Rəşad Babalı


Yas-hekayə

Oğlan çayla stəkanları olan məcməyini samovarın yanından götürüb çadıra tərəf yollandı. Çiyni ilə pərdəni aralayıb içəri girdi. Məclisə nəzarət edən Mais onu görcək çayların kimə veriləcəyini göstərdi.

-Gətir bura. İki dənə də saxla Vahidlə Şahinə.

Yeni gələnlər “Allah rəhmət eləsin” deyib çaylarını aldılar. Üzlərinə kədərli ifadə verib mollanın sözlərinə qulaq asmağa başladılar.

din.az_26a.jpg

-Vacibdir ki, hər gün yatmamışdan əvvəl bu duaları oxuyasınız. Bunları imamlarımız da oxuyublar. Kim ki oxuyub, onun ruzisi bol olub. Kim ki oxumayıb, onun işi yaxşı getməyib. Xüsusən yatmazdan əvvəl oxunan bu dualar cinləri, şeytanları uzaqlaşdırır. Oxumasanız əgər səhərə qədər cin-şeytan sizdən əl çəkməz.

Yasa gələnlər adətən beşinci dəqiqədən sonra mollaya qulaq asmağa son verib başqa məşğuliyyət tapırdılar. Kimisi yanındakıyla söhbətə başlayır, kimi telefonunda qurdalanır, kimisi sükuta dalıb gündəlik qayğılardan özünü sıyırmaq istəyir. Mollanı dinləyənlər də ya təzə-təzə dinə marağı yarananlar, ya da mollada səhv axtaranlar olur. Üçüncülər isə məşğul olmağa bir şey tapmayıb məcburiyyətdən dinləyənlərdi.

Yas sahibi mollaya göz etdi ki, yekunlaşdırsın. Ehsan gəlir süfrəyə. Mollanın mövzunu və səsi dəyişdirməyindən məclis əhli anladı ki, hamının gözlədiyi anın vaxtıdı. Mağar mollanın səs tonuyla birgə yuxu rejimindən çıxdı.

-Ay bala, çayları yığışdırın tez. Get Bilalgili çağır, onlar da kömək eləsinlər. Ehsan gecikib onsuz da. İşi gücü olan var, yubatmayaq onları.

Stəkan-nəlbəki və şirniyyatlar bir tərəfdən yığışdırılmamış digər tərəfdən pendir, göyərti, dovğa, turşu, çörək, lavaş düzülməyə başlandı. Bu işi görən uşaqlar artıq peşəkarlaşmışdılar. Xırda bir ləngimələri yox idi.

Bir az keçməmiş buğlanan aş məcməyiləri qapıda göründü.

-Ey məclis əhli, buyurun nuş edin ehsandan. Bunları mərhumun oğlu atasının xeyranatı üçün hazırlatdırıb. Yeyin ki, mərhumun da ruhu rahatlıq tapsın. Bismillah.

Son söz yasa gələnlərə rahat yeməyə girişmək üçün işarə idi.

Qaşıqların taqqıltısı mağarın başını götürmüşdü. Plovun yağı əlləri, yanaqları, bığları işıldadırdı. Ehsanın şirin yerində içəri səs-küylü iki nəfər girdi. Bir elə hey gülür və ya gülməyə mövzu axtarırdı. Yas yiyəsi onları görən kimi mağarın küncündə yer göstərdi.

-Gəlin burda oturun görüm. Niyə gec gəldiniz? Siz ki molladan qabaq gəlirsiniz. Ə, qaqaş, tez bura bir bulud aş. Qalan şey-şüyü də gətir. Uşaqlar acdı.

-Sağ ol, Teymur. Allah kişiyə rəhmət eləsin. Bizə o qədər siqaret verib ki.

Ehsan yeyənlərin bəziləri bu mənzərəyə heyrətlə baxırdılar. Özlərini belə rahat hiss edənlər kimlərdi belə? Özü də əyin-başları pis gündə. Deyərsən hörmətli qonaqlardı, o da deyil.

Şaşqın baxışlarla yanaşı, onlara normal baxanlar da vardı. Alışmışdılar bu ikilinin belə davranışına. Əksinə, qəsəbələrindəki yaslarda bunları görməyəndə nəsə çatmırmış kimi hiss edirdilər.

Azər heyrətlə nimdaş geyimli, qəribə davranışlı ikiliyə gözlərini zilləyib durmuşdu. Nəhayət onlardan gözünü çəkib yoldaşına tərəf çöndü.

-Qalib, kimdi bunlar? Teymur bunları elə qarşıladı ki, sanki hörmətli şəxslərdi. İmkanlı adamlara da oxşamırlar axı. Vəzifəlilərə heç. Nədiye bunları “blatnoy” edən?

Qalib gülümsünüb cavab verməyə tələsmədi. Boşqabının dibində qalan düyüləri qaşıqla yığıb ağzına qoydu. Azərin intizarını bir qədər də uzadıb yeməyini çeynəyib uddu. Üstündən də mineral su içib cavaba keçdi.

-Azik, bunlar qəsəbəmizin dəliləridi.

-Nə? Məzələnirsən, sən atağa?

-Niyə məzələnim ki? Görmürsən üst-başları nə gündədi. Bax, arxası sən tərəfə olan Şahindi, o biri isə Vahid. Vahidin əynində o yaşımtıl kombinezol ağlım kəsəndən onda olub. Şahin isə yay qış pencəkdə gəzir. Ən pis soyuqda belə palto, kurtka geyinmir. Uzaq başı papaq keçirir başına. Vahid isə ondan da betərdi. Başı qırxıq olur, ayağında da həmişə şəpşəpi. Millət corabı üst-üstə geyinir, bunun isə vecinə deyil.

-Hər yerdə dəli var da. Day bunlar kimi hörmətli deyillər axı.

-Çölə çıxaq, danışaram.

Şahinlə Vahidi müzakirə edən tək Azərgil deyildi. Qəsəbəni tanımayan, ilk dəfədi orada yasda iştirak edənlər də iki dəlini çözməyə çalışırdılar. Məclisin mövzusu dəyişmişdi. Bu mənzərəni ilk dəfə görənlər marağını təmin edəcək adamlar axtarışındaydılar.

Yasa gələnlərin başı Vahidlə Şahinin müzakirəsinə yaman qarışmışdı. Bir qədər sonra “dəli”lər yeməklərini yeyib “fatihə”ni gözləmədən çıxıb getdilər. Sadəcə Teymura: “Aton yaxçı kişi olub” – dedilər. Teymur üzündə məmnunluq ifadəsiylə “dəli”ləri nəzərləriylə yola saldı.

Onları birdən qalxıb getməsi mollanın yadına saldı ki, ehsanın ilk fatihəsini vermək lazımdı. İşi-gücü olan var, yaxşı deyil. Millət həya edib mollanın ağzına baxır. Salfetlə əl-üzünü silə-silə son tikələri də uddu. Stəkanın dibindəki mineral suyu başına qaldırıb əllərini duaya açdı.

-Mərhumun ruhuna bir fatihə verək. Əuzi billahimin neşeytanir rəcim, bismillahir rəhmanir rəhim….

Mollanın səsi məclisi səfərbər etdi. Əllər dua rejiminə keçdi. Bəziləri ovuclarını açmamışdılar da. Duanın sonunda əllər üzə doğru getdi. Bəziləri qoşa, bəziləri tək əllə salavat çəkdi. “Allah rəhmət etsin” cümləsindən sonra toplu olaraq ayağa qalxdılar. Beş-altı nəfərdən başqa hər kəs qapıya doğru üz tutdu. Çöldə Teymur əmisiylə yasa gələnləri yola salmağa başladı.

Azərlə Qalib başsağlığı diləyib maşınlarına tərəf getdilər. Məhəllədə yer olmadığından iki tin aralı saxlamışdılar. Avtomobilə qədər susaraq getdilər. Nəhayət maşına oturan kimi Azər zənnlə Qalibin üzünə baxdı. O da bu baxışların səbəbini başa düşdü.

-Bunlar qəsəbəmizin gülüdülər. Bunlarsız hansısa məclis təsəvvürünə gətirə bilməzsən. Toylar şadlıq evlərinə keçənə qədər mağarların yaraşığıydılar. Şadlıq evləri ortaya çıxandan bunlara ancaq yas, bir də düşərsə sünnət-münnət qalır.

-Bunlar doğrudan dəlidilər?

-Dəlidiləre, amma ağıllı dəli. – Bunu deyib Qalib güldü. – Gözümü açandan Şahinlə Vahidi görmüşəm. İkisinin də bəlkə əlliyə yaxın yaşları olar. Amma heç verməzsən. Çünki dərdləri yox, sərləri yox. Nə ailə saxlayırlar, nə də kiməsə borcları var. Yadımdadı, biz uşaq olanda gəlib bizlə futbol oynayırdılar. Ən çox da qapıda dayanırdılar. Bizə də o lazım idi. Novruz bayramında gedirdik taxta, ağac yığmağa. Bunlar da bizə qoşulurdular. Hələ bu nədi? Kimin evə nə işi-gücü vardısa qaçıb kömək edirdilər. Bizim məhlənin aşağısında su krantı vardı. İndi söküblər. Yay vaxtı arvadlar orda xalça-palaz yuyurdular. Bax, bu iksini orda görərdin. Yuyulandan sonra ağırlaşan xalçaları Vahid çiyninə alıb elə aparırdı ki, elə bilərdin odeyal götürüb.

-Bunların ailəsi-zadı yoxdu?

-Niyə yoxdu? Şahinin iki bacısı var. İkisi də ağıllı-başlı, gözəl-göyçək qızlardı. İndi ikisi də ərdədilər. İkisini də qəsəbədən alıblar. Başqalarına qalsaydı qardaşlarına görə yaxın düşməzdilər bəlkə də. Amma onu tanıdıqları üçün elçi gəldilər. Şahinin yeznələri də Şahinlə yaxşıdılar. Şahin demək olar onlarda çimir. Atasıgildən çox bacılarıgilə gedir. Axşamları ancaq evlərinə yatmağa gəlir.

-Vahidin deyəsən kimsəsi yoxdu.

-Şahinə baxanda elədi. Atası bu uşaq olanda zavodda iş qəzasında ölüb. Qardaşı Qarabağda şəhid olub. Bir yaxşı anası var. Amma ona əmiləri baxır. Evlərinin bütün təminatını iki əmisi görür. Özünü belə yetimvari geyinməyinə baxma. Hər şeyləri var, sadəcə geyinən deyil. Dəmiryol fəhlələrinin iş geyimini çox sevir. Bilirsən də qəsəbəmiz iki hissəyə bölünür. Ortada magistral xətlər gedir. Qaz, su, elektrik. Ona görə biz qarşı tərəfə “o tərəf”, özümüzə də “bu tərəf” deyirik. Şahinlə Vahid də hərəsi bir tərəfdə yaşayırlar. Hər biri bir tərəfi təmsil edir. Konsulumuzdular.

-Teymurun atasının qırxında da gələk.

-Yadıma salarsan.

Teymurun atasının yasından sonra daha neçə yaslar oldu. Bəzən məclis sahibi Şahinlə Vahidin arxalarınca adam göndərirdi ki, harda qaldılar belə. “Dəli”lərin paylarının saxlanıldığı da olurdu. Amma əksərən vaxtında gəlirdilər. Kimin öldüyü, üçü, yeddisi, qırxı nə vaxtdı bilirdilər.

Heç bir yas olmayanda isə qəsəbədə onları yedizdirən mütləq tapılırdı. Ya kafelərdən birinə aparırdılar, ya peraşki alıb verirdilər, ya da dönər hazırlatdırırdılar. Belə bir vəziyyətə həm Şahingil öyrəşdilər, həm də əhali.

Aradan üç il keçdi. Bir gün nüfuzlu nazirlərdən birinin qəsəbədə yaşayan qaynatası vəfat etdi. Mərhumun məhəllələrində xeyir-şər evi olsa da, xüsusi çadırlar gətizdirildi. Xeyir-şər evi sadəcə qadınlar üçün ayrıldı. Kişi qonaqlar üçün iki böyük mağar qurulmuşdu.

Ölənin üçünə bütün nazirlər təşrif buyurmuşdu. Onlar gələcək deyə şəhərdən düz yas yerinə qədər olan yol təmizlənmiş, gecəylə bəzi yerləri asfaltlanmışdı da. İcra hakimi bütün gecə təmizlik-bərpa işlərinə özü şəxsən rəhbərlik etmişdi.

Yas çadırları elə qurulmuşdu ki, içəridə olanlar çadırda olduqlarını unudurdular. Döşəmə xüsusi qurulur, masa və stullar digərlərindən fərqlənirdi. Bər-bəzəyi də olsaydı, deyərdin şadlıq sarayıdı. Qış olduğundan özəl istilik sistemi qurulmuşdu. Hətta qonaqların paltarları üçün qarderob da vardı. Sadə adamın sayı deyildi. Çoxlarının çəkindiyi nazirin qaynatasıydı ölən.

Nazirin özü hələ yüksək vəzifəyə keçməzdən əvvəl bu tərəflərə çox gedib gələrdi. Bir ara işsiz qalmışdı və ev kirayəsi ödəyə bilmədiyindən gənc ailə yeddi-səkkiz ay orada yaşamışdılar. Şansı gətirib vəzifə pillələrində yüksəldikdən sonra qaynatasının etdiklərinin əvəzini çıxmışdı da. Ona şəhərin mərkəzindəki yeni tikilidə ev, dəniz sahilində də iki mərtəbəli villa hədiyyə etmişdi. Amma rəhmətlik uzun illər yaşadığı evdən ayrılmaq istəmirdi. Ölənə qədər təzə evlərində uzağı on- on beş dəfə olmuşdu. Kefim məhləmizdə yaxşıdı, deyib, kürəkənini rahatlamağa çalışırdı.

Ali qonaqları nazirin qardaşı qarşılayırdı. Gələnlər yerbəyer etdikdən sonra mərasim başladı. Mollalıq etməyə şeyxülislamın gənc müavini gəlmişdi.

Məclis təzə başlamışdı ki, içəri girmək istəyən iki nəfəri polislər və nazirin mühavizəçiləri tutub çölə çıxartdılar. Çünki köhnə və nimdaş geyimli, üzü-başı saqqal basmış kişilər yasa gələnlərin ab-havasını korlayırdılar.

Şahinlə Vahid qarşılaşdıqları münasibətdən şaşırmışdılar. Əksini gözləyirdilər. Ona görə ki, mərhumla mehriban münasibətləri vardı. Dəfələrlə nazirin qaynatası Şahingilə siqaret pulu vermişdi. Elə vaxt olurdu geyim də alırdı onlara. Ağsaqqalla onların münasibətindən istifadə edən bəzi zirəklər onlar vasitəsilə nazir qaynatasından xahişlər də edirdilər.

“Dəli”lərin mağara buraxılmamasını qonaqlar normal qarşılamışdılar. İki üstündən cin hürkən avaranın nə işi var hörnətli nazirin yasında? Məscidin qapısını açıq görüblər? Yerlərini bilməlidilər axı. Ən azında məclisə görə geyim qaydası var.

Nazirin qaynatasının yeddisində, qırxında, ilində iki dost gəlmədilər. Hətta o məhlədəki yasları da baykot etmişdilər bir müddət. Sonra bir təhər xahiş-minnətlə razı salıb onların ayağını yenidən ora açmışdılar.

Dekabr girsə də, payız hələ dirəşmişdi. Günəş bacardığı qədər soyuq hava kütlələrinin qarşısını kəsməyə çalışırdı. Səhərlər bir az soyuq olsa da, gündüzlər hava mülayim keçirdi. Yüngül gödəkcələrlə gəzənlər belə vardı. Uşaqlar həsrətlə qarın yağmasını gözləsələr də, böyüklər belə havanın elə bütün qışı davam etməsini istəyirdilər. Çünki göydən yağan hər şey bu şəhərdə, bu qəsəbədə problem yaradırdı. Havanı problem etməyən Şahinlə Vahid günəşin xəfif istisində xumarlana-xumarlana növbəti yasa tələsirdilər. Vahidin gözəl təqvim yaddaşı vardı. Ayları, günləri gözəl xatırlayırdı. Hamısını da yas məclislərinə görə. Kimsə öldümü, onun üçündən ilinə qədər bütün tarixlərinə qədər yadda saxlayırdı. Heç bir yerə də yazmırdı. Beynində qeyd edirdi. Çox vaxt olurdu ki, ondan soruşurdular kiminsə üçü, yeddisi, cümə axşamısını. Bu dəfə də Vahidin hesabıyla makler Tofiqin anasının qırxı idi. Kişi məclisləri ənənəvi olaraq bir-iki arasında başlayırdı. Hər zaman da sanki zərgər dəqiqliyi ilə yemək verilən vaxta gedib çıxırdılar. Adamda illərin intuisiyası yaranmışdı.

Məclisdə molla mərhumənin ancaq yeddisi və qırxının keçiriləcəyini elan edib tarix verdi. Şahinlə Vahid bu dəfə də “fatihə”ni gözləməyib çıxdılar. Vahid qapıda duranların birindən siqaret alıb yandırdı. Sinədolusu tüstünü çəkib buraxmaq istəyəndə öskürdü.

-Bu nə siqaretdi əə, verdin mənə?

-“Marlboro” vermişəm. Özü də “şveyçarski”di.

-Bəs niyə məni belə öskürtdü? Tfuuuu, blyat.

Şahin cibindən ucuz siqareti çıxardıb ona uzatdı.

-Yetim, sənin harana yaraşır “Marlbro” çəkmək? Al bu yetim siqaretini.

O gündən sonra Vahidin tez-tez öskürməsinin şahidi oldular. Gah siqaretdəndi dedilər, gah özünü soyuğa vermisən deyib tənbehlədilər. Lakin heç nə Vahidə kar eləmədi. Bütün məsləhətləri, iradları bir qulağından alıb o birisindən verdi.

Ömrü boyu xəstələndiyi görülməyən Vahid yavaş-yavaş yasları buraxmağa başladı. Şahin buna öyrəşmədiyindən özünü bir təhər hiss edirdi. Məclisdə onları cüt görməyə adət etmiş qəsəbə camaatı da bu vəziyyətə öyrəncəli deyildilər.

O qışı Vahid demək olar xəstə yatdı. Şahin onlara getməzdi əvvəllər, onda da getmədi. Ümumiyyətlə kiminsə evinə getməklə arası yox idi. Onun məkanı ev, yas yerləri və bəzən də çayxanalar olardı.

Novruz bayramından sonra deyəsən Əzrayıl qəsəbəyə köçmüşdü. Yas yasın dalıncaydı. Birinin üçü çıxmamış başqasının ölüm xəbəri gəlirdi. Şahin hər gün səhər işə gedər kimi evdən çıxar, axşamüstü qayıdardı. Vahidi görmədiyinə də öyrəşmişdi. Millət də daha ondan Vahidi soruşmuşdu. Onlar da alışmışdılar.

Aprelin sonlarına doğru havalar yağmurlu keçirdi. Soyuq havaya görə insanlar hələ yaz geyiminə keçə bilməmişdilər. Qalın gödəkcələr əyinlərdəydi. Soyuq hava Şahini də yatağa salmışdı. beş gün idi ki, qızdırmadan yanırdı. Altıncı gün bir təhər ayağa qalxa bildi. Anası çölə çıxmağa imkan vermədi, Şahin də hiss etdi ki, anası ondan nəyisə gizlədir. Ona deməsə də narahatçılığı var.

Səhərisi hava bir az açılmışdı. İsti olmasa da, soyuq da deyildi. Şahin məhəlləyə düşüb təzə xəbərləri eşitmək istəyirdi. Bir həftəydi çöl üzü görmürdü. Ac qalmışdı qəsəbə xəbərlərinə. Məhəllədəki dükanın önündə yığışan kişilər Şahinin gözünə bir təhər göründülər. Salam-kəlamdan başqa heç nə danışmadılar. Eləcə susdular. Şahin ağzını açıb nəsə demək istəyirdi ki, Qasım kişi qoluna girib kənara çəkdi. Qulağına dedi ki, körpünün o tərəfində təzə rəhmətə gedən var. Bu gün üçüdü.

Şahin instiktiv olaraq həmin istiqamətə götürüldü. Yerimir, az qala qaçırdı. İçindəki bir hiss onu ora dartırdı. Yas yerində yaxşı bir şey eşidəcəyini ummurdu. Lakin yenə də heç vaxt tələsmədiyi qədər can atırdı yeni yas yerinə.

Çatan kimi çadıra girdi. İnsanları bu dəfə daha hüznlü gördü. Əvvəllər belə olmamışdı. Yasa gələnlərin heç də hamısı kədərli olmurdu. Deyib-gülənlər də olurdu yaslarda. Bu dəfə hamının gözündə qəmginlik, kədər vardı. Şahin bu vəziyyətin qəribəliyinə ciddi yanaşmamağa çalışdı. Önünə qoyulan aşı yeyə-yeyə başını qaldırıb qarşısına baxdı. Vahidin yerinə ayrı adamı gördü. Elə buna da öyrəşmişdi. Ancaq yenə də Vahidi istədi ürəyi. Yasda qulluq edən uşaqlardan birindən Vahidin gəlib-gəlmədiyi soruşdu. Uşaq sualdan duruxdu. Başıyla molla oturan tərəfi göstərdi.

-Yuxarıdakı şəkilə bax.

Şahin fotoşəkildə gördüyünə inanmaq istəmədi. Ayağa qalxıb yaxına getdi. Dördkünc çərçivədən Vahid istehzalı gülüşüylə baxırdı.

Həyat payını axtaran Şərq qadını

Pərinuş Səniinin “Mənim payım” romanı əlimə keçəndə öncə oxumağa ərindim. Elə bildim ənənəvi romantik əsərlərdəndi. Hisslərə ifrat yüklənən, romantikanın göz deşdiyi əsərlərə qarşı kompleksim olduğundan uzun müddət bu əsər gözləmə mövqeyində durdu. Sonra isə bir neçə zövqünə inandığım kəslərin tövsiyəsinə əsasən başladım oxumağa.

Peşman da olmadım. Əksinə gec oxuduğum üçün özümü qınadım da. Önyarqıya çox qapılmışam. Pərinuş xanımın avtobioqrafik əsəri xatirə janrına bir maraq oyatdı məndə.

Perinush-Senii-Menim-Payim-Cover-Page-curve1

“Mənim payım” şərqdə qadının son 60 ilinin ümumi tarixçəsidir. Sürətlə dəyişən dünyada özünə yer tutmağa çalışan qadın yeni dəyərlər sistemində yeri hələ bəlli olmamağın verdiyi diskamfortla əlləşirdi. Ənənələr şərq qadınını dəyişikliklərə rəğmən yerində tutmağa çalışır, şərq qadını isə bununla barışmaq istəmir. Beləcə əvvəl gizli, sonra isə açıq savaş başlayır. Modernizasiyanın olmazsa olmazı qadın azadlığı bu yolu keçən Şərqdə də aktual olmağa başlayır.

İranın qatı dindar əyaləti Qumdan paytaxta köçən Məsumənin ailəsi urbanistik həyata uzun müddət alışa bilmirlər. Əyalətin patriarxal, ənənəyə sıx bağlı olan mühitindən Tehranın sosiallaşmağa meyilli ortamına düşən ailə buna müqavimət göstərir. Məsumənin oxumasına qarşı çıxılır. Qəribədir ki, bunu edən də evin kişisi yox qadınıdır. Ata qızının oxumasını istəsə də ana 5-6 sinifdən yuxarı oxumağı məqbul görmür. Qızın məktəbdə yaxşı oxuması da ananın fikrini dəyişdirmir. Məsumə mütləq məktəbi atıb dərziliyi öyrənməlidir. İranlı qadına bilik lazım deyil, öyrənəcəyi peşə daha vacibdir.

Atası ailədaxili basqılara baxmayaraq qızının təhsilini davam etdirməsinə qərar verir. Lakin buna Məsumənin özü “mane” olur. Urmiyəli Səidlə uzaqdan uzağa yaşadığı eşqin ailəsi tərəfindən aşkar olunması onun təhsilini yarıda kəsir. Ana əlinə düşən bu fürsətdən yararlanaraq qızını məktəbdən çıxardıb tezliklə ərə vermək barədə düşünür.

Nəhayət uyğun ər tapılır. Bu inqilbaçı oğlanlarının “başını bağlamaq” istəyən orta səviyyəli bir ailə olur. Məsumə gələcək əri Həmidi toya qədər ancaq şəkildən görə bilir. Toy gecəsini belə Həmid gəlinin yanında yox inqilabçı dostlarının yanında keçirir. Məsumə sonrakı həyatında Həmidi çox da görə bilmir. Çünki gizli inqilabi fəaliyyəti ilə əlaqədar səfərlərdə olan Həmid ailəsində çox siyasi amalını üstün tutur.

Onsuz da ərinin üzünü doğru dürüst görə bilməyən Məsumə bir müddət sonra onu tamamilə itirir. Hakimiyyəti ələ keçirən mollalar sol görüşlü Həmidi kafir elan edib edam edirlər. 3 uşaqla təkbaşına qalan Məsumə keşməkeşli, əzablı həyatına davam edir. Doğma qardaşı belə onlara pislik etməkdən çəkinmir. Sonda isə həyatını övladlarına həsr edən Məsuməyə övladları ilk və tək sevgisi Səidə qovuşmağa mane olurlar. İnqilabçı ərinin xatirəsi və uşaqlarının eqosu bu izdivaca imkan vermir.

Əsərin süjeti barədə bu qədər də çoxdur əslində. Sadəcə oxumaq istəyənlər üçün ümumi məlumat olsun deyə yazdım. Məni romanda diqqətimi çəkən digər əsas məsələ inqilab və nəticəsi oldu. Həmid və yoldaşları islamçılardan da əvvəl şah rejimiylə mübarizə aparırdılar. Ömürlərini bu yolda fəda edənlərin sonda nəinki mükafatlandırılması, əksinə cəzalara məruz qalması məni xeyli düşündürdü. Heç kimin şaha qarşı çıxa bilmədiyi vaxtda onlar təkbaşına mübarizə aparırdılar.

Bu roman mənə bütün inqilabların heç də hər zaman yaxşılıqlara gətirib çıxarmadığı düşüncəsini möhkəmləndirdi. Əksinə geriyə atdığının şahidi olduq İrandakı inqilabda. Şaha qarşı çıxanlar sonrada çox peşman oldular. Az-çox sahib olduqları haqqları da itirdilər. Ondan sonra yüz minlərlə insanın tələf olduğu mənasız müharibə, elementar insan haqqlarından məhrum edilmələr və digər məhrumiyyətlər. Şaha qarşı çıxmış onlarla, yüzlərlə adam əziyyətlərinin bəhrəsini yox cəfasını gördülər.

Hər zaman əcnəbi müəlliflərin bu tip əsələrini oxuduqda “o əjdahadan bizdə niyə yoxdu” deyə düşünürəm. Müəyyən bir tarixi dövrümüzü əsk etdirən, realizm janrında əsərləri görəndə qiymətli bir şey tapmış kimi oluram. Lakin çox təəssüflə qeyd edim ki, belə nəsr nümunələri yox deyiləcək qədər azdı. 20-ci əsr tariximizi özündə əks etdirəm romanlara ehtiyacın olmasını vurğulamağa isə ehtiyac yoxdu.

Motivlərini real hadisələrdən götürən ədəbiyyat nümunələri olmadan başqa ədəbi cərəyanların inkişaf etməsi qeyri mümkündür. Bunu kimdənsə götürməmişəm. Şəxsi müşahidəmdi. Realizm cərəyanı olmadan post modernizm olmaz məsələn. Amma baxıram indiki yeni yazarlara. Kafka, Bukovski havasına yüklənən gənclər yerli hadisələri qələmə almaqdansa ya əcnəbi süjetlərə yönəlirlər, ya da ultra pessimist, fəlsəfi, uramüdrik nələrsə yazmağa cəhd edirlər. Halbuki yaşları maksimum 30-a qədər olan bu gənclər ətraflarında gördüklərini qələmə alsalar həm ədəbiyyatımıza, həm də tarixə qatqılar olardı. Sizi əmin edirəm ki, 20 il sonra indi yazılanları oxuyub necə yaşadığımızı anlaya bilməyəcəklər. Çünki bu əsərlərdə yaşantılarımız yoxdur.

P.S. “Mənim payım” əsəri “Qanun” nəşriyyatının keyfiyyətli nəşr etdiyi çox az kitablardan biridir. Diləyim odur ki, Azərbaycan kitab sahəsinə böyük töhvəsi olan “Qanun” nəşriyyatı bütün kitablarına bu cür yanaşsın.

https://reschadbabali.wordpress.com/2017/06/14/h%C9%99yat-payini-axtaran-s%C9%99rq-qadini/

Cəsarətsizlikdən doğan aqressiya

İçi mən qarışıq azərbaycanlıların problem həll etmə üsulu belədir. Məsələnin üstünə getmək yerinə “alternativ”lər axtarırıq. Məsələn, soyuqlayarıq, burnumuz axar, boğazımız şişər, ayağımız burxular. Həkimə müraciət etmək seçənəklərimizin ilk ülçlüyündə yer almaz. Bu təkcə tibbi xidmətin bahalı və yararsız olmasına görə deyil. İmkanlımız da belədir. Xəstəlik canımızı alana yaxın əl ayağa düşürük və o zaman dərdi kökündən həll etməyə çalışırıq. Ancaq əksərən iş işdən keçmiş olur.

aggressive-rabbit

Daha başqa misallar da verim. İctimai nəqliyyatdakı keyfiyyətsizliyi tələb edərək yaxşılaşdırmaq əvəzinə öz aləmimizdə asan yolu seçirik. Borc xərcə düşüb maşın alırıq. Sonra da tıxaclardan, ehtiyat hissələrinin və ustaların bahalığından, cərimələrin çoxluğundan, olmayan sürücülük mədəniyyətindən dad döyürük. Üstəlik də piyada olanlara acıq vermək və yuxarıdan aşağı baxmağı əlavə edək. Maşınlı olanların arada ictimai nəqliyyata minmələrini başqa qaxmaları ayrı aləmdi.

Hərbi xidmətin şəraitsizliyi, problemlərlə dolu olmağını da həmçinin tələb edib kökdən həll etməsinə nail olmaq yerinə rüşvət verib övladlarımızı “yararsız” çıxarırıq. O olmayanda və ya hərbi hissə də bəlli yerlərə saldırırıq. Oğlumuz əsgərliyə gedənə yaxın əl ayağa düşüb yuxarılarda adam axtarırıq ki, “bəla”nı bertaraf edək. Bəzən elə hallar olur ki, imkansızlıqdan uşağını bir yerə saldıra bilməyən valideyn müqavimət göstərmir. Övladı döyülür, söyülür,dedovşinanın qurbanı olur. Dəfələrlə valideynlərinə deyir ki, məni incidirlər, gəlin qurtarın. Guya valideyn olan belələri oğullarının imdadına “səbrli ol”, “bir az da döz”, “bir şey qalmayıb”, “birdən şikayət edərsən ha” kimi məsləhətlərlə qarşılıq veriblər. Nəticədə isə müqavimətsizlikləri, problemin üzərinə getməyə cəsarət etməmələri hətta oğullarının itirilməsiylə nəticlənir. Sonra da başlayırlar müsəlmanın sonrakı ağlına keçməyə.

Amma iş bununla da bitmir. Övlad itkisindən qəzəbli olacağını zənn etdiklərimiz bir də görürsən ki, məmurların təzyiqiylə şikaəyətlərini geri götürürlər, müəyyən məbləğə satılırlar. Belə desək övladlarının qanı üzərindən alverə gedirlər. Kölələr belə öz qırmızı xəttlərini bu dərəcədə heçə saymırlar.

Misalları çox uzatmaq olar. Hər sahədə belədi. Problemi kökündən həll etmək əvəzini palaz altına süpürürük. Adını da qoyuruq ki, gözümüz artıq problemi görmür.

Bu yazını yazdıran məqama gəlmək istəyirəm. İki qat devalvasiyadan sonra ölkə iqtisadiyyatı dombalaq aşdı, əhalinin gəlirlərində ciddi düşüş yaşandı. Onsuz da xroniki perspektivsizlikdən əziyyət çəkən azərbaycanlılar üçün ölkə ümidsizlik girdabına döndü. Xeyli adam ölkədən getməyi seçdi və bu proses indi də davam edir.

İnsanların harada yaşayacaqlarına qarışmıram. Ən təməl insan haqqlarından biridi. Lakin mənim iradım gedənlərin davranışlarınadır. Belə ki, çıxıb gedənlər və getmək istəyənlərin istifadə etdikləri ən böyük arqumentlərdən biri də budur ki, ölkədə yaşamaq olmur, insan kimi münasibət görmürük, hüquqlarımız və azadlıqlarımız pozulur. Pafoslarına aldansan elə bilərsən ki, bütün şüurlu həyatlarını hüquq və azadlıqların əldə olunması naminə mübarizədə keçib. Həbslər, təzyiqlər ömrünün ayrılmaz parçasına çevrilmişdi. Ancaq adı üstündə pafos. Qazla dolu.

Özü də bu pafos 2015-cü ilin devalvasiyasından sonra başladı. Adamlar ona qədər ölkədə hüquq və azadlıqların ancaq sözdə olduğunu görmürdülər. Hərəsi bir yerdə pul qazanmaqla məşğul idilər. Biri oliqarxın obyektində, biri dövlət işində, biri biznesdə “bir kısmat çörək” dalınca düşmüşdülər. İnsan hüquq və azadlıqları nəinki yadlarına düşürdü, əksinə bunu dilinə gətirənləri aşağılayırdılar. “Dövlətə qarşı gəlmək olmaz”, “başını aşağı sal çörəyini qazan”, “belə gəlib, belə də gedəcək”, “rüşvət harda yoxdu ki?”, “Amerikada da insanların hüquqları pozulur” vəs klişelərlə ağıl öyrədirdilər. Elə bilirdilər ki, həmişə ölkəyə pul sel kimi gələcək və bunlar da eyni qaydada başlarını aşağı salıb qaz vurub qazan dolduracaqlar.

Amma elə olmadı bildiyimiz kimi. İndi də ölkə xaricində ahkam kəsirlər. Hələ bəziləri var ki, Azərbaycanda olanda tam bir dovşan idi. Suyu belə üfürərək içərdi. Sosial mediada paylaşımları güldən çiçəkdən, düşük komik videolardan o tərəfə keçmirdi. Gedəndən sonra şirə dönürlər. Hələ bir ağıl öyrədirlər ki, siz düzgün mübarizə aparırsınız. Nə gündəsiniz əəə, haqqınızı istəmirsiniz.

Yenə də azərbaycanlıların problemi kökündən həll etmək əvəzinə “alternativ”lərinə meyillənməsi faktoru. Üz tutduqları dövlətlərin yerliləri əziyyət çəkib o cür ölkə qurublar. Yer üzü cənnəti yaradıblar. Bizimkilər də hazırın naziri olurlar. O şəraiti burada yaratmağa niyə cəhd etmirsən? Burada da insan kimi yaşamaq olmazmı? Sən və sənin kimilər etiraz etmək, haqqını istəmək əvəzinə meymunluq edib lağ edəndə bilmirdin ki, başqa xalqların himayəsinə möhtac olacaqsan? Ola bilər ki, getdiyin ölkə sənə daha çox şərait yaradır, arzu və istəklərini reallaşdırmaq üçün imkanları çoxdu, lakin “Azərbaycanda niyə normal sistem yoxdu, insanların haqqı tapdalanır” kimi sözlər deyib artistlik etmə. Ona görə ki, artıq Azərbaycan sən və sənin kimilərinin vecinə də deyil. Uzaq başı burada qoyub getdiyin 3-4 yaxınlarına narahatsan. Vəssalam, ölkə qulağına da deyil.

Vaxt vardı insanlar vətənlərindən ölüm təhlükəsi ucbatından gedərdilər. Qalıb ölkələrini dəyişdirmək uğrunda mübarizə aparmağa çalışırdılar. Amma indi həmin mübarizənin mində birini belə etməyənlər hələ bir minnət də qoyub çığıra çığıra ölkədən gedirlər. Sanki getdiyi ölkədə inqilab edəcək, atomu parçalayacaq (məsəlçün), elm və sənət adına ciddi töhvələr verəcəklər. Sonradan isə baxırsan oturublar sosial müavinətlərin üstündə, bütün günü fb-da aslan kəsiliblər.

Ovuc boyda Azərbaycanda aktiv müxalif olanlar az çox bilinirlər. Sayıları o qədər azdı ki, adla olmasa da sima olaraq tanıyırıq. Amma devalvasiyalardan sonra bəziləri bizi inandırmağa çalışır ki, yanılırsınız. Bizlər partizan savaşı aparmışıq. Oliqarxların obyektlərində, dövlət işində yeyib dağıtsaq da, rişxəndlə ağıl öyrətsək də qəlbimizdə müxalif olmuşuq hakimiyyətə. Və bizim bu müxalifliyimiz daha qiymətlidir. Bir az da keçsə deyəcəklər ki, hakimiyyəti dəyişmək imkanımız olub “prosta” istəməmişik.

Yenə təkrar edirəm. Ölkədən getmək, gəlmək normal şeylərdi. Mənim belə başıma gələ bilər. Heç zaman da istisna etməmişəm. Haqqlı olaraq buradan təzyiqlərə görə gedənləri də qınamaqdan uzağam. Onları çoxumuz tanıyırıq. İrad da tutmuruq. İnsaf naminə onlar da getdikləri yerdən bizləri aşağılamırlar. Dad o birilərin əlindəndi.

Şəxsən gedənlərdən gözləntim mühacir etdikləri ölkələrin cəmiyyətinə inteqrasiya etmələridi. Özləri olmasa da övladları keyfiyyətli vətəndaş tərbiyəsi alacaqlar. Lakin başqa mənzərəni görürük. Bütün günü sosial şəbəkələrdədilər. İllərdi yaşadıqları ölkənin dilini bilməyənlər var. Elələrindən nə gözləyəsən.

1918-ci ildə yoxdan yaradılan dövlətin qurucuları, sıraviləri rus işğalından sonra getdikləri ölkələrdə istiqlal arzusunu yaşatdılar. Ən ümidsiz zamanlarda belə 28 mayı qeyd etdilər. Ölkənin bir gün müstəqil olacağı günə ümidlərini itirmədilər. Həm maddi olaraq əziyyət çəkdilər, həm də mənəvi. Aradakı fərqi görməmək mümkün deyil.

https://reschadbabali.wordpress.com/2017/05/29/c%C9%99sar%C9%99tsizlikd%C9%99n-dogan-aqressiya/

Oyun qaydasızlığı

Hər hansısa bir oyun o zaman baş tutur ki, tərəflər qaydalarında uzlaşsınlar. Əlbəttə zorən oyuna qatılmalar istisna. Məsələn, futbol yarışmasına çıxan komandalar bilirlər ki, əllə topa toxunmaq olmaz, rəqib oyunçuya qarşı sərt davranmaq olmaz. Auta çıxan top meydana əllə qaytarılır, qapıçı bəlli xəttə qədər əllə oynaya bilər və s. Tərəfdəndən biri Bu qaydayalardan ən azı birini tanımadığını desə oyun alınmayacaq.

Dünyada gedən proseslərə də oyun nəzəriylə baxa bilərik. Bilirəm ki, oyun deyəndə şərqlilərin, xüsusən azərbaycanlıların ağlına fırıldaq gəlir. Amma bəşəri qaydalar onlara riayət etdikcə keçərli və effektiv olur.

rule_022

Əsas oyun qaydaları da demokratiya və insan haqqlarıdı. Bu iki söz bilərəkdən bizdə və müsəlman şərqində mənfi çalarda işlədilir. Həm də Qərb dövlətlərinin aqressiv xarici siyasətiylə bərabər tutulur. Məsələn, Amerikdakı demokratiya deyəndə o ölkənin İraqa, Əfqanıstana müdaxiləsini, radikal dini qruplarla yaxın münasibətlərini anlayırlar. Eləcə də Avropa ölkələrinin. Mütləq keçmişdə etdikləri və hazırda yürütdüklər siyasəti nümunə göstərəcəklər.

Halbuki demkratiya bəşəriyyətin indiyə qədər əldə etdiyi ən yüksək nailiyyətdir. Elə olmasaydı, Qərb ölkələrinin 3-cü dünya dövlətlərini, özəlliklər müsəlmanları istismar etmək üçün vasitə olsaydı Qərbdə sığınacaq takmış milyonlarla müsəlman geri qayıtmışdı artıq. Lakin biz tərsini görürük. Yenə də Qərb milyonlarla müsəlmanın arzuladığı yerdir. Çünki orada insan kimi dəyərlərini alırlar. Almaniyada miqrant kimi hüquqları öz ölkələrindəki birinci sinif vətəndaşlıqdan qat-qat artıqdır. Bunun da adı demokratiyadır.

Demokratiya anlayışını yanlış anlamaq təkcə yuxarıdakı misalla məhdudlaşmır. Demokratiyanın verdiyi imkanlardan yararlanıb amma qarşılıq verməmək də var.

Türkiyənin eks islamçı yazarı Levent Gültekin Kubanın əfsanəvi inqilabçısı Fidel Kastronun ölümü münasibətiylə bir yazı yazır. Kastronun bir ingilabçı kimi müsbət məziyyətləriylə yanaşı Kubanın yoxsulluğunu, despotik idarəçiliyini, demokratiyanın olmamasını, insanın fərd olaraq dəyərsizliyini, sistem üçün faydalılığına görə qiymətləndirildiyini məqaləsində qələmə alır. Bu yazı bir qrup solçu və kommunistin sərt tepkisiylə qarşılaşır. Adamı rəsmən təhqir edirlər. Sən kimsən ki, Fidel Kastro kimi bir adamda səhv tutursan? İnqilabçıdan demokratiya gözləmək düzgün deyil. Kuba sosialist ölkəsidi, demokratik yox və s. L.Gültəkin də qonağı olduğu tv proqramların birində ittihamlara belə cavab verib: Əgər solçuluqla demokratiya bir yerə sığmırsa o zaman niyə AKP-nin antidemokratik fəaliyyətlərini tənqid edirsiniz? Niyə jurnalistlərə, ictimai təşkilatlara qarşı hücumlara etiraz edirsiniz? Solçuların söz azadlığının pozulmasına nədən qarşı gəlirsiniz? İşinizə yarayanda demokratiya yaxşı olur, sizdən məsuliyyət tələb edəndə kimlərinsə əlində alət?

Anlatmaq istədiyim məsələ də budur. Bu oyunda iştirak edirsənsə demək qaydalarını da qəbul etməlisən. Hiyləgərlik edib “atmaq” istəsən oyunu pozmuş olursan və normal qarşı tərəf kimi qəbul edilmirsən.

Müsəlman ölkələrinə girən qadınlardan başlarını örtmək tələb olunur. Adını da qoyurlar ki, bəs həmin ölkənin dini qaydaları bunu tələb edir. Halbuki zorən baş örtməklə insanların sərbəst iradələrinə qarşı gəlirlər.

Amma həmin insanlar öz dilləriylə kafir ölkələrinə gedəndə özlərində heçə saydıqları demokratiyanı, insan azadlıqlarını tələb edirlər. Dini azlıq olsalar belə ibadətlərini yerinə yetirmədə hər hansısa məhduiyyətə şiddətlə qarşı çxırlar. Ucadan azan verilməsinə yerli əhali qarşı çıxır, adını qoyurlar ki, bizim ibadət azadlığımızı məhdudlaşdırırlar. Və ya İsveçrə minarələrlə bağlı məhdudlaşdırıcı qanunu referenduma çıxırdır, eyni hay küy. Halbuki, müsəlman ölkələrində xiristianların sərbəstliyi məhdudlaşdırılıb. İçki və donuz ətinin istifadəsinə az qala yasaq var. Yeni kilsələrin tikintisi isə çox çətindir.

“Kafir” ölkəsində “kafir”in inancını təndiq etmək, “kafir”lərə öz inancını təbliğ etmək, yeri gəlsə “kafir”lərdən kimisi öz inancına keçirmək haqqlarından da maksimum dərəcədə yararlananlar öz məmləkətlərində bunlardan heç bininrə izin verməzlər. Hansısa missioner gəlib hansısa müsəlmana onun inancının ynalış olduğunu desə, onu öz dinindən çıxardıb başqa dinə yönləndirsə həmin missionerin və dinini dəyişənin aqibəti necə olar? Gün kimi aydındı. Çünki edənlərin aqibəti hər zaman eyni olub. Ciddi təzyiqlərə məruz qalıb, hətta qətl də ediliblər.

Eyni söz bir çox solçulara da aiddir. Bəyənmədikləri kapitalist ölkələrində oturub sistemi o ki, var tənqid edirlər. Bəzən isə utanmadan söz, ifadə azadlıqlarının pozulmasından da şikayət edərlər. Elə ki mövzu sosialist sistemdən düşdü demokratiyanı unudarlar. SSRİ-dəki totalitarizmin, Kubadakı avtritarizmin, Şimali Koreyadakı adı hələ ki qoyulmayan rejimlərin tənqidinə zərrə də dözüm göstərməzlər. Üstəgəl, sosialist sistemlərdə demokratik institutlaşmanın olmamasını da normal qəbul edərlər. Atam balası, demokratiya pisdirsə niyə onun verdiyi imkanlardan gen bol istifadə edirsən? Sənə qarşı təzyiqlər olursa sus otur yerində də. Kapitalizmi tənqid etməyin normaldır da, sosialist sistemlərin tənqidi anormallıqmı olur? Demokratiya işinə yaramayan niyə “imperialistlərin əlində vasitə”dir deyib alçaldırsan? Sən istifadə edib ideyalarını yayanda vasitə olmur?

Sovet dövrünün məşhur lətifəsi kommunitslərin demokratiya anlayışını ortaya qoyur: SSRİ rəhbəriylə ABŞ prezidenti ölkələrindəki demokratiyanın səviyyəsini göstərmək istəyirlər. Amerika rəhbəri: “Bizdə istənilən adam Ağ Evin qarşısında durub Amerika prezidentini söyə bilər”. Sovet başçısı: “Bizdə isə istənilən adam Kremilin qarşısında durub Amerikanın prezidentini söyə bilər”. Vəssalam.

https://reschadbabali.wordpress.com/2017/02/03/oyun-qaydasizligi/

Artıq hamınız “gombul”sunuz

Böyük fransız yazıçısı Gi de Mopassanın gözəl bir əsəri var. “Gombul”. İlk dəfə tələbə ikən oxudum. Açığı o zaman elə də anlamlı gəlməmişdi. Lakin nədənsə onlarla əsər oxumağıma rəğmən yadımda yaxşı qalan, tez-tez xatırladığım tək-tük əsərlərdəndi. Özümə də qəribə gəlirdi ki, nədən məhz “Gombul”u yada salıram.

Həyatın qəribəliklərindən birinə bu əsərlə şahid oldum. Son zaman baş verənlərə aydınlıq gətirə bilmirdim. Daha yaxşı ifadə edəcək vasitə tapa bilmirdim. Tez-tez yadıma düşən “Gombul” əsəri nəyə görə ağlımdan çıxmadığını göstərdi.

i_011

Nəyə gətirmək istədiyimi demədən əvvəl əsər barədə qısa özet keçim. Hekayədə 1870-ci il Fransa-Prussiya müharibəsi dövründən bəhs edir. Almanlar fransızları məğlub ediblər. Ölkənin şəhərlərinə alman əsgərləri nəzarət edir.

Normandiyanın kübar nəslinə mənsub olan Yuber de Brevil, fabrikant Korre Lamodan, şərabçı Luazo, iki rahibə qadın, demokrat Koruyude (bir zamanlar çox varlı olub lakin sonradan var-dövlətini göyə sovurmuşdu) və yüngül, əxlaqsız gənc qadın Elizabet (çox kök olduğuna görə ona “gonbul” deyirdilər). Sadalanan insalar Qavr limanına getmək məqsədilə yola düşdülər.

Onlar altı at qoşulmuş kareta ilə yola düşürlər. Hava qarlı olduğundan səfər üçün o qədər də uyğun deyildi. Bu səbəbdən kareta ləng gedir. Yolçular tələsdiyindən özləriylə azuqə götürmür. Yol uzandığından aclıq onları taqətdən salır.

Bir tək Elizabet (gombul) hazırlıqlı olur. Ayağının altındakı səbəti çıxardıb yeməli şeyləri səfər yoldaşlarına təqdim edir. Amma onlar gombula nifrət etdiyindən əlindən heçnə almaq istəmirlər. Amma aclıq onlara güc gəlir. Məcburən alıb yeyirlər.

12 saatlıq yolçuluqdan sonra bir mehmanxanaya çatırlar. Səhər gözləmədikləri mənzərəylə rastlaşırlar. Görürlər ki, nə faytonçu var nə də atlar. Məlum olur ki, onlarla gələn alman zabiti faytonçuya tapşırıq verib. Onun niyyəti Elizabet ilə yatmaq idi. Gonbul isə əxlaqsız olsa da, qüruru vardı. Alman zabitiylə yatmaqdan imtina edir.

Alman zabiti niyyətinin baş tutmadığını görüncə gonbula razı olmayacağı tədqirdə onunla birgə gələnlərin heç birini buraxmayacağını bildirir. Bundan sonra bütün heyət Elizabeti razı salmaq üçün dilə tuturlar. Hətta rahibələr ona deyirlər ki, kimsə insanların həyatını xilas etmək üçün günah işləsə, o günah cəzasız qalar və qəbahət sayılmaz. Qadınların israrı və rahibələrin sözlərindən sonra gonbul bu təkliflə razılaşır.

Daha sonra onlar yola düşür. Lakin gonbul utandığından onların üzünə baxmır. Elizabet səhər təlaşla mehmanxadan ayrıldığına görə özü ilə yol azuqələrini götürə bilməmişdi. Bir az gedəndən sonra yolçular yemək yeməyə başlayırlar. Lakin heç kim nə gonbulu dindirir, nə də ona yemək təklif edirdi. Bu “namuslu” və zəngin insanlar artıq ona daha böyük kin və həqarətlə baxırdı. Buna Elizabeti özlərinin məcbur etdiyini unudurdular. Gonbul dözmür və ağlamağa başlayır. Koruyude (faytonçu) fit çalır və oxuyur. Elizabet isə ağlamağa davam edirdi. Koruyudenin oxumağı karetadakiları qıcıqlandırır və o bunu başa düşsə də oxumağa davam edir. O yanındakiları qıcıqlandırmaqla sanki gonbulun intiqamını alır…
Mopassan bu əsərlə burjuziyanın əxlaqsız olduğunu və başqalarına zərər verdiyini göstərmək istəyib. Gonbul fiziki cəhətdən əxlaqsız idi. Sadəlövh idi və ondan hamı istifadə edirdi.

Bir az uzun alınsa da eybi yox. Ən azı dünyaca məşhur bir əsər barədə məlumatınız oldu. İstəyən hekayəni tapıb oxuya bilər. Əlahəzrət “google” köməyiniz olsun.

“Gombul” əsərinin analogiyasını aparmaq istəyirəm. Faytondakılar xalq (toplum, kütlə), Elizabet isə bir ovuc müxalif (aktivist, ziyalı və s). Analogiyada gombulun “sənət”ini daxil etmirəm. Onu ayırıram. Bəzi gülməşəkərlə məhz buna ilişəcəklərindən bəri başdan mövzularını əllərindən alıram.

Kütlə bu uzun yolçuluqda “Elizabet”ə yuxarıdan aşağı baxıb. Əfəl, əlindən heçnə gəlməyən, pozuculuqla məşğul olan, ölkəsini sevməyən kimi qələmə verib. Onların nəzərində “gombul”lar cəmiyətdən çıxdaş edilməlidilər.

Zaman həm də onu göstərdi ki, yaxasını kənara çəkib öz mikromühitini yaratmaq mümkün deyil. Bütün neqativ hadisələr, idarəetmə həmin parnik mühitinə təsir edəcək. Ölkədən getməklə məsələni özü üçün həll edə bilərlər, lakin ölkədə qalıb yaşamağa davam edirlərsə mikromühitin makro olmasına çalışmalıdılar. “Ağ atlı gombul”lar olmayacaq. Olmayıb da əslində. Kimlərinsə bilərəkdən uydurduğu, ovundurma üçün təskinlik mənbəyi əfsanədi. Heç bir toplumu da mifik qəhrəman qurtarmayıb.

Ancaq iki ildən çoxdur getdikcə dərinləşən iqtisadi böhran insanları “gombul”lara ağız açmağa məcbur edir. Min yolla dil töküb yoldan çıxartmağa çalışırlar. Şirin dil işə yaramayanda hədə qorxu, təhqirlə provakasiyaya çəkirlər. Təki “gombul”lar qabağa çıxıb onları bəhrandan, problemlərdən çıxartmağa yardım etsin. Sözlərini yuxarılara çatdırsınlar. Yəni kareta əhli üzərinə risk götürmək istəmir.

Lakin vəziyyət getdikcə pisləşir. Ölkəni ağuşuna alan böhran press kimi əzməkdə davam edir. Gün gündən pis gəlir. Nicat kimi baxılan “Gombul”lar da artıq istəsələr belə vəziyyəti qurtara bilmirlər. Həm azdılar, həm də gücləri yetmir. Bircə əlac ona qalıb ki, hamı “gombul” olsun.

Quşxana sahibsiz qalanda

Gün olmur ki, hansısa deputat, məmur, səlahiyyətli şəxs gül vurmasın. Açırlar quşxananın ağzını, elmə məlum olmayan quşları buraxırlar çölə. Ən fantast yazarın belə ağlına gəlməyən sözlər deyilir, hərəkətlər edilir.

İnsanlar da artıq alışıb bunlara. Məzə tuturlar. Onsuz da başdan ayağa neqativlərlə yüklənən ölkədə nəyləsə də olsa rahatlamaq üçün belə şeylərə gülür, araya qoyurlar. Stress çıxarmaqdan başqa həm də insanlar bir növ acıqlarını çıxırlar. Onları əzən, aşağılayan, haqqını yeyənlərə birbaşa etiraz edə bilməyənlərin əvəz çıxması da deyə bilərik.

goyercin

O məmurlar (bu söz klassik anlamda deyil, həm də deputat, səlahiyyətli şəxs də daxildir) niyə belə davranırlar deyə özünüzə sual verdinizmi? Niyə belə rahatlıqla quşxananın qapısını açırlar? Normalda bir dəfə xoruz buraxan məmur ikinci dəfə etməməlidi axı. Lakin yenə edir. Hər dəfə yeni hoqqa çıxardanda sanki bundan xüsusi məmnunluq duyurlar. İstəsəniz cavabını mən sizə deyim. Çünki bizə hörmət etmirlər.

O məmur ordusu üçün Azərbaycan insanı hesabat veriləcək ünvan deyil. İstər seçkili (adı) olsun, istərsə də təyinatlı vəzifə sahibləri çox gözəl bilirlər ki, məqamlarına görə kimə minnətdardırlar, kimdən qorxmaq lazımdır. Çəkinəcəkləri ünvanlar çoxdur, ancaq onların arasında xalq yoxdur.

Ona görə xalqı veclərinə almırlar ki, xalqın təpkisini görmürlər. Onlardan hesab soran yoxdu. İdarə etdikləri kütlə yolda qarşılarını kəsib “niyə”, “nə üçün” suallarını vermir. Bu qədər mal mülkü necə əldə etmisən deyən yoxdu. O məmurlar məclislərdə şit, səy-səy çıxışlar edəndə onlara açıqdan kimsə gülməz. Danışdıqları lətifələr nə qədər duzsuz, hələ uşaqlıqda eşitdikləri olsa da elə gülərlər ki, sanki birinci dəfədi eşidirlər və belə gülməlisini görməyiblərmiş. O məmurları xeyirlərində, şərlərində görmək xalq üçün az qala şərəf sayılır.

Qonşuluğunda, qohumlarının arasında, lap elə ailəsində beləsi varsa ona mövqeyini kim bildirmiş ki? “Ay oğul, (ər, qardaş) əl çək bu işlərdən. Bəsdi bu qədər yaltaqlıq etdin. Bu qədər haramın axırı burnumuzdan gələcək” deyəni təsəvvür edirsinizmi? Şəxsən mənim xəyal imkanların imkan vermir.

Səsini çıxardanı tutub bsırlar içəri, döyürlər, işdən çıxardırlar, obyektini əlindən alırlar, incidirlər addım başı və s. belə bəhanələrə sığınırsınızsa demək yeni ələ salmalara hazır olun.

https://reschadbabali.wordpress.com/2016/11/16/qusxana-sahibsiz-qalanda/

Ölməyə də qərib ölkə

Sosial şəbəkələrdə bir təşkilatın keçirdiyi “Kanadaya necə getmək olar” seminarından çəkilən foto çox paylaşıldı. Bu cür qələbəliyin olduğu tədbirləri Azərbaycan ictimaiyyəti demək olar unutmuşdu. Kimisə ora zorla gətirməmişdilər. Seminarın təşkilatçıları nəzərdə tutulandan 10 (on) qat artıq insanın (təqribən 1700 nəfər) gəldiyini nəzərə alıb eyni tədbiri bir neçə dəfə təkrar keçiriblər.

Sentyabr-oktyabr ayları fotostudiyaların daha çox işi oldu. Çünki ABŞ vətəndaşlığını qazandıran Greencard lotoreyası üçün vəsiqə şəkilləri çəkilirdi. Bu dəfə daha çox adamın müraciət etdiyinin şahidi oldum. Artım o qədərdi ki, belə desək göz deşir.

14962576_1635370976488891_2430356919170369286_n

Avropada, Amerikada yaşayanlar tez-tez yazırlar ki, bəs onlarla insan həmin ölkəyə necə gəlməyin yollarını soruşur. Bunlar heç də dolana bilməyib nicatı qərib ellərdə axtaranlar deyil. Əksinə vaxtilə yaxşı yaşamış kəslərdir.

Bir sözlə bütün Azərbaycan çamadan əhvalındadı. Kimi dindirsən “bircə bu xarabadan gedə bilsəydim” deyə sözə başlayır. Artıq heç kim gələcəyini bu ölkəylə görmür. Dalana dirəndiyimizin fərqindədi insanlar.

Xatırladığım qədər 90-larda belə pessimistlik yox idi. Bir tərəfdən müharibə, bir tərəfdən də öyrəşdikləri sistemin bir anda çökməsi, yenisinə isə qəti hazır olmamaları insanlarda bu miqyasda bədbinlik yaratmırdı. Əksinə gələcəyə böyük ümid vardı. Yadımdadır, orta məktəbdə hətta nəğmə müəlliminə qədər bütün pedaqoji heyyət SSRİ zamanında rusların neftimiz daxil sərvətlərimizi sömürüb apardıqlarını, bizi isə istismar etdiklərini deyirdi. Ümumi ab-hava beləydi. Qəti inanırdıq ki, təbii və qeyri təbii sərvətlərimizi özümüz işlətməklə ölkə cənnətə dönəcək.

Amma olmadı cənablar. Dağıtdınız, böyük bir tort qoydunuz bu ümidlərin üstünə. Bir ulusun arzularını, xəyallarını, həyat eşqini məhv etdiniz. Fərqində olmaya bilərsiniz, lakin bu gedişlə ucu sizə də toxunacaq. Sabah ölkənin ağlı başında olan kəsimi çıxıb gedəndən sonra kimlərin ümidinə qalacaqsınız xəbəriniz varmı? Getməyə imkanı olmayanların qəzəbindən qorxmursunuzmu? Qara kütlənin qisası ağır olur.

Bu kütlənin müqavimət gücü çox aşağıdı. İndiyə qədər etdiklərinizə başlarını aşağı salıb dözdülər. Çünki acgözlüklə, harınlıqla, düşməncəsinə basıb yediyiniz sərvətlərdən onlara da qırıntıları çatırdı. Ancaq bu gün o qırıntılar da yoxa çıxır. Kütlənin qırmızı xətti olan qarına çatıb səviyyə. Sonra demədi deməyin.

İnsanlar içi mən qarışıq “vətən” anlayışını sorğulayır. Nədi axı bu vətən? Niyə ancaq təhlükə anında özünü xatırladır? Niyə problemlərimiz olanda ortada görünmür. Övladım xəstələnəndə, ona dərman ala bilməyəndə, xəstəxanada qatil həkimlər pula görə ona baxmayanda, məktəbdə yaxşı təhsil ala bilməyəndə harada olur vətən? Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı deyə böyüdülən toplum niyə sevməlidi axı bu vətəni? Bizim vətəni qorumaqdan savayı bir dəyərimiz yoxdurmu? Qoruyub canımızı fəda etsək belə təyin etdiyiniz zadlar tərəfindən aşağılanacayıq.

Hörmət et, hörmət gör

Hər dəfə dini bir bayram və ya matəm vaxtı müzakirələr, tənqidlər, əks-hücumlar geniş vüsət alır. Dindarlar tənqid və hücumların mövsümi artışından həmişə də narazı olurlar. Niyə məhz bayramlarda, məhərrəm ayında tənqidlərlə (bəzi dindarların fikrincə təhqir) dini hisslərimizə toxunurlar? İnanmırlarsa heç olmasa hörmət etsinlər.

Bu söz dindar çevrələrin sevimli ifadəsidir. Hansısa tənqidi ağır qəbul etsələr, təhqir olunduqlarını zənn etsələr o dəqiqə yuxarıdakı ifadəyə baş vururlar. Dindarların fikrincə ateistlər, dinsizlər tanrını, dini qəbul etməyə bilərlər, amma tənqidlərini, təftişlərini açıq izhar edib insanların dini hissləriylə oynamamalıdılar.

toleranceweblogo

Məsələyə bir az uzaqdan başlayım. Avropa renesansı (bu sözü “intibah” kimi tərcümə etsələr də yalnışdır) kilsənin nüfuz sahəsini məhdudlşadırmaqla paralel getdi. Burnunu az qala hər sahəyə soxan kilsə yeni elmi ixtiraların, coğrafi kəşflərin tələblərinə cavab verə bilmirdi. İsanın öz xidmətçiləri, keşişlər belə çoxlu suallar verməyə başlamışdılar. İnkivizisiya da kömək etmədi. Müxtəlif növ edamlar insanları fərqli düşünməkdən çəkindirmədi.

Beləliklə kilsə ictimai, siyasi, sosial, iqtisadi, elmi və digər sahələrdən sıxışdırılıb məbədin içinə salındı. Artıq fərqli düşüncələrin, inancların da ola biləcəyi fikri geniş yayılmağa başladı. Keşişlərin moizələrinə ağzını açıb dinləyənlərin də sayı getgedə azalırdı. Dinin izah etməyə çalışdığı təbiət hadisələrinin elmi izahı verildikcə kilsə də nüfuzdan düşürdü.

Nəhayət vicdan azadlığı anlayışı ortaya çıxdı. İnsanın digər azadlıqlarının yanına nəyə və necə inanma özgürlüyü də əlavə olundu. Bu o deməkdir ki, insanlar inanclarında sərbəstdilər. Hətta inanclarını yaya da bilərdilər. Yenə də burada “amma”lar ortaya çıxdı. Çünki hansısa inanc sistemi şiddətə, zorakılığa çağırış edə bilərsə demək başqalarının da hüququna girmiş olur. Artıq bunun tənzimləməsi qanunların öhdəliyin düşür.

Vicdan azadlığı həm də söz azadlığıyla birgə tamamdır. İlk baxışda ziddiyyətli kimi görünsə də bu belədir.

İnsanların istədiyinə inanması qədər istədiyi inancı tənqid etməsi də təbii haqqıdır. Ona görə ki, çox az halda insanlar inandıqlarını başqalarına əks etdirmirlər. Ənənəvi dinlər postulatlarında belə digərlərinə təbliğ etməyə sövq edir. Bu əmələ görə də müxtəlif mükafatlar vəd edir. Təbliğ isə heç də həmişə sözlə, sülh şəraitində baş vermir.

Dinlər tarixi göstərir ki, (xüsusən səmavi dinlər-yəhudilik xaric) yayılma əksərən zorakılıqla aparılıb. Dini yaymaq üçün silahlı ekspedisiyalar təşkil olunub. Bütpərəs, kafir toplumları “haqq dini”nə dəvət etmək, qəbul etdirmək böyük savab sayıldığından dövrün hökmdarları bu yolda xeyli cəhdlər ediblər (həm də ortada qənimətlər də vardı).

Hər bir dinin yayıldığı cağrafiyalarda mövcud inanc sistemini tənqid etmək qəti olaraq xoş görülməyib. Üstəgəl insanlar belə addımlardan çəkindirmək üçün müxtəlif üsullar tətbiq olunub, ta ölüm cəzasına qədər.

Xirirstian Qərbdə kilsənin başına gələnlərin oxşarı müsəlman Şərqində də yaşandı. İslam dini getdikcə sosial, mədəni, mənəvi, iqtisadi, siyasi və başqa məsələlərin həllində çözüm yolları təqdim edə bilmirdi. Yeni dünyanı izah etməkdə aciz qalırdı. Elmi-texniki inkişaf burda da şübhələrin, tənqidlərin geniş vüsət almasına gətirib çıxartdı. İslam getdikcə hər dərdə dava ola bilmirdi. Müsəlman topluluqları çağdaş yaşam tərzinə, düşüncəsinə yönəldikcə dinin bünövrəsi zəifləyirdi.

Baxmayaraq ki, dünyada dünyəvi sistemlə idarə olunan, qanunları dünyəvi olan müsəlman ölkərin sayı azdı, toplumlarında dinin basqısından qurtulma cəhdləri gün keçdikcə artır.

İran, Səudiyyə, Pakistan, Əfqanıstan, Körfəz ölkələri və başqa müsəlman ölkərində qanunlar şəriətə uyğunlaşdırılıb. Dinin tənqid olunması rəsmən qadağandır. Hətta ölüm cəzası belə vardır. Lakin bu ölkərində dünya miqyasında iqtisadi, mədəni, elmi ağırlığı bir tək Yaponiya qədər deyil.

Adını çəkdiyim ölkələrdə müxtəlif səbəblərdən təqib olunanlar Qərb ölkələrinə üz tuturlar. Getdikləri “kafir” ölkəsində öz məmləkətlərində görmədikləri münasibəti görürlər. Dini azadlıqları belə gəldikləri yerdən daha çoxdu.

Gələk Azərbaycana. Sovet (ateist) keçmişi olan ölkəmizdə dini meyl müstəqillikdən sonra təbii olaraq artmağa başladı. Bu həm də onunla bağlıydı ki, sovet sisteminin qadağan etdiyi hər şeyin yaxşı olduğuna inanılırdı. Dini dəyərlər milli (!?) dəyərlər adıyla assosasiya olunurdu. Digər tərəfdən İslamın yerli şəraitə uyğunlaşdırılmış forması əvəzinə “əsl” formaları nüfuz etməyə başladı. Həmin “əsl”lər də ənənəvidən fərqli olaraq kəskin doqmatikdilər. Ehkamlarına qarşı kiçik bir şübhəni, tənqidi belə yaxın buraxmırlar.

Demokratiyanın, insan hüquq və azadlıqlarının bütün imkanlarından geninə boyuna istifadə edərlər. Lakin özləri bu haqqları başqalarına tanımazlar. Adını da qoyarlar ki. İnanclar müzakirəyə çıxarıla bilməz.

Yəni, məşhur “inanmasan da hörmət et” prinsipi.

Bəs bunu hər dəfə qarşı tərəfin önünə atanların özləri necə, inanmasalar da hörmət edirlərmi?

Məsələn, bütpərəstlərin, dinsizlərin, ateistlərin inanclarına (inanc təkcə səmavi dinlərdə olmur) inanmasalar da hörmət edirlərmi? Edirlərsə bəs tanrıya inamayalanları, dindən imtina edənləri lənətləmək, onları aşağılamaq, təhdid etmək nə deməkdir?

Özləri başqa dinləri, sistemləri, ideologiyaları geninə, boluna müzakirə edəndə, bəzən də təhqirə varacaq səviyyəyə gətirəndə “inanmırsansa hörmət et” yadlarına düşmürmü?

Aşura mərasimi Azərbaycanda hələ ki qansız-qadasız keçirilir. Ona görə hələki deyirəm, çünki ictimai qınaq var baş yarmağa, bədəndən qanlar çıxacaq qədər özünü döymələrə. Əgər bu təpkilər olmasa çox rahatlıqla başqa ölkələrdə hər il baş verələrin görüntülərini bizdə də görmək olar.

Azərbaycanın aktiv düşüncəli təbəqəsinin dini camaatlara kəskin münasibətinin əsasında dindən çox dindarların davranışları durur. Yəni özlərini müsəlman, mömin sayanların yaşam tərzləri təbliğ etdikləri kimi deyil. Dinlərini sülh, barışcıl, səbr, halallıq dini kimi təqdim etsələr də özləri bunu göstərə bilmirlər. Kolbasa məmulatlarında halallıq axtaranlar əməllərində halallığı göstərə bilmirlər. Dürüstlük deyib yalandan əl çəkmirlər, tərəzidə aldadırlar, verdikləri sözü tutmurlar, haqqsızlıq qarşısında susurlar, işçilərinin haqqını lazımınca ödəmirlər və s.

Halbuki, dindarlar təbliğ etdikləri dürüstlük, halallıq, sülhpərvərlik, səbr, xoşgörülük kimi dəyərləri özləri yaşasalar daha çox effekti olar.

İnsanlar anlamalıdılar ki, yekdil din mümkün deyil. İndiyə qədər mümkün olmayıbsa bundan sonra heç olmayacaq. Ona görə ki, düşüncə fərqlilikləri var. Dünyada yeni trendlər yaranır, yeni ehtiyaclar ortaya çıxır. Və təbii olaraq da dinlər ehtiyacları ödəmək gücündə deyillər.

İnsanlar artıq informasiyanı tək-tük adamdan yox, çox mənbədən alırlar. Əvvəllər olduğu kimi din liderlər nüfuz sahibi deyillər. Toplumu maraqlandıran suallara cavab verməkdə getdikcə çətinlik çəkirlər. Ziddiyyətli görünən məsələlərə aid suallar verirlər. Ancaq dindalar bundan narazıdılar.

Hansısa molla (şeyx, din xadimi, alimi) yetkinlik yaşına çatmayan qızların evlənə biləcəyini məqbul görür, hamilə qadınların küçəyə çıxmasına pis baxır, qız uşaqlarının atalarının qucağında oturmamasını (ehtiraslandıra bilər deyə) deyir, kərtənkələ öldürməyin böyük savab olduğunu söyləyir, məmləkətlərində baş verən bu qədər haqqsızlığa, soyğuna bir şey deməyib insanların özəl həyatlarına, necə geyinəcəklərinə, nə yeyəcəklərinə hər addımda qarışarlarsa insanlar da əlbəttə ki, tənqid edəcəklər.

Ötən ay belə bir xəbər oxudum: Bakıda başı qapalı olduğu üçün məktəbə buraxılmayan şagirdlər Almaniyada rahat şəkildə dərslərə girə bilirlər. Yəni ailələri Almaniyaya mühacirət ediblər. Ağlıma gələn ilk şey o oldu ki, niyə məhz Almaniyaya, kafir saydıqları bir ölkəyə getdilər. Problem başı örtüsüdürsə çox da uzağa getməyə ehtiyac yox idi. Cənub qonşumuzda nəinki qadağan edirlər, əksinə məcburidir. Həm də soydaşlarımız yaşayan bölgələrdə daha rahat olardılar. Qadınlara başın bağlanması məcburi olan başqa ölkələr də varıydı axı.

Demək məsələ başı bağlı dərsə girmək haqqı deyil. Əsas məsələ azadlıqdır. Hansı ki, ən doqmatik, güzəştsiz ehkamların daşıyıcıları belə möhtacdılar. Nəinki başqa dinə, öz dinindən olan azacıq fərqli düşüncələrə dözümsüz olanlar da azadlıq olan yerdə rahat nəfəs alırlar.

Bu video baxın. Norveçdə yol kənarında fermerlər mallarını satdığa qoyublar. Lakin özləri yanlarında deyillər. İnsanlara o qədər etibar edirlər ki, kiminsə fırıldaq gəlib gəlməyəcəyini vicdanlarına buraxırlar. Sonradan öyrəndim ki, belə hallar Avropanın bir çox ölkəsində var. Gəlmələrdən başqa demək olar heç kim sui-istifadə etmir. Halbuki müsəlmanlar arasında qərblilərin əxlaqsız olması barədə fikirlər geniş yayılıb. Amma bu cür görüntünü müsəlman topluluqlarında görmək demək olar mümkün deyil. Olsa belə o qədər istisna olacaq ki, nümunə kimi ortaya çıxartmağa yaramayacaq.

Sonda söyləmək istədiyim əsas məsələyə gəldim. Özünə necə davranılmasını istəyirsənsə başqalarına da o cür münasibət göstərəcəksən. Özünü digərlərindən üstün bilib aşağılayacaqsansa unutma, qarşılığını da eynilə alacaqsan. Mənim dinim, inancım daha üstündü, daha həqiqidir kimi fikirlər artıq keçmir. Mənəvi dəyərlər ancaq çevrəyə qarşı münasibətlə ölçülür. Ətrafına xor baxmağa səni vadar edən dəyərlər sistemi nə qədər mükəmməl görünsə də lap başından qüsurludur.

İnsanın nəyə inanması öz işidi. Lap ağaca da inana bilər, hansısa heyvana da. Buna görə onu aşağılamağa haqqın yoxdu əziz dindarlar. Həmçinin inanmayanları. Sizə qarşı ünvanlanan tənqidlərə nizəylə qarşılıq verəcəksinizsə bu tənqidləri azaltmayacaq, əksinə daha da çoxaldacaq. Mənə görə ən doğru yol fərəhlə qeyd etdiyiniz dəyərləri yaşayaraq nümunə göstərmək. İnanın belə daha təsirli olacaqsınız. Həm də ki, tənqidlər sizin də fikirlərinizin cilalanmasına böyük yardım edəcək. Hər oxuduğunuz, dinlədiyiniz şeylər son nəticə deyildir.

P.S. Bu yazım nəsihət janrında oldu. Üzrlü sayın, amma başqa cür alınmadı

Milli brend-Azəri

Bu yazıma gələcək reaksiyaları təxmin etdiyimdən qabaqlayıcı tədbirlər görməyə məcburam. Odur ki, etnik kimliyimin türk (Azərbaycan), danışdığın dilin də türkcə (Azərbaycan) olduğunu bildirirəm. əlavə olaraq qeyd edim ki, Güney Azərbaycan mövzusunda da həssaslığım var. Arazın otayını öz obam və elim sayıram. Bütövləşməsini hər zaman istəmişəm. İndi keçək əsas mətləbə.

azeri_identity

Sosial şəbəkələrdə, video paylaşım saytlarında (Youtube və s) Azərbaycanla bağlı türkiyəlilər bir şey yazanda bizə “azəri” xitabı edərlər. Məsələn, hansısa musiqimizi bəyənəndə şərh bölməsinə bizim necə yaxşı musiqilərimizin olduğunu deyirlər. Əksərən də “azəri” deyə adımı hallandırırlar.

O saatdan bizimkilər tökülüşüb yazacaqlar ki, “biz azeri deyiliz, biz Azerbaycan türkiyüz, azeriler İranda fars kökenli halktır”. Əvvəllər bu dəstənin içində mən də varıydım. Mənim də acığıma gəlirdi ki, niyə bizi belə adlandırırlar.

Durub uzun-uzadı mübahisələr edərdim. Niyə bizi hansısa fars millətinə bağlayırsan? Niyə adımızı onlara çıxırsan? Bunu etməklə farsların dəyirmanına su tökürük. Axı onlar azərbaycanlıların türkləşmiş fars olduğunu iddia edirlər.

Lakin Türkiyədə uzun müddət qaldıqda anladım ki, bizə “azeri” deyərkən əsla həqarət etmək istəmirlər. Ağıllarından belə keçmir. Sadəcə bizim adımız budur. Onların demək olar İrandakı “azeri” adlı kiçik fars kökənli etnosdan və buna bağlı olaraq farsların bizi özününküləşdirmək istəməsindən xəbərləri belə yoxdu. Bilənlər də bunu bizimkilərin ağzından eşidiblər.

O qədər “azeri” xitabı eşitdim ki, öyrəşdim. Çox normal gəldi. Milli brendimiz kimi. Dünya bizi artıq “azeri” kimi qəbul edir. Dünyanın heç yuxarıda qeyd etdiyim farslaşmaq məsələsindən də xəbəi yoxdu. Mənə elə gəlir ki, bunu biz bu qədər şişirdirik.

Həm də ki, Azərbaycanda hamı türk deyil ki. Böyük əksəriyyət türk köklüdü. Amma digər etniklər, talışlar, ləzgilər, avarlar, saxurlar, tatlar və digər etnik azlıqlar da bu ölkənin vətəndaşlarıdılar. Bizi birləşdirən üst kimlik azərbaycanlı adıdı. Xaricdə isə bu ad qısalıb olur “azeri”.

Dünyada monoetnik dövlətlərın xalqları üçün necə adlanmaq elə də problemli deyil. Lakin bizim kimi çox enoslu dövlətlərə isə üst kimlik mütləq lazımdır. Birləşdirici, sement rolunu oynayacaq bir kimlik.

Dünyanın brendləşməyə getdiyi dövrdə bu mühim amildi. Onsuz da millət kimi (etnik anlamda yox, vətəndaşlıq tanımlamasında) formalaşma prossesimiz başa çatmayıb. Yeni xalq sayılırıq. Üstəgəl tanınmaq problemimiz də var. “Azərbaycanlı” sözü etiraf edək ki, “azeri”dən uzundur. İnsanlar da qısa adlara meyillidilər. Həm də ki, artıq bu adla tanınırıq.

Əsas olan hansı adla tanınmaq yox, necə tanınmaqdı. Çağdaş, sivil, elmə əhəmiyyət verən xalq olduqsa necə adlanmağın o qədər də önəmi yoxdu. Müsbət assosasiya olunmaq adı dəyərli edir.

https://reschadbabali.wordpress.com/2016/10/05/milli-brend-az%C9%99ri/

Canavar-hekayə

Siz həyatınızda canavar gördünüzmü? Zooparkda gördüyünüzü saymayaq. Kənddə böyüyənlər görmüş olar, çöldə bayırda əkinə gedəndə, mal-qara otaranda qarşılarına çıxıb. Bu cür qarşılaşmalar çox vaxt ani olur. Həm insan, həm də canavar bu ani qarşılaşmanı gözləmədiklərindən ikisi də hürkür. “Üz-üzə gəldik, amma mənə heçnə etmədi”, “Yolda qarşıma çıxdı, yerimdə donub qaldım, bir az sonra özü çıxıb getdi”, “O günü bostanda növbə çəkirdim, baxdım tağların arasından xışıltı səsi gəlir. Yaxınlaşıb gördüm ki, canavardı, yemişləri yeyir. Məni görən kimi qaçdı getdi” və başqa hekayələri o qədər eşitmişdim ki. Yəqin sizlərə də danışıblar.

grey-wolf-snow

Həmişə də həvəslə qulaq asmışam. Kiminsə dilindən “filan yerdə canavar gördüm” sözü eşitdimsə əl çəkmirdim. Ayrıntılarıyla anlatmasını istəyirdim. Həmin adam danışdıqca mən də beynimdə canlandırır və mistik bir dünya yaradırdım.

Amma bir şey diqqətimi çəkirdi. Haqqında müxtəlif əfsanələr düzüb qoşulan qurd barədə elə təsəvvür yaradıblar ki, insanı görən kimi parçalamağa hazır olur. Yəni ondan qurtuluş yoxdur. Əgər beləydisə canavarlarla qarşılaşanlar necə qurtulublar bəs?

Heyvanlar haqqında çəkilən səbədli filmlərdə canavarları təsəvvür etdikləri kimi görmürdüm. Çox da deyilən kimi nəhəng, boz və ya qırmızıya çalan, belində mavi tükləri olan canlı deyildi. Təqribən it boyda. Sadəcə davranışları fərqlənirdi o qədər.

Zooparkda gördüyüm canavarlar isə bu heyvanı gözümdən lap salmışdı. Arıq, tükləri tökülmüş, bədəni yara basmış, quyruğunu daima arxadan qarnına salıb gəzən bir vəhşi. Vəhşi sözü də artıq gəlirdi. Yerində vurnuxan, gözləri daima nəsə axtaran bir sərsəri. Zooparkdakı canavarlar məni özlərindən küsdürmüşdülər.

Amma bir gün onları yaxından gördüm. Özü də vəhşi təbiətin özündə. O qədər yaxın ki, gözlərimiz arasındakı məsafə bir neçə santimetr olardı. Özü də bu uzun müddət davam etmişdi.

90-cı illərin əvvəlləriydi. Ölkədə müharibə gedirdi. Qış tətilinə çıxdığımızdan valideynlərim məni rayona, nənəmgilə göndərmişdi. Əsasən yay aylarında kəndə getsək də bu dəfə nədənsə istisna oldu. Özü də deyim ki, həmin il qış çox sərt keçirdi. Böyüyəndən sonra bir şeyə diqqət elədim. Sanki müharibələr zamanı qış daha sərt keçir. Napaleonun Rusiyaya yürüşü, Dünya Müharibələri və indi də Qarabağ savaşı. Sanki təbiət qızışmış ehtirasları soyutmaq üçün öz silahını işə salır.

Soyuq havalarda kənd evlərinin bir başqa ləzzəti olur. Çırtaçırt yanan soba, ətrafına yığışmış ev əhli, qonum-qonşu və onların söhbətləri… Nənəmin və ya xalamın böyrünə qısılıb həmin söhbətlərə acgözlüklə qulaq asırdım. Nələrdən danışmırdılar ki? Adi kəndin məişət qeybətindən tutmuş, dava gedən savaşlara qədər. Bir də görürdün mənim sevimli mövzuma da girirdilər. Kimsə qış günündə çöldə hansısa heyvanla rastlaşıb. Arxa küçədə yaşayan Qara dayı tülkü yuvası tapmışdı. Ordan yarıdonmuş erkək tülkünü lapetə atıb gətirmişdi. Həmin tülkünü də hinin yanındakı boş ağıla qoyubmuş. Vəhşi heyvan özünə gəlib dirilib. Bütün küçənin uşaqları da tülkünün tamaşasına yığışıblar. Kənd uşaqları olsa da tülkü kimi vəhşi heyvanlar hər gün gördükləri canlı deyil. Uşaqlar o ömrü yaşamayıblar hələ.

Kələkbaz heyvan qəfəsin içində o yan-bu yana vurnuxurdu. Bir gün özüm də getdim gördüm. Elə hiss etdim ki, dar yerə salınmağına görə yox toyuqlarla yanaşı olub da əlinin onlara çatmaması yaman dilxor edib hiyləgəri. Gözləri elə hey toyuq-cücənin üstündəydi. Cizgi filmlərindəki kimi dilini acgözlüklə çıxardıb yalamasa da duruşu, baxışı məqsədinin bir addımlığında olub sonda əldə edə bilməməyin peşmançılığını göstərirdi.

Həmin ərəfədə dayım da məzuniyyətə gəlmişdi. Sərhəd rayonlarından birində könüllü olaraq xidmət edirdi. Özüylə bərabər gizlicə əl qumbarası da gətirmişdi. Bunu sonra öyrəndim.

Soba üstü söhbətlərin birində dayım xalamın ərinə dedi ki, Kürün sahilindəki qamışlıqlarda yaxşı qaban var. Keçən dəfə bir dəstəsini özü görüb. Bundan başqa xeyli ördək, qaşqaldaq da ovçusunu gözləyir. Bir sözlə Kür qırağı yerlər ov cənnətidi.

Böyüklərin söhbəti onunla yekunlaşdı ki, sabaha ov planlaşdırıldı. Oradaca vəzifə bölgüsü aparıldı. Dayım səhər rayon mərkəzinə gedib boş patronlar alacaqdı. İçini də gətirib özləri dolduracaqdı. Qırmanın, barıtın miqdarını özləri təyin edəcəkdilər. Deyilənə görə belə daha yaxşıdı. Xalamın yoldaşı da “UAZ” maşınıyla məşğul olacaqdı. Təkərini dəyişəcək, benzin tökəcək və xırda-para təmir edəcəkdi.

Bunlar razılaşdırıb qəti qərara gəlmişdilər ki, mən də özümü ortaya atıb onlarla getmək istədiyimi dedim. Dayım düşünmədən yox dedi. Amma xalamın əri “qoy getsin. Şəhər uşağıdı, qoy həyatında ovun nə olduğunu görsün” deyərək mənim tərəfimi saxladı. Dayım könülsüz də olsa razı oldu. Burnunun altında donquldana-donquldana qaldı ki, “uşaqdı, əl ayağımıza dolaşacaq”.

Bizimlə birgə dayımın uşaqlıq dostu da gedəcəkdi. O da mənim iştirakıma razılaşdı. Dayım azlıqda qalmışdı.

Səhərə qədər yata bilmədim. Elə həyacanlıydım ki… Səhərə yaxın yatsam da səhər ertə durdum. Nənəm belə tez oyanmağıma təəccüblənsə də səfərimizi bildiyindən bir söz demədi.

Səhər yeməyimi yeyən kimi götürüldüm kəndə sarı. Xalam uşaqlarına ova gedəcəyimi deyib sevincimi bölüşmək və bir az da lovğalanmaq istəyirdim. Böyük xalamın oğlu özünü o yerə qoymadı: “Eh, mən keçən ay getmişdim. İki ördək vurmuşduq. Yeni ildə qəşəngcənə qızartdıq”. Digər uşaqların isə üzündən həsəd oxunurdu.

Nəhayət günorta yeməyimizi yeyib doluşduq maşına. Kəndlə Kürün arası düz xətlə 6-7 kilometr olardı. Ancaq yollar dərə təpəylə, əyrü-üyrü getdiyindən məsafə artırdı. Maşını bir təpənin başında saxlayıb çayın sahilinə endik. Yerdə bir neçə gün əvvəl yağmış qardan adacıqlar qalmışdı. Dayımgil quru yer seçsələr də mən harda qar var ora girirdim. Bir də ondan ayıldım ki, dayım başıma yüngül qapaz vurub danlayır: “Hara soxursan özünü? Ayaqqabını niyə xarab edirsən? İndi dədənin imkanı var təzə ayaqqabı alsın bu bahaçılıqda?”. Əlacsız qalıb onlar kimi qarsız yerlərdən keçdim.

Bir qədər gedəndən sonra qamışlığa çatdıq. Dayımın dostu donuzları hürkütmək üçün qamışlığa girdi. Harada ola biləcəklərini təqribən bilirdi. Birdən xışıltı səsi gəldi, getdikcə artmağa başladı. Hiss olunurduki sürü qaçır qamışlıqla. Çöl donuzu olmaları da şübhə doğurmurdu. Amma sürü bizə çathaçatda istiqamət dəyişdirib sola döndü. Bir qədər gedəndən sonra isə getdikləri istiqamətin uçuruma apardığını görüb dayandılar. Deyəsən donuzlardan biri sürətini saxlaya bilməyib uçurumdan aşağı yuvarlanmışdı. Lakin uçurum dediyim 4-5 hündürlüyündə yarğan kənarıydı. Ordan düşüb həlak olmaq ehtimalı az idi.

Sürünün qalanı geriyə dönüb üstümüzə gəlməyə başladı. Dayım mənə qışqırıb arxaya qaçmağa tapşırdı. Onsuz da yaranmış səs-küydən elə qorxmuşdum ki, bir neçə addım geriyə çəkilmişdim. Dayımın sözündən sonra dönüb qaçmağa hazırlaşırdım ki, iki atəş səsi eşitdim. Demək olar eyni vaxtda açılmışdı. Amma ortada heç bir donuz görmədim. Ürəyimdə heyf, qaçırdıq deyə düşünməyə başlamışdım ki, xalamın yoldaşı açdıqları atəşlə birini yaraladıqlarını dedi. yaxınlaşıb tapdanmış qamışlığa baxdıq. Həqiqətən də qan var. Yaralı qaban uzağa gedə bilməzdi. Dayım dostunu da səsləyib sürünün arxasıyla getdi. Mən xalamın yoldaşıyla qaldım. Yarım saat sonra qoyundan bir az balaca qabanı sürüyüb gətirdilər. Dayım sonra danışdı ki, digər tərəfdəki uçuruma düşmüşdü. Yaralı olduğundan yarğanın qarşı tərəfinə keçə bilməmişdi.

Çöldonuzunu bir təhər sürüyüb maşının yanına gətirdik. Oradaca soyub ətini maşına atdılar. Hava qaralmağa başlayırdı. Əlavə çöl quşlarını ovlamaq təxirə salındı. Əslində quş ovu qaban ovunun “b” variantı idi. Alınmasaydı quş vuracaqdılar.

Xalamın əri maşını işə salanda elə bildim evə qayıdırıq. Yorulsam da doymamışdım açığı. Məlum oldu ki, evə qayıtmırıq. Qonşu kəndin yanındakı qışlaqda bir tanışları vardı. Əti ora aparıb kabab edəcək və yeyib içəcəkdilər. Bu xəbərə çox sevindim. Sərgüzəştlərimiz davam edirdi.

Qışlağa yol bir az uzaq idi. Qrunt yolları maşını atıb tuturdu. Bir az sonra salonun istisindən yuxuya getdim.

Bir də ayıldım ki, maşından heç kim yoxdu. Üstümdə dayımın dostunun böyük kürkü var. Ona “tulub” da deyirlər. Yorğandan da isti edir. Ətraf qaranlıq olduğundan gözümün öyrəşməyi bir az vaxt apardı. Ay çıxsa da bulutların arxasından şöləsi zəif idi. Paltomu geyinib maşından düşmək istəyirdim ki, içimdən bir səs içəridə qal dedi. Pəncərədən baxın harada olduğumu müəyyənləşdirmək istədim. Qışlaq xeyli aralıdaydı. “UAZ”-ı niyə bu qədər kənarda saxladıqlarına təəccüb elədim. Yaxına sürmək olmazdımı?

Qaranlıqda ətrafı öyrənməyə çalışırdım ki, birdən maşına tərəf bir canlının yaxınlaşdığını hiss etdim. Əvvəl itə oxşatdım. Nə də olsa yaxınlıqda qışlaq var. Oranın itləridi. Amma gələn heyvanın it olmadığını fərq etdim. Həm boyu, həm də yerişi. Beynimdən ildırım kimi bir fikir keçdi. Həqiqətənmi odur…

Artıq şübhəm qalmamışdı. Bu canavar idi. Onun ardınca daha 3 canavar peyda oldu. Birinci gələn maşının qarşısında çöməltmə oturdu. Üzü mənə tərəf baxırdı. Maşında hansı tərəfdə olduğumu da sanki bilirdi. Qalanları onun ətrafında durmuşdular. Heçbiri üzü mənə deyildi.

Dəstənin başçısı (davranışından elə hesab etdim) durub maşının ətrafına dolandı. Bir müddət gözdən itib yenidən qayıtdı. Sanki əmin olmaq istəyirdi ki, ətrafda başqa heç nə yoxdu. Onun hərəkətlərini elə maraqla izləyirdim ki, ağzım açıq qalmışdı. Özümdən xəbərsiz maşının şüşəsinə üzümü dirəmişdim. Canavarın niyyətinin heç də mənimlə oynamaq və insana baxmaq olduğunu düşənəcək qədər də uşaq ağılda deyildim. Amma maşının içində olmağım və şiddətli maraq qorxunu bir az azaltmışdı.

Birdən canavarın sifəti altından çıxıb qarşımda peyda oldu. Sən demə o da içəridən onu izləyəni yaxından görmək istəyirdi. Pəncələrini qaldırıb qapının üstünə qoymuşdu. Əvvəl hürküb geri çəkilsəm də aramızda qalın şüşə olduğunu xatırlayıb yaxınlaşdım. Canavarın burnundan çıxan buğ pəncərədə buxar izi qoyurdu. Təbiətin ən vəhşi, ən mərhəmətsiz, ən güclü heyvanıyla üz-üzə, göz-gözə dayanmışdım. Haqqında əfsanələr oxuduğum, dinlədiyim boz qurd buymuş demək.

Sarımtıl gözlərlə nə qədər baxışdığımızı bilməsəm də mənə uzun müddət kimi gəldi. Nəhayət o vəziyyətdə durmaqdan bezib yerə düşdü. Başladı maşının ətrafında yenə dövr etməyə. Bir-iki dəfə kapotun üstünə çıxmağa cəhd etsə də alınmadı. Məni yemək istəmələrini artıq gizlətmirdilər. Romantikadan ayılıb reallığı görməyə başladım. Yavaş-yavaş qorxu məni bürüməyə başladı. Tək olduğumu və köməksiz qaldığımı düşündükcə qorxum daha da artdı.

Birdən atəş səsi eşidildi. Canavarlar tez aradan çıxdılar. Qaranlığın arasından dayımın dostu göründü. Maşının qapısını açıb məni çölə çıxartdı.

Qorxumdan ayağım yer tutmurdu. Bir təhər onunla qışlağa tərəf getdim. Arada çay axdığından daşların üstüylə ehtiyatla, ehmallıca keçdik. Maşını niyə aralı saxlamaqları mənə agah oldu.

Çathaçatda niyə atəş açdığını soruşdum. Elə bildim canavarları görüb. Dedi ki, sadəcə hər ehtimala qarşı bir güllə boşaldıb. Ona canavarlarla əhatələndiyimi dedikdə qorxdu. “Nə yaxşı qapını açıb çölə çıxmamısan. Səni o saat parçalayardılar. Sümüklərin də qalmazdı”.

İçəri keçəndə gördüm ki, kabablar artıq stolun üstünə gəlib. Ortada qrafinkada ağ maye var. Bildim ki, araqdı. Dayımın dostu başıma gələnləri onlara da dedi. Bir anlıq susdular. Ən çox dayım şok keçirdi. “Sənə bir şey olsaydı bacıma nə cavab verəcəkdim. Səni bir də gətirməyəcəm”.

Dayım gələcək ovları üzümə bağlasa da gördüklərimdən çox razı qalmışdım. Bir ömür boyu unuda bilməyəcəyim xatirəm vardı.

Təqribən 2 saatdan sonra tərpəndik. Dayım çantasından qumbaraları çıxardıb “buşlat”ının cibinə qoydu. Yolda birdən canavarlar hücum edərlərsə hazır olsun.

Səhərisi başıma gələnlər bütün kəndə yayıldı. Artıq bir qəhrəman olmuşdum.

https://reschadbabali.wordpress.com/2016/09/24/canavar-hekay%C9%99/

“Kruq”laşabilməmək

İşsizlik adamı bir çox məsələlər üzərində daha çox düşünməyə vadar edir. Niyə iş tapa bilmirəm? Bəlkə fərsizəm? Bəlkə müəyyən bölgələrdən deyiləm deyə? Bəlkə yaxşı day-dayım yoxdu? Bəlkə dilim acıdı? Bəlkə insanlarla ünsiyyət qura bilmirəm? və s. Bütün parametrlərlə özümü çək çevirə salıram. Ən çox da özümü qınayıram. Fikirlərdə dağı dərəni dolaşıb gəlsəm də türklər demiş əldə var 0.

Ölkəni idarə edənlərin suçunu inkar etmirəm. Ən əsas günah onlardadı. Elə bir şərait yaradıblar ki, şərəfini qoruyaraq yaxşı demirəm, normal yaşamaq üçün gərək mütəxəssis olasan. Sahəndə o qədər nadir olmalısan ki, ictimai-siyasi mövqeyinə dözsünlər. Amma o da sənə əvəz tapılana qədər. Başqa halda çox çətindir. Qarşını regional, siyasi, çevrə məhdudiyyəti kəsir. Üstəlik həm özəl, həm də dövlər müəssisələrində yaradılmış alçaldıcı mühit də digər tərəfdən insan ləyaqətini alçaldır. Müdirlərə xəbərçilik etmək, qruplaşmalar, kimlərəsə “torba tikmək” və s.

universalfields-14

Sadaladıqlarım öz başıma gəlib. O şərtlərlə razılaşmayıb ayrılmışam. Yeni iş yerləri axtaranda da potensial belə yerlərdə iş axtarmaqdan vazkeçmişəm. Hətta mənə istiqamət veriblər ki, get filan yerdə filankəsin yanına götürəcək. Amma artıq orda siyasət zad danışma. Hamı necə sən də elə. Başını aşağı sal işini gör. Yuxarıların da sözündən çıxmaz. Göt öpməklə ağız mundar olmaz və s.

Bütün bu təkliflərə yox deyərkən elə bilirim ki, məndən başqa da asi çıxanlar az olmaz. Axı uşaqlıqdan bəlli dəyərlərlə böyümüşdük. “Ac ol, kişi ol”, “Kişi tüpürdüyünü yalamaz”, “Kişi satmaz”, “Kişi cırığa qoymaz”, “Kişi mərd olar”, “Kişi cındırlıq etməz” kodlaması aşılanmışdı. Amma çox gec fərqinə vardım ki, ölkədə yaşamağın şərtləri bunların tərsini etməkdir.

Böyüdükcə, yaşa dolduqca siyasi dünya görüşüm də formalaşdı. Azərbaycanı idarə edənlərlə eyni cərgədə olmayacağımı anladım.Özümü maksimum xirtdəyə qədər korrupsiyanın, cinayətin içində olanlardan aralı tutmağa çalışdım. Onsuz da dar olan iş imkanlarımı şüurlu şəkildə bilərəkdən daha da daraltdım.

İxtisasım da imkan vermirdi (jurnalistika). Bundan əlavə sənətimlə əlaqəli olmayan işlərdə də çalışmışdım. Narazı da deyildim. Əmin idim ki, vicdanla çörək qazanıram.

Mənim də balam var bəhanəsinin arxasına sığınmadım. Əşşi adicə mətindi də oxuyuram, mən deməməklə nəsə dəyişəcək ki düşüncəsinə qarşı çıxdım. Ən azı öz payıma bunu etməyim dedim. Br güllə ba olmasa da tərəfim bəlli olsun. Çıxıb yalanları danışmağım 1 adamı belə aldadacaqsa alçaq iş tutmuş olacam. İşdi deyib iftiralar atmaq, alçaltmaq, ülvi dəyərləri dəyərsizləşdirmək cinayətdi aləmimdə.

Bu cür havayla hakimiyyətin proyektlərindən qaçmağa başladım. Jaləli və digər oliqarx, məmur mediasını istisna etdim. Anlayırdım ki, orada işləsəm düşüncələrimə də müdaxilə edəcəklər. Deyəcəklər ki, facebook statuslarına “diqqət” et, filankəslərlə oturub durma, filan aksiyalarda, tədbirlərdə görməyək səni və s. Birbaşa deməsələr də dolayısıyla çatdıracaqlar. Haqqlı da çıxdım. Ələlxüsus jaləli mediada belə hallar baş verdi. Həmin redaksiylarda işləyib ayrılan xeyli adamdan yuxarıda qeyd etdiyim şeylərin baş verdiyini eşitdim. Demək ki, zənnim məni aldatmırdı.

Oliqarx KİV-indən imtina etdim amma ümidim özümə yaxın bildiyim mediaya idi/ Hansılar ki, özüm kimi qəbul edirdim. Məmulardan maliyələşmir, xəbər siyasətini hakimiyyət müəyyən etmir və ən əsası eyni dəyərləri bölüşdüyüm insanlarla işləyəcəm. Ancaq fələk mənə öz saymağını göstərdi. Ağzımın üstündən elə zərbə vurdular ki. Həbsdə olarkən haqqlarını savunduğumuz Emin Millinin “Meydan tv-“ nə düşmək üçün tamam başqa kriteriyaların əsas olduğunu gördüm. Eləcə də Azadlıq radiosu, Azadlıq qəzeti və digər bir neçə əldə ovucda qalmış nisbətən müstəqil KİV-lərdə. Gördüm ki, biət etməlisən. Müəyyən “budda”ların əlini öpməsən, onlara qarşı gəlməməlisən. Ən əsası isə bəlli bir “kruq”a daxil olmalısan. Orada insanın əqidəsi, keçmişi də ciddi mənada rol oynamır.

Vaxtilə oliqarx mediasının keçmiş əməkdaşlarının realibitasiyası son zamanlar açıq aydın hiss olunur. Müalifəti, liderini, oradakı insanları aşağılayırdılar. Olduqları mövqedən çıxış edib qarşı tərəfə yağdırmadıqları təhqir qalmamışdı. Amma elə ki. lazım olmayıb atıldılar başladılar söydükləri ünvana bu dəfə təriflər yağdırmağa. “Qələt elədik” moduna girməyə. Tövbələri qəbul olundu. 1-2 müxalifət (konkret partiya və şəxs, şəxslər) lehinə sözlər deyldi, yazıldı. Beləliklə keçmiş günahları bağışlandı. Arxivlərin açılmasına heç ehtiyac da qalmadı.

Sən demə müxalif camiə adicə xoş sözə, tərifə, yaltaqlanmağa bənd imiş. Vəssalam, hər şey keçmişdə qaldı. Belə çıxır ki, indiyə qədər etdiyimiz fədakarlıq, özünüməhrum etmə boşunaydı? Əsas dəyərlər yox, yanında olmaq əsasdı? Əgər beləydisə nə hacət var idi bu qədər həngaməyə?

Sabah Eynulla Fətullayev, Rauf Arifoğlu, Vüsal Məmmədov, Taleh Şahsuvarlı, Əli Əkbər və digər müxalifəti daima tənqid və təhqir edənlər qəhrəman və sevimli ola bilərlər. Başqalarını bilmirəm, amma mən inanıram ki, elə belə də olacaq.

Bir ara düşündüm xəbər saytı işlədim. Adı, dizaynı, hətta texniki təminatına qədər düşünmüşdüm. Baxdım hər şey gözəl də amma əsas şey-maliyyə yoxdu. Sadəlovcəsinə reklamdan qazanaram dedim. Ancaq yaxşıki bu fikrimi bilən bir neçə adamla gənəşdim. Qəşəngcə sadəlöhvlüyümə güldülər: Qaqa, harda yaşadığını bilirsən? Nə reklam? Ya hansısa məmur pul buraxır ayda filan qədər, ya hansısa fonddan qrant alırsan, ya da reketçilik. Paket-maket də var. Reklamla zadla bu işlər olmur. Vəssalam. Sonra da reketçilər bir “dvijeniya edib olacaqlar yorğun demokratlar.

P.S. Prinsiplərimdən va keçməyəcəm. başqa cür də ola bilmirəm artıq. Ancaq əvvəlki saflığımda olmayacğım dəqiqdi.

https://reschadbabali.wordpress.com/2016/09/20/kruqlasabilm%C9%99m%C9%99k/

Azərbaycanlı olmayan azərbaycanlılar

Azərbaycan “obıvateli”nin bəhanə uydurmaqda dünyada analoqu yoxdu desəm şişirtmərəm yəqin ki. Bütün uğursuzluqlara, prinsipsizliklərə, qorxaqlıqlara, riyakarlıqlara həmişə bəhanəsi var.
Məsələn belə bir giriş görə bilərsiniz. “Mən nə müxalifətçiyəm, nə də iqtidar tərəfdarı, bitərəf adamam”, “Müxalifət də, iqtidar da hamısı eynidi” kimi söz başlayanların böyük əksəriyyəti sözünə belə davam edirlər:1318419826_38d0c05b37026df42ff17d13fdd5868e_893953077
Bu müxalifət var ha, bunlar xaricdən pul alıb ölkəni satırlar. Bunlar hakimiyyətlə əlbirdilər. Neçə ildi müxalifətdədilər, əllərindən bir iş gəlmir. Gəncləri verirlər qırğına. Elə hey pisləyirlər. Bir dəfə də yaxşını deyin də və s.
Belələrinin ağzında iqtidarı birbaşa tənqid edən hər hansısa ifadə görməzsən. Uzaqbaşı belə deyəcəklər. “Ölkənin yiyəsi yoxdu, məmurlar harınlayıblar, özbaşınalıqdı, heyf deyildi sovet vaxtı, yesinləreee, amma iş də görsünlər də, bizi istəməyən qüvvələr imkan vermir, özü yaxşıdıyee, ətrafındakı qurdlar imkan vermir” və s.
Azərbaycanlı “obıvatel” elə hesab edir ki, bunun haqqını kimsə başqası qorumalıdı. Evində su gəlmirsə, uşağına yaxşı dərs keçmirlərsə, işdə aşağılanırsa, maaşı müxtəlif səbəblərlə kəsilirsə, vergi işləməyə imkan vermirsə, ev tikmək üçün icra dədəsinin qiymətini istəyirsə, məhəlləsində yol it günündədirsə, avtobusları Beyləqandan mal daşıyan maşınlardan da pis şəraitdədirsə, aldığı dərman sağaltmaq əvəzinə öldürürsə, dükan-bazardakı qidalar xəstəlik mənbəyidirsə bununla ancaq bir qrup adam məşğul olmalıdır.
Bir qrup adam bunlar üçün dubinka yeməlidi, həbsə düşməlidi, yazı yazmalıdı, tutulan müxalifətçilər üçün məhkəmə qarşısına getməlidi və ümumiyyətlə etiraz etməlidi. Orta statistik azərilər isə gündəlik həyat tərzlərini pozmamalıdılar.
Dəfələrlə belə bir halın şahidi olmuşam. Xüsusən jurnalist kimi işləyəndə. Hansısa şikayəti yazmağa, çəkməyə gedirsən. Başına yığışıb o ki var döşəyirlər. Aidiyyatı orqanın üzü-astarı qalmır. Elə ki deyirsən gedək bir yerdə şikayətinizi araşdıraq, aidiyyatı orqanda bəhanələr və aradançıxmalar başlayır. Bir bənanəylə yoxa çıxırlar. Ondan əmindilər ki, jurnalist həll etməlidi problemlərini. Hələ üstəlik şirinlik zad da təklif edirlər.
Azərbaycanlı “obıvatel”in əsas bəhanələrindən biri də budur ki, indiki müxalifət satılıb. Həm iqtidara, həm də xaricə. Xalqı düşünən yoxdu. Öz keflərindədilər. Hətta bunu deyənlər də tapılır: “Fikirləri ancaq hakimiyyətə gəlməkdi”. Necə səfeh düşüncə olması barədə müzakirə açmaq istəmirəm.
Müxalifətin olmadığını deyənlərə hər zaman belə qarşılıq verirəm: Deyirsiniz ki, Əli Kərimli, İsa Qəmbər satılıblar. Lap tutaq ki, elədi. Yoxdular, gücləri tükənib, marginallaşıblar. Amma bu faktı qəbul etməklə sənin problemin azalmır axı. Onlar yararsız çıxdılarsa, sən keç meydana. Göstər əsl müxalifət necə olur. Fədakarlığını, dözümünü, prinsipiallığını, davamlılığını sərgilə. Ortaya iş qoy. Alternativ ol və baxaq görək dilinə görə dilçəyin varmı?
AXCP və Müsavatı köhnənin qalığı sayanlara yeni qüvvəni göstərirəm. REAL hərəkatını. Demirdiniz ki, klassik müxalifət 1988-93 ab-havasından çıxmayıb, alın sizə yeni ünvan. Buyurun ora gedin. O təşkilatı gücləndirin. Elə mübarizə nümunəsi qoyun ki, klassik müxalifət utansın ki, mübarizələri onların yanında heçnədi. REAL İdarə Heyətinin üzvü saxlanıldı, amma səndən səs yoxdu əziz bəhanələr kralı.
Başqa ölkələrin təcrübəsində də görürük ki, aktiv siyasi mübarizə aparan bir ovuc adamdı. Onlar yazır, mitinqə çıxır, etiraz edir, həbsə düşür, qısası, əsas yükü öz üzərlərində daşıyırlar. Lakin onları bizdən fərqləndirən odur ki, aktiv siyasətə qatılmayan hissə passiv də olsa münasibətini göstərir. Aktivistlərə müxtəlif yollarla yardım edirlər. Ya pulla, ya iş tapmaqda kömək edirlər, həbsə düşənlərin ehtiyaclarını qarşılayırlar, qəzetlərini alırlar, maddi-mənəvi yardımlarını əsirgəmirlər. Bizdə bəs necədi? Nəinki yardım edilir, əksinə hansısa işəgötürən biləndəki işçisi müxalifətçidi çalışır ondan uzaq olsun. Bir bəhanə tapıb uzaqlaşdırır.
Yazar dostlar bunu yaxşı bilərlər. Hansısa yazın tutur, çox oxunur. Neçə-neçə adamın ürəyindən tikan çıxardır. Ancaq bir hissə olur ki, yazını paylaşmır, şərh yazmır. Ya zəng edərək, ya da mesaj kimi münasibətlərini bildirirlər. Bəhanələri də odur ki, filan yerdə işləyir, açıq deməsə də ürəyi əslində bizimlədi və s. Yəni istəyirlər ki bir qrup adamı qabağa verib qırdırsınlar. Gələn təzyiqin qarşısında da özlərini elə göstərirlər ki, sanki bu söhbətlərdən xəbərləri yoxdu. Buralı deyillər.

https://reschadbabali.wordpress.com/2016/08/21/az%C9%99rbaycanli-olmayan-az%C9%99rbaycanlilar/

%d такие блоггеры, как: