləcə ləkə salar.

Bizim geyimimiz bizim bədənimizi örtür, üzdən baxanda, əslində ruhumuzu gizlədir kənar baxışlardan… Ruhumuzu gizlədirik ki, bəyaz olub olmadığını kimsə bilməsin…

Rəngli geyinməklə, auramıza, özümüzə rəng veririk, fərqli olduğumuzu göstəririk. Bir şeyi unuduruq. Təməl kimi təbiətin iki rəngi var… Ağ və qara…

Bəyaz geyimə atılan qara rəngli ləkə boz çaları yaradar, insan bozlaşar ləkə atana qarşı… Bəzən haqlı olaraq üzünə də bozarar…

Bəyaz rəngə qırmızı rəngini qatsan, utancaqlıq rəngi gələr, utanar, qan alar yanaqlarını, ürək döyüntülərinin sayı artar, ritmini itirər… Ya da qəzəblənər, yanaqları qızardar…

Bəyaz rəngə bir göy rəngi qatarsan, olar mavi rəngdə dəniz, göy, maviyə qırmızını qatsan, olar çəhrayı, indigo rəngi… İndigo seçilənlərin, yaradıcı, istedadlı insanların, bəyazların rəngidir. İndigo insanlar seçildiyindən, seçilən hər şey, hər kəsi çoxluq sevməz, sevə bilməz…

Bəyaz sıravi rəng olsa da qara kimi, hər rəngin içində bir bəyaz saflığı yaşadar. Pozanımız belə bəyazdır, pozduqca, özü sərf edilər, rəngi dəyişər. Amma bəyaz üzərində yazılanları, çəkilənləri, başqa rəngləri silər, özünə hopdurar… Düşünmüsünüzmü niyə, pozanlar bəyaz rəngdədir? Çünki nəyisə pozanda, yerindəki fon bəyaz olar çox zaman…

Bəyaz rəngi hər kəs sevməz. Hər kəsə yaraşmaz bəyaz dəri, bəyaz baxış, bəyaz geyim… Bəyaz saçlar belə hər kəsi sevindirməz… Rəng üstünə rəng qoyub bəyazı gizlətməyə çalışar insan…

Bəyaz sevgi, sevinc rəngidir… Bəzən rəngsizdir sanki, məsumdur, safdır göz yaşı kimi…

Bəyaz geyimli qadın cəlb edər diqqəti, ləkədən qorxmayan, cəsarətli addımdır. Qara rəngi seçənlərin məkanında, cəmiyyətində bəyaz rəngi seçənlər qaraların içində dərhal seçilər. Bir ağ nöqtə olar qaraların içində… Gözə dəyər, bəzən gözə gələr, bəzən gözə girdikcə, gözləri kor edər bəyazlığı… Gözləri götürməz onu… Gözləri ötürər bu nifrəti, təəccübü qəlblərinə, məkrli ağıllarına… Plan dalınca planlar cızarlar, ssenari arxasınca ssenari, rol oynayarlar bəyazın əleyhinə olan oyunda…

Qara rəng bəyazı qara rəngləmək istəyər, bacarmaz ancaq… Çünki bəyaz rəngi də güclüdür, öz rəngini qorumağa qadirdir.

Bəyaz geyimli qadın bəyazı seçdikcə, qoruyar bəyazını… Qaranlıqda seçilsə də, bilər seçildiyini, sonuna, nəticəsinə qatlaşar…

Bəyaz olmağı ilə bir ismarıc verər insanlara:

Bəyazdan qorxmayın, bəyazı sevin. Bəyaz işıqdır!

Bəyaz geyimli qadını hamı Günəş Dünya kimi tanıyar. Günəşdir, öz Dünyası var, Günəş boyda… Bəyaz, xoş, müsbət bir enerji verər… Günəş kimi işıq saçar ətrafına… İsidər ətrafındakıları… Sevər… Bəyaz rəngdədir sevginin özü… Sonra rəngini dəyişər zamanla insanların sayəsində…

Kimisini yandırar onun Günəşi, kimisi yanmaq istəyər… Yandırmaq istəməz kimisə, nə də yanmaq istəyər o…

Hər dəfə kimsə yananda, yanmış bir yemək, bir dəri iyi verər, ürək bulandırar yanandan sonra… Çox üzər insanı… Amma yanmaq istəyənlər yanar. Odla oynamazlar, hər kəs bilir bu qanunu… Oynayan yanmalıdır, oynayan yanarək anlamalıdır ki, bir daha oynamasın, dərs olsun ona…

Exif_JPEG_420

 

Bəyazı hər kəs sevməz… Cəsarətsizlik, qorxaqlıqdan… Ləkələrdən, başqa rənglərdən, qarışıqlıqlardan qorxarlar sanki… Bəyaza başqa rəngdə ləkə düşərsə, necə yuyacaqlarını, çıxış yollarını bilmədiklərindən, aciz, zəif olduqlarından qara rəngi seçər çoxları…

Dənizə baxaraq ruhən dənizdə batacaq dünyası, günəşi var… Batmaq istəyəndə, geri dönər, geriyə baxar… Sonra geri dönər ağ-qara olan insanların dünyasına…

Günəşin batması bir gözəllikdir, amma məyus edir. Bir ümid var, bir təsəlli var, səhər yenə çıxacaq deyə… Ay belə bəyazdır… Günəş olmasa da, Ay da bir dünyadır, bəyazı seçər, bəyazı car çəkər aləmə…

Qara əks cəbhədir, şərdi, udmaq istəyir az olan bəyazı, yaxşını, xeyiri…

Bəyaz güclüdür, mübarizdir, azaddır, təmbəl deyil, cəsarətlidir. Müharibə edib bəyazlığı ilə qara rəngə…

Son

Bəyazın izi var hər rəngdə, hər kəsdə… Hər kəsin içində bir bəyaz var…

İçindəki o bəyazı kəşf etmək zamanıdır, bəyazı seçmək zamanıdır.

Bəyaz rəng xeyirdir, qara rəng şərdir. Ağ bəyazı udmalıdır öz içində… Ağın sayı çox olmalıdır insanların arasında…

Unutmayın, insan rənglərdən ibarətdir. Hər rəngdə həm qara var, həm də bəyaz… Qara asan yoldu, asan seçimdir, bəyaz isə yox…

Nə qədər qatsan da başqa rənglərlə, bəyaz itməyəcək, bəyaz yaşayacaq…

 

Gülüşündə gizlənən və gülüşünü gizlədən adam – Azər Qismət

Təbəssüm hər kəsə yaraşır. Ələxsus da, bu təbəssüm təbii gülüşün övladıdırsa…

Çox adamın çox ciddi, qaraqabaq tanıdığı insanlara gülüş və təbəssüm elə yaraşır ki, bir bəhanə axtarırsan, onları güldürməyə… Gülərkən üzləri də yumşalır, gözləri də gülür, içindəki pozitiv və fərəh çıxır üzə. Sanki bir adam və səbəb axtarırdılar ki, onları güldürsün…

Adətən belə insanlar həyatının hər tərəfini, insanların hər üzünü-gizli və açıq tərəflərini bilən, sınaqlardan çıxmış insanlar olur.

Adətən belə insanlar ağılları ilə qərar verən, müşahidəcil, düşüncəli, yaradıcı və təhlil qabiliyyətli düşüncə tərzinə malik, məntiqli insanlar olur.

Çox potensial olduqları üçün bu potensialı hər kəs üçün açıq etmirlər, ehtiyatlı olduqları üçün. Müşahidə edir, tanıyır, uyğun birisini tapıb, ona potensial və təbəssümünü və gülüşünü göstərir.

Çox pozitiv olsalar da, mübahisə və davalara meylli olmasalar da, kənardan tam tərsinə bir təəssürat oyadırlar.

Gülüşünü gizlədən və gülüşündə gizlənən insanlar təhlükəli olmazlar.

Belə insanlardan biri bütün sadaladığım keyfiyyətlərə malik Azər Qismətdir.

Kənarda dayanan, çoxluğa qarışmayan, müşahidə edən, daha sonra yazan insan…

Yumor hissi olan və satirası ilə tənqidi və iradı cəmiyyətə və ayrı-ayrı insanların ünvanlarına çatdıran insan…

Hər zaman səliqəli, bic baxışlı, yanaqlarında gülərkən yarıqlar olan insan…

Ciddiliyi ilə insanları özündən itələyə bilsə də, xüsusi və seçilmiş və ya seçdiyi insanlar onun əsl insanlığını görməyə və tanımağa məhkum olur.

Onu tanıdıqca, tam tanıdım demək, yalan və günah olardı. Onu hər dəfə kəşf edirsən.

Əslində, o qədər doğma, pozitiv, zarafatcıl, itiağıllı, haqlı tənqidi və müzakirə mədəniyyəti olan, öz fikrini tam izah etməyi bacaran insandır.

Onu tanıyanları sevən və onu tanıyanlar tərəfindən sevilən və məyus etməyən insandır.

Hər mövzuda danışa biləcəyin və hər mənada güvənə biləcəyin sirlər xəzinəsidir.

Əslində, dünyagörüşü, fikirləri ilə bir xəzinədir.

Mədəniyyəti, ali baxışları, danışığı, davranışı yaxınlarını ancaq daha da yaxın edir.

Ürəyi təmiz, səmimi, təbii və azacıq sadəlövh olmaq istəyən, içində bir şıltaq uşaq olan, kövrək, fədakar, diqqətli dostdur.

Gülüşündə utandığından qızararaq gizlənir. Gülüşünü utanmamaq və qınanılmamaq və ciddilikdən çıxmamaq üçün gizlədir.

İnsanlara üz verəndə, öncə boynuna, sonra başına mindiyi üçün Azərin gülüş qisməti hər kəsə pay kimi qismət olmur.

Qismətini Azər lazım bildikləri ilə paylaşır. Paylaşmadıqları çox şey itirir.

Ən azı Azər kimi insan və dostu itirir.

Bu qismətdən mənə az olmayan pay düşdüyü üçün onu dost və qardaşım kimi çox sevirəm. Azər çox savadlı, intellektual insan olduğundan onunla ünsiyyətin bitməsinii və ayrılmağı istəmirsən. Vaxt, çox heyif ki, vaxt gedir, öz hökmünü oxuyur, irad və istəklərimizə zidd olsa da.

Çox az saylı adamlar var ki, onlarla görüşmək istəyirəm. Amma o insanlarla görüşdüyüm zaman o görüşün bitməsini istəmirəm. Çünki hər dəfə bir yeni bilik, təcrübə əldə edir və pozitiv enerji ilə yüklənirəm, o qədər rahatlıq və mənəvi zənginlik əldə edirəm ki, istəyirəm, elə dostlarımı qaçırdım növbə ilə…

Fikirləri göydə uçan göylərin adamı-Vasif Ayan…

 

Onu 2015-ci ildən tanıyıram. Sayəsində çox adamları, daha doğrusu ADAMları tanımışam. Çünki özü də ADAMdır, sayı azalmaqda olan ADAM…

O qədər xoş niyyətli, dost canlı və mehribandır ki… Bir də fədakar… Həyatda çətinliyi görüb sınmayan və çətinliyi görənlərə rəhmli olan, dəstək olan insan…

Bir də qınamayan. ön yarğısı olmayan, dinləməyi bacaran insan…

Filmləri sevir, geyimi və zövqü də klassikdir. Müasirlikdən bir az uzaqlaşmağa çalışır ki, zövqü korlanmasın…

Araşdırandır, təhlil edəndir. Ona edilən pisliyə belə pislik etmir, qisas almır, baş qoşmur sadəcə olaraq…

Bir də ki, övladının adı imzasındadır. Məndə doğmam atamdır, onda qızı Ayan…

Bəzən çox dağınıq olur fikirləri, ruhu aparır özüylə Vasifi bu dünyadan… Göylər çağırır sanki…

Yaradıcı və istedadlıdır, yeniliklərdən qorxmaz, bir də sözü üzə deməkdən çəkinməz…

Suallar verər ki, həqiqəti bilsin, yalanı sevməz…

Bir də ki, neqativdən qoruyar özünü, ruhu və özünü zəhərləməmək üçün…

Az gülər üzü, baxışları çox kədərlidir, dərin fikirlərə dalmaq olar baxışlarında… İçində uşaq deyil, bir qoca müdrik kişi yaşayır sanki… Hər kəsin yükünü Vasif o içindəki qocaya verər…

Mülayim və ürəyiyumşaqdır, bağışlayandır, kinli deyil…

Unutmur kimisə, diqqətlidir son dərəcə…

Bir də çox mədənidir… Kimisə incidəcək söz deməz, hərəkət etməz… Hər kəsin hər günündə yanında olar. Hər kəsin deyil, doğma bildikləri insanların…

O qədər güclüdür ki, sınmaz, arıq canında nələr daşıyır, bilən bilir…

Nə varsa, biz arıqların canındadır… Özümüzdən ağır yük daşıyırıq…

Ən əsası nə Vasifi Ayansız. nə Ayanı Vasifsiz təsəvvür edə bilirəm…

Səni sevirəm, qardaşım. Nə yaxşı ki, sən varsan…

Arada yerdə olanları, insanları görmək üçün göydən yerə en… Nə varsa, yaxşısı da, pisi də elə yerdədir… Göydə olanda belə, ayağını yerdən ayırma ki, kimsə ayağından dartıb yerə dartmasın…

Çinar ağacına bənzəyən insan-Çinarə Ömray

20139631_657147951141926_633123522839120080_n

Foto: Arzu Murad

Çinar ağacı nazı olmayan, hər şəraitə uyğunlaşan, uzunömürlü, dayanıqlı, iri gövdəli, geniş və şəfalı yarpaqları olan ağacdır. Çinarə bu ağacı xatırladır mənə. Ətrafında çox adam olsa da, təkdir, hər kəsə əlini uzadır, kölgəsində dincəlirlər, qorunurlar. Gövdəsi onu qoruyur, o qədər dayanıqlıdır ki, mənəvi və psixoloji baxımdan, amma bu zahirən belə görsənir. Çox həssas və kövrək insandır əslində.

Bir təbəssümü və gülüşü var ki, gözlərindəki baxışları ilə həmahəngdir.

Uzun saçları ilə süpürər həyatında lazımsız olanları, səbrini sınayar həm də… Uzun saçlara qulluq etmək çətindir, vaxt və səbr istər… Bax, o zaman və səbrini bir zaman hər kəsə paylayardı Çinarə… İnsanları yaxından tanıyanda, o saçıyla süpürdü zir-zibili, artıqları… Özü də xoş təbəssümü ilə kimisə incitmədən, ruhuna toxunmadan…

O qədər rahatdır ki, səmimidir ki, sanki çinar ağacından hazırlanan mebeldə oturub dincəlirsən…

Hər dəfə kəşf edirsən… Xeyrini, xeyirxahlığını, insanlığını. Sevirsən hər dəfə kəşf etdikcə…

Yumoru və sarkazmı ilə həqiqəti deyər, yazar, baxmaz kənardan gələn təzyiqlərə… Dözümlüdür, dayanar önündə yazdığının, dediyinin, çəkilməz…

Dostları üçün bir müalicəvi dərmandır varlığı ilə… Saflığı ilə bulaq suyudur sanki… İçəndə şəfa tapdığın kimi bulaq suyunda, Çinarəylə ünsiyyət zamanı da şəfa tapırsan…

Ən yaxşı antidepressantdır, ağrıları götürər təbəssümü, varlığı, səsi, zarafatı… Unudursan ki, pis olduğunu, ağrıdığını…

İnsanları daşlaşmağa qoymaz… Daşları sındırar, toza çevirər.

Yanıqları olanlar bezdirə bilər onu… Yenə baş qoşmaz… Keyfini pozmaz…

Yenə ruhları incimədən yola verər onları…

Fikirləri yeniləyər, insanların əhvalına müsbət təsir edər. O qədər pozitiv aurası var ki, harda görsəm, görən kimi qaçıb bərk qucaqlamaq, öpmək istəyirəm.

Yelli və yelbeyin insanlar üçün süpürgəsi var…

Zəhərlənmiş insanları təmizləyir sanki varlığı ilə… Xilas edər, əlini uzadar, xilas olmaq istəyənə…

Şişlər çıxarsa, kəsib atmaz, ona da bir həll yolu tapar…

Təbiətdə ən gözəl ağaclardan biridir Çinar ağacı, bir də cəlbedici barı var…

Bax, o barları onun yaradıcılığı, fikirləridir…

Bəlkə də, bilərəkdən seçiblər bu adı ona… Bilirdilər ki, Çinarə çox adama min bir dərdin dərmanı olacaq…

Gövdəsi də odun kimi istifadə olunur. Ona görə el içində ona da odun Çinarə deyirlər…)))

Ən əsası Çinar kimi nəsli kəsilməkdə olan ağac kimidir, nadirdir, azdır ondan…

Alicənab Ali Cənab-Kənan Hacı…

FB_IMG_14916309959713304

Onu ədəbi mühitdə olan tədbirlərdən tanıyırdım.

Əslində, ədəbi mühitdən uzaqlaşsam, vaxt itkisi hesab etsəm də, qazancım oldu. O mənə azsaylı əsl və yaradıcı, istedadlı insanlarla tanış olmağıma şərait yaratdı. O, yəni ki, ədəbi mühit.

İşsizlikdən iş tapmağa, nəhayət, illərdi ki, gözlədiyi ev olmağa layiq insandır.

O, tanımağıma peşman olmadığım insandır.

Ağıllı, ağır, dərdli, tez-tez bu dünyadan ayrılıb düşüncəyə dalan, səssizliyi seçən insandır çoxları üçün…

Yaxından tanıdığın zaman anlayarsan ki, geniş və zəngin dünya var, ali və cənab dünyası…

Dost kimi çox diqqətcil, qayğıkeş, sağılam düşünmə və təhlil etmək qabiliyyətli insandır.

Fikri dağınıq, düşüncə dolu baxışları belə onun həssas və yumor hissi olan xarakterini gizlədə bilmir. Göz yaşı ilə gülüş yanaşı gəlir.

Güclü insandır, bir də ki, iradəlidir. Sevməyi bacarır. Bəzən çox sərt olur, tənqid edir, amma çox sevdiyindən.

Başqalarına yaxşılıq diləyən, intriqalara qarışmayan, söz-söhbət etməyən və əsl kişi olan insanları bu mühitdə tapmaq çox çətindir.

Bir də ki, yaradıcı və istedadlıdır.

Mənə hədiyyə etdiyi 3 kitabını oxudum. O insanları görür, eşidir, anlayır, təhlil edir və bir həyat portretini sözlərlə çəkir, təsvir edir. Kimisinə bu həyat, güzgüdəki əksi xoş gəlir, kimisinə yox.

Səmimidir, olmaq istədiyi yerdədir.

Yaxşılığı unutmur. Yaxşılıq edir çoxlarına. Sınmır, əvəzində pislik görəndə. Boş verir.

Mübahisə etməyi sevməz. Mədəni olduğundan ya mövzunu bağlayar, ya eşitməzliyə vurar özünü, əsas odur ki, kiminsə xətrinə dəyməsin.

Melanxolikdir. Bu melanxoliyası ona real yazılar yazdırır. İnsanları yazıları ilə düşünməyə vadar edir.

Dostlarına qarşı çox mehribandır. Evinin qapısı açıqdır. O qədər qonaqpərvər, ürəyiaçıqdır ki, həyatının bu gününü dostları üçün son gün kimi yaşayır. Xəsis deyil, dostlarına qarşı. Verdikcə, azalmır, sevgisi.

Çox istərdim, gənc dostlarım onlar kimi dözümlü, yaradıcı və istedadlı olsunlar. Sadə olsunlar. İcazə versinlər ki, onları kənardan baxıb kimsə tənqid edə bilsin. Tənqid inkişaf üçündür.

 IMG_20170628_172848

Onunla 4 ildir ki, dostluq edirik. Onun 3 ilə yaxını real dostluqdur.

Zamanla bilmişəm ki, onunla ata evində qonşu olmuşuq, ailəsi ailəmi tanıyır.

Məni peşman etməyən, hər gün kəşf etdiyim, daha çox sevdiyim dostumdur.

Çox mədəni, etikdir. Maraqlı mövzularda müzakirələr edirik, çox işgüzar və ağıllıdır.

Dindar olsa da, liberaldır, radikal nəsə demir.

O qədər kədərli, sakit, rahat, mədəni, etik insandır ki, elə astadan danışır ki, baxıram, düşünürəm ki, indiki dövrün adamı deyil.

Baxışlarında kədər var, üzünün gülməsini çox nadir hallarda görmüşəm.

Çox diqqətli insandır. Çox utancaqdır. Abır-həya var, məndən fərqli olaraq.

Hər dəfə görüş təyin edəndə, gecikmir, vaxtından tez gəlir, gözləyir, şikayət etmir.

Subaydır, çünki onun kimi insanların qədrini indiki zamanda bir çox qızlarımız bilmir.

Ailəsinə çox bağlıdır. Dostları az olsa da, dostlarının qədrini bilir.

Rahatlıqla evimə dəvət edə biləcəyim insandır. Alt niyyəti, məkrli xisləti yoxdur. Saflıq və səmimilik var.

Çox az adam var ki, danışa bilir, yəni ki, müzakirə edir, mübahisə yox.

Elmi bilikləri, mütaliə etdiyi kitablar, həyata baxışı, həyat təcrübəsi o qədər çoxdur ki, ondan öyrəniləsi çox şey var. Hər dəfə yeni nəsə öyrənirəm.

Hər dəfə istənilən mövzuda danışarkən dinləməyi bacarır, çox səbrlidir. Hay-küyü, insanların çox olduğu yerləri sevmir.

Sosial aktiv olsam da, məni qınamır. Çox tez-tez görüşə bilməsək də, görüşəndə ayrıla bilmirik.

O qədər rahat insandır ki, hər görüş, ünsiyyətdən sonra rahatlıq tapırsan. Yenilənirsən. Neqativ yüklənmə yoxdur.

Ən əsası insanlara şərt qoymur, nəsə ummur, güdmür, tələb etmir.

Ən əsası oxucumdur, sadiq oxucum, tənqidçim. Hər yazımdan sonra onu müzakirə edirik. Bu isə mənim çox xoşuma gəlir.

“Nə yaxşı ki, sən varsan” deyə biləcəyim, çox sevdiyim insan, dost, qardaşımdır.

 

Həssas ruhlu — Ruhanə Paşazadə

image

O, virtual olaraq dostluğumda 6 ildir ki, var. Real dostluğumuz və tanışlığımız 2015-ci ilin mart ayına təsadüf edir.

Səmimi dostlarımdan biridir.

Yaşının az olmasına baxmayaraq,ixtisasına uyğun işlədiyi sahədə uğurlar əldə etmiş, media sahəsində öz imzası ilə tanınmışdır.

Kənardan çox sərt, özündən razı görsənə bilər. Əslində bu görkəm özünün həssas ruhunu qorumaq üçündür.

Qadınlar üçün onların gözəlliyi müsbət və uğur gətirən amil ola bilər. Bəzən isə bu gözəllik insanların onu çox bezdirməsinə və digər tərəflərini, ağlını, savadını, xarakterini görməməsinə səbəb olur. Diqqəti gözəllik cəlb edir, digər tərəflər unudulur. Çox heyif. Çünki Ruhanə nəinki gözəl qızdır, həm də öz savadı, ağlı, işgüzarlığı. aktivliyi, ünsiyyətcilliyi, dostlarına münasibətdə mühribançılığı, həssaslığı ilə seçilir.

Üzü güləndə daha çox sevindirir insanları. Çünki təbəssümü və gülüşü təbiidir, ona çox yaraşır.

Əslində nə qədər sərt görünsə də, çox kövrək, həssasdır. Nə qədər çox gülsə də, göz yaşları axanda dayanmır.

İnsanları -dostlarını o qədər çox sevir ki, haqsızlıq, pislik görəndə, stress keçirdir, pis olur, üzülür.

Dostlarını sınamasa da, elə vəziyyət yaradır ki, həyat özü sınayır onları.

Çox zarafatcıldır. Zarafat etməyi çox sevir.

Bir də dost bildiyi, yaxın bildiyi insanlara qarşı diqqətli olmağı. yaxşılıq etməyi unutmur.

Sevgisi belə üzdən deyil, dərindir. Dəyişikliyə meylli olsa da, dəyişmədiyi və dəyişməyəcəyi məqamlar var, o da ailəsinə, əzizlərinə münasibəti.

Onunla ilk tanışlığım Madoda olmuşdur. Jurnalist həmkarlarımla oturub  çay içərkən yanımızdan keçdi, dərhal tanıdım. Elə həmin gün dostlaşdıq.

Daha sonra tez-tez görüşməyə başladıq. Sonra bir gün yaradıcılığımla tanış olduğunu söylədi, məsləhət bildi ki, bir bloq açım. Onun tövsiyəsi ilə bloq saytımı açdım, yazılarımı yazmağa başladım. Məhz bloqumun sayəsində mediada köşə yazıçı və bloqçu kimi tanındım. 2006-cı ildən bloqçu olsam da, əsl uğurum 2012-ci ildən sonra, kütləvi uğurum isə 2015-ci ildə bu bloqumu yaradandan sonra əldə etdim.

Çox mehriban, əliaçıq insandır. Keyfinin olmadığını görəndə, əlindən gələn hər şeyi edir ki, keyfini açsın.

Ailəsinə hər adamı yaxın buraxmır. Amma biz o qədər yaxın və doğma olduq ki, ailəsi ilə məni tanış etdi. Bacısını və anasını çox sevdim.

Unutqan deyil, nə pisliyi unudar, nə yaxşılığı. Gənc olduğuna görə emosionaldır. Tez odlanır, emosiyalarına qapanır. Amma kinli deyildir. Bağışlamağı da bacarır. Ona dəyməyənə dəymir. Dəyəni isə özündən uzaqlaşdırır.

Xaricə gedəndə. həm sevinirdim, həm yox.

Sevindim, ona görə ki, orada onun təhsil və iş imkanları, uğurları daha çox olacaq, daha çox uğur əldə edəcək, daha rahat olacaq. Çünki bu cəmiyyət onu, məni qəbul edə bilmir. Çünki paxıllayan, qısqanan çoxdur. Çünki burada məhdudiyyətlər çoxdur.

Sevinmədim, çünki çox yaxın 5 nəfər rəfiqəmdən biridir. O da ki, ən azı 1 il olamayacaq mənimlə. Mobil nömrəsini çox adama versə də, mənə verməyib. Amma incimirəm. Çünki bilirəm ki, təhsil, iş, ev işləri onun vaxtını alır, yazışmağa və ya danışmağa vaxtı yoxdur.

Onun üçün bir istəyim var, xoşbəxt və sağlam, uğurlu olsun. İmkanların gerçəkləşdiyi ölkədə bütün arzularını reallaşdırsın.

Nəhayət, onu sevəcək, olduğu kimi qəbul edəcək, dəyişməyə çalışmayacaq bir sevgi arzulayıram. Çünki Ruhanə sevəndə, təkcə ürəkdən, ağıldan yox, həm də ruhundan sevir. Ruhən bağlanır.

Selsiz olmayan Ay-Aysel Abdullazadə

21463208_1458198510961083_8793916242797734338_n

 

Kitab insanlardan biri də Ayseldir. Bu vaxtadək mübahisə etmədiyim, küsülü olmadığım dostlarımdandır.

Aysel, o qədər sakit, təmkinli, səbrlidir ki, tarazılığını kimsə poza bilməz, səbrini kimsə tükəndirə bilməz.

Çox mədənidir, danışığında, hərəkətlərində etik olan, diplomatik davranan, xoş və mülayim səsi, hərəkətləri, baxışları ilə özünü sevdirir.

Aysel hər şeyi içinə salan, qapalıdır. Yazılarından tanımaq olur onu. Yazılarında  bir hissəsi mütləq var.

Yazılarında üsyan, etiraz var. Haqlı olaraq.

Yazısı ilə özü bir az ziddiyyətli olsa da, Aysel yazılarında daha çox açıla bilir, daha rahat fikrini bildirir. Real həyatda isə daha çox susur, müşahidə edir, dinləyir, utanır.

O qədər qəti və konkret insandır ki, qərarlarını özü verir.

Çox güclü, dözümlü və inadcıldır. Bir dünyası var, dəniz boyda Dənizi var. Yaşam səbəbi, Dənizin anası Aysel.

Dostlarına qarşı çox sadiqdir. Yalan və xəyanətdən, paxıllıq və qısqanclıqdan uzaq, səmimi, saf qəlbli insandır.

Aysel elə bir kitabdır ki, oxuduqcqa bitmir, oxuduqca yorulmur insan. Çünki rahat, maraqlıdır.

Dəniz üçün Aysel ay da olar, sel də, günəş də. Dəniz üçün o hər kəs və hər şey ola bilər. Dəniz onun hə də ilham pərisidir. Ən böyük və uğurlu, gözəl və xoşbəxt yaradıcı məhsuludur Dəniz Ayselin.

Mənim üçün Aysel kimdir?Aysel – Ay və Seldir! Ay kimi cəlbedici, valehedici, sevimli, gözəl, qaranlıqda işıq saçan, yolda mayak olan, ictimaiyyət və sosial toplum saydığımız insan okeanında qabarma və çəkilmələrə səbəb olan qadın, yazardır. Sel kimi isə cəsur, önündəki maneələri aşan, yuyub aparan, qorxmaz, mərd, cəsarətli, kəsərli sözü olan, aydın, təmiz, saf su kimi qəlbə malik olan bir xanım, yazardır…

12801318_961729267274679_6097472939474523073_n

O nə feministdir, nə də kişi düşməni. O gerçəyin tərəfindədir, o haqqın qoruyucusudur, o tərəzidir, çəkir yazılarında haqla nahaqqı.

O qədər cəsarətlidir ki, hərəkətində, yazısında qorxu yoxdur. Haqlıdırsa, sonadək gedəcək.

Həyatında olanlara baxmayaraq çox mübarizdir, sınmır, yolundan dönmür, ən əsası sevir, sevgidən çəkinmir, sevgiyə şans verir.

Etdiklərinə görə peşman olmaz. Çünki sevərək edir.

Aysel, Ay və Sel, Dənizin gündəliyini yazan anası, nə yaxşı ki, sən varsan!

Qaqamın sözü-Səxavət Məmməd

  

скачанные файлы

Bu yazım mənim yaradılığımda son yazı ola bilər. Ola bilsin ki, məni silsin yer üzündən. Oxuyanda hirslənəcək, cin atına minəcək, bilirəm.

Onunla həyatımın ən çətin anında tanış olduq. 6 ay ərzində virtual aləmdə yazışıb dostluq etsək də, yarım il ərzində görüş təyin edib, sonra təxirə salsaq da, bir gün gəldi ki, görüşdük. Əslində, o gün də görüşü təxirə salmaq istəyirdim. Amma üz-üzdən utanar.  Söz vermişəmsə, görüş təyin edilibsə, baş tutmalıdır.

Etiraf edirəm ki, peşman olmadım.

Əslində, elə ilk gündən necə bir insan olduğunu gördüm, dost olacağımıza əmin oldum.

Bizim ortaq həyat və cəhətimiz var. Ortaq mövzularımız var müzakirə ediləcək. Amma bu dostluq etmək üçün kifayət etmir.

İnsanın özü, xarakteri, davranışı, hətta xarici görünüşü belə önəmlidir. İlk görüşdə ilk təəssüratım necə idi, o cür də qalmışdır. Dəfələrlə küsmüşük, barışmışıq. Bir-birimizi anlayırıq deyə, bir-birimizin dostluğundan imtina edə bilmirik.

O intriqa, söz-söhbətə qarışmaz. Kənardan müşahidə edər. İrad və tənqidini isə vaxtı gələndə üzünə vurulan yağlı sillə kimi vurar. Tənqidində sərt, dostluğunda sadiqdir.

Çox deyib gülsə də, səmimi olsa da, virtual aləmdəki insan deyil. Onun dünyası, xarakterini tanıdıqca, kəşf edirsən.

İntellektual, maraqlı, savadlı insandır. Olke.az saytında yazım gedəndə, oranın əməkdaşı kimi tanısam da, sonra çox doğma insana və yaxın bildiyim dostuma çevrildi.

Ətimi yesə də, sümüyümü atmayan dostlardandır.

Çox sərt görsənsə də, əslində çox mülayim, üzüyumşaq, səmimi, saf insandır. Dostlarını qorumağa, dost bildiyi insanların yanında olmağa çalışır.

Çox cəsarətlidir. Mübarizdir. Müşahidə etmək, təhlil etmək, araşdırmaq, ciddi-aktual mövzuları müzakirə çıxartmaq kimi peşəkar keyfiyyətləri var.

Ağdamlıdır. Bəzən mənim anlamayacağım sözləri deyir, “baxarıq, ola bilsin, bəlkə də”. Bunları mən konkret insan olaraq anlaya bilmirəm.

images

Bir də yumor hissi var deyə, zarafatlardan inciməz.

Çox düşüncəli, fərqlidir, indiqo insandır.

Ən çox sevdiyi  “Oppa, öl elə” sözlərini demək, “sən öl, mən öl” vurmaq, atamaca atmaq, diplomatik yolla yola verməkdir.

Təhsili üzrə işləməsə də, yəni hüquqi fəaliyyət göstərməsə də, insanların hüquqlarını bu və ya digər yollarla qorumağa çalışır.

Çox işgüzardır. İşinə qarşı məsuliyyətlidir.

Ən çox sevdiyim məqam onun gülüşünü görməkdir. Çünki güləndə içdən gülür, gözlərinin altında qırışlar yaransa da, yorğun baxışlarının içindən o işığı görürsən. İçində gizlətdiyi sevinci görən görür.

Ən azı 4 dəfə iri mübahisəmiz olmuşdur. Bir-birimizi qara siyahıya salmışıq, yazışmırıq, görüşmürük. Buna baxmayaraq, dost kimi bütün “mənfi hal” və qurdlu atmaca, sancmalarına baxmayaraq, onun xətrini çox istəyirəm.

Bir məsələ də odur ki, dinləməyi bacarır, qınamır. Ağ-yuyub qara sərsə də, insanın yaxşılığı üçün deyir. Əslində, belə dostlar olmalıdır ki, gözünü iri miqyasda açıb, hərtərəfli görəsən.

Ondan çox ehtiyat edirəm. Söz altda qalmır, hazırcavabdır.

Ondan həm də ona görə ehtiyat edirəm ki, bumeranqdır, güzgüdəki əksimdir sanki. O sakit oturanda,sakitlik olanda, artıq düşünürsən ki, görəsən, nə edəcək?! Nəsə plan cızıb.

Onun yanında ağlasan da, gülsən də, sənə şərik çıxacaq. Onunla sükunəti dinləmək də adama rahatlıq verir.

Hər kəsin mənfi tərəfi, nöqsanı var. Mükəmməl adam yoxdur. Amma insanlar əgər sənə və dostluğuna dəyər verirsə, onları itirməmək, dostluğu öldürməmək lazımdır.

Nə yaxşı ki, sən varsan.

%d такие блоггеры, как: