Onur…


Oğluma hər gün səhər oyananda, gecə yuxuya getməmişdən öncə dediyim cümlə: Mən səni sevirəm!

Varlığına hər gün şükr etdiyim insan. Dualarıma qaytardın məni. Özümü tapdım. Sənin varlığında güc tapdım. Sənin sevgində hüzuruma bağlandım. Heç kim və heç nə bunlardan bizi məhrum edə bilməz. Sən mənim qürurumsan, sevgimsən, hüzurumsan, sevincimsən, xoşbəxtliyimsən. Biz qazandıqca, bizi itirənlər olacaq.

Özümə oxşayır… Gülərüz, ağıllı, mehriban, şən… Bir də düşüncəyə daldısa, dərinə gedər… İnadkardır mənim kimi… Nəyi və kimi istədiyini, sevdiyini bilir. Səbrsizdir… Yeyib kökəlmir… Baxışlarında bir dünya var, adamı alıb aparır uzaqlara. Gülüşü unutdurur neqativi… Nə yaxşı ki, varımsan. Nə yaxşı ki, anan mənəm.

«Belaruski» mağazasından aldığım «Minskaya marka»nın kəsmiyinə, kərə yağına, xamasına, ryajenkasına aşiq oldum. Oğlum imkan versə, yeyəcəyəm… Mənim yerimə də yemək öhdəliyini icra edir…

Gələcəkdə məni nə gözləyir, qorxmağa başlamışam. Əvvəl qəşəng qızlara baxıb naz edir, gülür, seliyini axıdırdı, baxırdı onlara. İndi böyüyüb , selfi, şəkil çəkdirir, poz verir, özü də ya xarizmatik, ya təbəssümlü baxışlarla… Qız anaları məni söyəcək. Vallah, mənlik bir şey yoxdur.

3 yaşlı qız Onuru atasına göstərib deyir:-Onun niyə maskası yoxdur, ata?Atası:- O, hələ balacadı.- Ata, mən də balacayam da. Nə olsun ki, mən ki, taxıram. O da taxsın. Xəstələnməsin.Nə qədər gülmüşəm. Necə diqqətli, qayğıkeş uşaqdı. Bilinir ki, sevgi, diqqət, pozitiv mühitində tərbiyə alır.

Övladını qoxlayıb, öpüb, qucaqlayıb yuxuya gedən ananın yuxusu şirin olur… Sizin də yuxunuz şirin olsun.

Oğlumu elə tərbiyə edəcəyəm ki, qadına yük olmasın!

Baxışın adı: «Gedək sənə gül dərim, səni gülə döndərim, lap istəsən, anamı sizə elçi göndərim»

Onura yeməyə kartof, badımcan püresini, körpə üçün çörəyin içini verirəm. Necə bəyənibsə, ən çox təkrarladığım cümləm «Onur, ağzındakını ye, qurtar, sonra aç ağzını».

Zamanə uşağıdı. Əlimə nə alıram, birinci o baxmalı, ekspertizadan keçirtməlidir. Elə bil ki, keyfiyyətə nəzarət üzrə müfəttişdir, İSO standartlarına uyğunluğunu yoxlayır.Çaşıb acanda, yeməyimə ortaq olur, o yeyib doymamış, nə həddimədir ki, mən yeyim…

Onurun laylası… Hüzur verən musiqi… Oğlum da mənim kimi yaradıcı olacaq, yazacaq… İlk bloqunu birlikdə açacağıq. Rəsm, şeir, bloq yazısı bizdə genetikdir. Yaradıcı ruhu var. Şeir dinləyir, kitab oxumağa meyli var, rəsmlərə biganə deyil.

Sevgi üçbucağı: baba, övlad, nəvə… Ən səmimi və təmənnasız sevgidir.

6 ayın mübarək, oğlum…Zaman necə tez gəldi, artıq 14 aydır ki, tək deyiləm. Sənin varlığına, sevginə sığınmışam, xoşbəxtəm. 14 aydır ki, həyatıma rəng qatmısan. Sevincim olmusan, hüzurum olmusan, sevgim olmusan. Sən həyatın özüsən. Sənin gülüşün, səsin, qucaq üçün açılan əllərin, baxışındakı dərinlik, nəfəsin, hüzurun, ağlın, gücün -bunlar bir möcüzədir. Nə yaxşı ki, səni seçdim. Nə yaxşı ki, doğulmusan.Oğlum, bir ana, bir ata kimi sənə hər şey verəcəyəm, sənə görə yaşayacağam, səni qoruyacağam, səni insan kimi böyüdəcəyəm, sənə sevgimi, azadlığımı, hüzurumu verəcəyəm. Yoxluq içində üzülməyəsən. Kimsə sənə artıq söz deyə bilməyəcək. Xətrinə dəymək, sənə artıq söz demək istəyən hər kəsi diri basdıraram torpağa, üstünü də şumlayaram.Mən sənin doğrularının da, səhvlərinin də yanındayam. Mən sənin ən yaxın dostunam. Səni çox sevirəm.

Körpələr və uşaqlar hüzur verir, hüzuru pozmur…Körpəyə, uşağa nə verirsənsə, onu da sənə artıraraq qaytarır…

Mənə görə bir insanın əsl üzü, siması bir körpənin üzünü güldürmək, onu xoşbəxt etmək üçün dediyi sözlər, etdiyi hərəkətlər zamanı üzə çıxır.

Boynuma və başıma minmə hüququ olan tək insanlar-oğlum və qızım.

Məni kim görür, deyir ki, əcəb arıqlayıb əvvəlki halıma dönmüşəm. Necə deyim ki, önümə yemək qoyuram yeməyə, oğlum baxır, öncə o yeyir, xoşuna gələndə hamısını yeyir, doyanda da, mənə nəsə qalsa, mən yeyirəm. Hələ gündəlik peçenye, meyvə püresi yeyir, su içir. Mənim kimidir, yediyi hara gedir, bilinmir, arıq qalır.

Tək yaşayanda zamanın necə tez keçdiyini hiss etmirdim. İndi oğlum böyüdükcə, həyatımdan ötən, yola saldığım, məni böyüdən zamanın necə tez keçdiyini görürəm.

Bir uşaqda kitaba sevgini və mütaliə marağını körpə ikən təməl daşı kimi bünövrəsinə atmaq lazımdır. Oğluma oyuncaqdan çox kitab almışam. Artıq kitablarını oyuncaqdan çox sevir, şəkillərinə baxır, səhifələrini çevirir. Ən qısa zamanda da kitablarını mən yox, özü oxuyacaq.

Böyüklər üçün böyüməyə ən gözəl və təcrübəli məktəb onların övladları, körpələri, uşaqlarıdır. Böyüdükcə, nələri itirdiyimizi bizə göstərirlər. Bəlkə ona görə də hər kəsin bir övladı olmalıdır, valideynlik məktəbini keçməlidir.

Oğlumun sayəsində bir həyat məktəbi keçirəm, onunla birlikdə körpəlik, uşaqlıq illərimi yenidən yaşayıram, körpələşir, uşaqlaşır, həm də böyüyürəm, analıq hissini eyni zamanda yaşayıram. Qarışıq bir hissdir. 5 aydır ki, doğulmağına peşman deyiləm. 5 aydır ki, qaçhaqaç, əziyyət, problemlərin həllini öz üzərimə götürmüşəm, daha ciddi, məsuliyyətli və qəddar, kobud olmuşam. Özümü və oğlumu qoruma instinkti…

Ana-bala…

Öncə oturmağını, ilk dişini çıxarmağını, sonra iməkləməyini, sonra ilk addımlarını atmağını, sonra danışmağını gözləyirik. Tələsirik, tələsdiririk. O isə nə vaxt hazırdırsa, o zaman edir tələsərək gözlədiyinizi. Körpə, uşaqlarınızı tələsdirməyin. İmkan verin, körpə olsun, uşaq olsun, gənc olsun. Böyüməsinə tələsməyin.

%d такие блоггеры, как: