Səxavət Məmməd


«Qız qalası qondarma addır, biz onun tarixi adını qaytarmalıyıq» — ARAŞDIRMA + FOTOLAR

Qız qalası — haqqında əfsanələr, rəvayətlər qoşulmuş möhtəşəm abidə. Kimi deyir müdafiə qalası olub, kimi deyir daxma (ölülərin yığıldığı yer), hətta bu abidəni yadplanetlilərin tikdiyini deyənlər də var. Bu abidənin Leyli və Məcnunun qəbrinin üzərində ucaldığını deyənlər də az deyil…
Bəs əslində bu qala nə zaman, nə məqsədlə və kim tərəfindən tikilib? Gəlin bu suallara cavab tapmağa çalışaq.
Qız qalası ilə bağlı araşdırma aparanlar arasında oxuduqlarımdan mənə ən maraqlısı və diqqətimi cəlb edəni araşdırmaçı və ezoterikaçı yazar İsgəndər Tağıyevin yazdıqları olmuşdu. Araşdırmalarında İsgəndər Tağıyev Qız qalasının adı, funksiyası ilə bağlı tam fərqli fikirlər səsləndirir. Ona görə də İsgəndər Tağıyevlə elə Qız qalasının yanında söhbət etməyi qərara aldım. Ölkə.Az saytı üçün xüsusi olaraq hazırladığımız müsahibəmiz çox uzun və maraqlı oldu. Çünki müsahibimiz bir çox müəmmalı məsələyə aydınlıq gətirir. Sizi əmin edirəm ki, darıxmayacaqsınız.
— Öncə gələk qalanın adına. İnsanları ən çox çaşdıran qalanın adıdır…
— Bizim mədəniyyətdə bu abidə ilə bağlı qız və ata süjet xətti yoxdur. Heç bir müsəlman və türk mənbəyində bu cür ada rast gəlinmir. XIX əsrin axırı və XX əsrin əvvəlləri qızların məhəbbəti ilə bağlı, ən çirkin ata və qız münasibəti kimi versiyalar ortalığa atılıb. Bu versiyalar abidənin tarixini öyrənən zaman bizə çox böyük maneələr törədir. Qız qalası adı ona yapışdırılmış ləqəbdir. Təkcə Azərbaycanda əlliyə yaxın «Qız qalası» adlı abidə var. Bunların sayı daha da çox ola bilər. Axtarmaq lazımdır.
— Bəs nəyə görə bu qədər «Qız qalası» var Azərbaycanda?
— Təkcə Azərbaycan yox, mən daha geniş işlədim bu mövzunu, İstanbuldan Pakistana qədər. Bu ərazilər daxilində 200-dən çox «Qız qalası» adlı tikili mövcuddur. Moldaviyada, Ukraynada, Balkanlarda, Türkiyədə, İranda, Gürcüstanda və.s. Təkcə Türkiyədə 40-dan çox Qız qalası adlı abidə var. Azərbaycandakı ən gözəl Qız qalası Gədəbəy rayonu ərazisindədir. O qalanın əsl adı isə Namərd qalasıdır.
Hər bir Qız qalasının öz tarixi adı var. Misal üçün İstanbulda olan və körfəzdə yerləşən «Kız Kulesinin» əsl adı Leandr qalasıdır.
Bakıdakı məhşur Qız qalasını 19-cu əsrə qədər Hunzar qalası adlandırırdılar və bizdə bunu təsdiqləyən dörd mənbə var. Çox təəssüflər olsun ki, təkcə adi vətəndaşlar yox, hətta tarixçilər də bunu “unudub”, dərsliklərdə, ali məktəb kitablarında, uşaqlar üçün cizgi filmlərində bu abidəni bir qızın dramı kimi təqdim edirlər. 1928-ci ildə Qız qalası adlı balet də üzə çıxıb (librettosu əcnəbi Fituni, musiqisi isə Əfrasiyab Bədəlbəylinindir). Ondan da əvvəl 1920-ci illərdə “Qız qalası” adı ilə propaqanda xarakterili film də çəkilib. Bütün tarixçilər abidənin əsl adını (yəni tarixi adını) tapmağa çalışıblar, bəlkə də tapıblar, ancaq üzərinə getməyiblər. Məsələ ondadır ki, tarixi qalanın əsl adında axtarmaq lazımdır. Niyə görəsə bizim alimlər və araşdırmaçılar çalışırlar ki, bu qalanın adını və funksiyasını qondarma addan (Qız Qalası) tapmasınlar. Bu cəfəngiyatlara gətirib çıxardır. Çünki “Qız qalası” sözü onların fantaziyasına uyğunlaşmayanda daha çox «Göz qalası», «Quz qalası» kimi fantaziyalar yaradıblar. Axırıncı versiya göstəir ki, Leyli-Məcnun qəbrinin üstündə ucaldılıb bu abidə.
Mütləq qalanın adını bir qızla bağalayacaqlar…
Hunzar, Ozirus, Misir və Azərbaycan
İsgəndər Tağıyevin versiyasına görə, əslinə qalsa bu qalanın tarixi adı «Hunzar»dır. «Hunzar» Azər tanrısının adı ilə bağlıdır. Misirdə hər il Azər tanrısının, yəni Ozirusun şərəfinə bayram keçirilirdi. Biz Novruz bayramını keçirdiyimiz kimi, misirlilər də Nil çayı daşanda bayram keçirirdilər. Misirlilər Ozirusa (Azər allahı) həyat gətirən, yeni il allahı kimi baxırdılar. Əslində isə Bakıda yerləşən Qız qalası isə günəş dövrünə nəzarət edir. Misirlilərin bayramı ilə eyni bir sistemdir. Hətta misirlilər də Ozirus bayramında səməni qoyurlar. Azər tanrısı həyat tanrısıdır. Bizim qala da Azər tanrısının adı ilə bağlıdır. «Hunzar» — Azər tanrının evi deməkdir. Hun – xana, ev deməkdir, Azər isə təkcə misirdə yox bütün şərqdə ta qədimdən Ozirus allahın adıdır.
— Niyə Azərbaycan adını Misirlə bağlayırıq?
— Çünki o zaman Azər tanrısı təkcə Misirin yox, bütün planetin tanrısı sayılırdı. Ona görə də, misirlilərin Azər tanrısını şərqdən gözləyirdilər. Onlar deyirdilər ki, şərqdə ada var, odlu ada, bütün onların ehramlarının istiqaməti də şərq tərəfə yönəlib.
Qız qalasının bizim dövrdə (son 200 il ərzində) rusiyalı akademiklər, sovet alimləri və başqa araşdırmaçılar sirrini aça bilməyiblər.
Tarix elmində Qız qalası ilə bağlı qız, ata sujetindən və məhəbbətdən başqa 3 zəif versiya var:
1. Hərbi qala.
— Nə üçün zəifdir bu versiyalar?
— Ona görə ki, bu qala hər tərəfdən “kordur”, qalanın bütün 9 pəncərəsi dənizə baxır və hətta qalanın üzərindəki zolaqlarla düşmənlər yuxarı qalxa bilərdi.
2. Mayak.
Bu da çox zəif versiyadır. Çünki orta əsrlərdə hətta gündüz vaxtında belə dənizdə gəmilər az olurdu, demək olar ki, olmurdu. Gecə isə gəmilər hərəkət etmirdi. Mayak isə gecə üçün yaranıb.
3. Daxma.
Bu versiya da çox zəifdir. Birinci və ən vacib daxma yaşayış məskənindən bir neçə kilometr uzaqlıqda yerləşərdi. Çünki o, ölülərin yığıldığı bir yerdir, yaşayış məntəqəsindən uzaq olmalıdır, ona görə ki, üfunət verirdi. Onların hündürlüyü maksimum 4-5 metr olardı. Qız qalası əlbəttə ki, daxmaya heç cür oxşamır. Qız qalası nəhəng bir tikilidir və iqtisadi cəhətdən hər bir ölkə həmin dövrlərdə də bu tiklini tikə də bilməzdi. Bu qala tikilən vaxt tikintisində istifadə edilən daşlardan Bakının yarısını tikmək olardı.

— Qız qalasının arxitekturasından danışaq…

— Qız qalasının arxitekturası o qədər güclüdür ki, bu qala hələ bundan sonra 5 min il də dayanacaq və ona heçnə olmayacaq. Qız qalasının ümumi diametri 16.5 metrdirsə, aşağıda divarının qalınlığı 5.5 metrdir. Qala 100 metrlik qayanın üstündə yerləşir. Atom bombası da partlasa bu qala dayanacaq.
— Bəs Qız qalasının əslində funksiyası nə olub?
— 2008-ci il 22 dekabrda Qız qalasında Abşeron ərazisinin baş arxeoloqu İdris Əliyenin rəhbərliyi altında kiçik bir elmi ekspedisya keçirilirdi və məni də dəvət etmişdilər. Ekspedisiya zamanı İdris Əliyevdən başqa astronomiya inistutunun əməkdaşları, geofiziklər və geodezistlər var idi.
— Niyə məhz 22 dekabr?
— İngiltərədə, araşdırmaçı Abbas İslamov ingilis dilində kitab buraxıb. O kitabında yazıb ki, 22 dekabr günəşin ilk şüası Qız qalsının böyük pəncərəsinə düşür və bu hər il təkrarlanır. Bu informasiyanın əsasında ekspedisiya təşkil olunmuşdu. Biz ona görə qalada olduq və həqiqətən o hadisənin şahidi olduq.
— Bu ekspedisiya sizə nə verdi?
— Ekspedisya çox maraqı keçdi və mənim üçün əsas o oldu ki, bu hadisənin azimutu GPRS-lə dəqiq ölçüldü.
Mütəxəssislər bunu ölçdü və hadisənin azimutu 121 dərəcə 30 dəqiqə olduğu ortaya çıxdı. 121-30 rəqəmi uzun müddət məni düşündürdü. 8-9 ay 121-30 rəqəmləri beynimdən çıxmadı. Çünki hiss edirdim ki, bu rəqəmlər qalanın üstündə zolaqların sayı ilə 31 qabarıq, 30 batıq rəqəmlərələ daxildən sanki bağlı idilər. Heç cür tapa bilmirdim bu bağlılığı. Səhərə yaxın idi sanki qulağım səs gəldi ki, “9-u götür”. Əyan əslində açıqlama oldu mənim üçün. Yəni bütün dövrlərdə azimutu şərqdən götürürdülər ancaq hal-hazırda şimaldan götürürlər. Yəni 90 dərəcə az, 121 dərəcə 30 dəqiqədən 90 dərəcə çıxanda 31 dərəcə, 30 dəqiqə qalır. Həmin bu konstant qalanın qərb tərəfindən indiki qapı girişinin üstündə saymaq olur. Maraqlı nəticələrdən biri də o oldu ki, Abbas İslamov bizi çox maraqlı bir ideaya yönləndirmişdi. Onun əsasında mən başa düşdüm ki, əsas o deyildi ki, hər il 22 dekabr günəşin ilk şüası qalanın böyük pəncərəsindən içəri düşür. Əsas o idi ki, şüalar kontrforsla parallel olurdular və mən başa düşdüm ki, bu binanın əsas səmti 22 dekabrı göstərir.
Qalanın üzərindən baxdıqda düz ox əmələ gəlir, bu 22 dekabrı göstərir.
Qalanın silindirindən gələn ox isə 21 martın göstəricisidir.
Qalanın üçüncü səmti də var 21 iyun səmti. Qalanın yuxarı çıxışının qapısı 21 iyuna yönləib.

Ümumiyyətlə il ərzində günəş üfüqdə saatın kəfkiri kimi o yana bu yana gedir. 21 iyundan 21 dekabra qədər. 21 dekabr və 21 iyunda günəşin qıraq nöqtləri, hərəsi 3 gün olan durğunluq dövrləri var. O dövr günəş hərəkət etmir, bir az yuxarı çıxır, 3 gün ərzində bu artır. Əslində 22 dekabr yeni bir günəş dövrünün başlanğıcıdır. Çünki 21 dekabr ən uzun gecədir təqvimdə. 22 dekabrdan başlayaraq hər gün dəqiqələr artır. Günəşin durğunluq günlərindən başqa 2 bərabərlik günü də var. 22 mart və 22 sentyabr. Həmin vaxt onların səmtləri bir-birinin üstünə düşür. Ona görə də Qız qalasında günəş dövründə əsas günlərin yəni durğunluq və bərabərlik günləri 4 yox, 3-dür. Ondan başqa 22 mart və 22 sentiyabrın səmti şərqlə qərbin oxudur.

— Qalanın üzərindəki 31 qabarıq və 30 batığın mənası nədir?
— Bu 31 dərəcə və 30 dəqiqə deməkdir. Bunu anlamaq və dərk etmək üçün fotoya baxın.

Siz görəcəksiz ki, bu konstant astronomik halın göstəricisidir. Yəni 22 dekabr və 22 martın kəsişdiyindən yaranmış küncdür. Bizim onu yaddan çıxartmamamız üçün bunu kodlaşmış formada qalanın qərb tərəfində veriblər.

Qabarıq və batıq sıraların kod sistemi ilə 3 əsas astronomk constant göstərilir. Birini biz göstərdik, ikincisi isə qalanın şimal tərəfində verilib. Bu tərəfdən siz fikir versəniz boş sıralar ağ gəclə doldurulub. Bunu onun üçün ediblər ki, boş sıralar dərəcə kimi sayılsın və buradakı qara ağ zolaqlar 63 sıradır. Yəni 63 dərəcidir.

— Bu nəyin gösəricisidir?
— Bu göstərici günəşin 21 iyundan 21 dekabra qədər il ərzində tam hərəkət trayektoriyasını göstərir. Bu yolun ölçüsü 63 dərəcədir. Ona görə bu şimal tərəfdən divar kimi verilib.
Digər 3-cü konstant qalanın kontrforsu ilə bağlıdır. Kontrforsun üstündə 23 qabarıq 22 batıq sıralar dövr edir və bu ekliptikanın göstəricisidir.
— Ekliptika nədir?
Yəni bizim planetimizin günəşə tərəf yönlənməsidir. Bizim planet 23 dərəcə əyilib.
40 min il ərzində bizim planetimizin oxu 23 dərəcədən 26 dərəcəyə qədər dəyişib. İndiki mərhələdə 23 dərəcə 27 dəqiqədir. Gördüyünüz kimi burada 5 dəqiqə çatmır. Bu məsələ mənə imkan verdi ki, bizə çatan qalanın tarixini öyrənim. Araşdırmalarım göstərir ki, ekliptikanın hər dəqiqəsi 220 ilə dəyişilir və onu çatışmayan 5 dəqiqəyə vuranda 1100 il alınır. Yəni 1100 il bundan qabaq 10-11-ci əsrdə ekliptikanın ölçüsü 23 dərəcə 22 dəqiqədir və bu ölçü qalanın tikildiyi dövrə aiddir. Bunu da qeyd etmək istəyirəm ki, bəzi araşdırmacılar təkzib edirdi ki, bu qalanı tikən Məsud ibn Davud olub. Ancaq həqiqətən bu qalanı Məsud ibn Davud bundan öncəki 14 metr hündürlüyü olan qalanın üzərində inşa edib. O dahi bir memar olub…
Ümumi baxımına görə bizim qalanın forması çox sirlidir biz bunu qeyd etdik. Qalann sirrinin açıqlanmamasının əsas səbəblərindən biri ondan ibarətdir ki, biz qalaya aşağıdan yuxarı baxırdıq. Onun proeksiyasını görmürdük.
— Bizim qala hansı dövrün tikilisidir?
— Bizim qalanın yuxarıdan görünüşü spiral-dövrili tikildir. Belə tikililərin analoqunu nə orta əsrlərdə, nə də antik dövrdə tapmaq olmaz. Spiral-dövrili tikililər Stounxeç, Arkaim, Nyuqreinc, Maçupikçu və başqa dairəvi kromlexlər və meqalitlərdir. Ezoterik bilgilərə görə 6000-6500 il bundan qabaq yer kürəsində 83 min dairəvi spiral tipli qalalar tikilib. Bu tikililər buğa erasında tikilib. Hər bir eranın dövrü 2160 ildir. Qız qalası da dairəvi spiraldır. Qız qalasının 3 əsas oxu var və üzərində 3 astronomik konstant var bu da onu göstərir ki, Bakıda yerləşən Hunzar qalası (qız qalası) yuxarıda göstərilən qalaların analoqudur.

Yuxarıdan baxanda bütün günəş observatoriyaları 2 əsas elementdən qurulur. Dairəvi nəzarət yolu və yaxın nişangah, günəş çıxanda isə olur uzaq nişangah.

Ayrı-ayrı vaxtlarda yazılan rəvayətlər bizə gəlib çatıb. Onlardan ikisi çox maraqlıdır. Çünki bu rəvayətlər imkan verir ki, arxaik qalanın təsvirini görək.
O qalanın hündürlüyü 14 metr olub və 14 metr də üstünə tikərək indiki gördüyümüz qala 28-30 metrə çatıb. Bu da elə-belə deyil. Çünki bizim qalanın tikintisi arxaik bir tikilinin formasında tikilib.
— Qalada hansı dəyişikliklər olub?
— Qız qalasının içərisi quyu kimi 1964-cü ilə kimi boş olub.

1964-cü il sovet hakimiyyəti betonla qalanın içərisində 8 mərtəbə yaradıblar. Bu qala əslinə qalsa çox böyük astronomik mərkəz olub. Bunun anoloqun biz Səmərqənddə Uluqbəy astrologiya observatoriyasında görürük. Uluqbəyin bir neçə astronomik cıhazları yer üzündə idi. Bir cihaz isə 30 metrlik quyuda idi və onun dibinə enli məcməylərdə civə tökürdülər. Çünki civə görüntü həcmini artırır və gecə vaxtı quyunun üstündən keçən ulduzlar və bürclər məcməidə sanki teleskopun reflektoru kimi görünürdü. İndi təsəvvür edin, bizim qalanın içərisində 5,5 metrlik astronomic cihaz yerləşə bilərdi. Bundan danışmaq lazımdır, yoxsa qız tullanıb, ad qalıb kimi rəvayətlərin vaxtı keçib. Qız qalasının 9 pəncərəsi də üfüqə baxır. Qalanın aşağıdakı diametri 5 metrdir, yuxarıda isə 4 metr. Sanki qalanın dibində reflektor teleskop var idi. Qalanın içərisinə böyük məcməylərdə civələri töküb günəşi, ayı, və digər planet və ulduzları izləmək mümkün idi..

Bakı hal-hazırda dünya okeanından 28 metr aşağıda yerləşir. Bu qalanı tikənlər bunu bilərək ediblər. 14 metrlik Hunzar qalası təxminən 6500 il öncə tikilib. həmin vaxt dünya okeanı 14 metr aşağı idi. Bu qalanı ona görə tikiblər ki, okean səviyyəsi ilə eyni olan yerdən bütün astronomik hadisələri 0 metrdən izləsinlər.
9 pəncərə həm də sutka ərzində saatı göstərirdi. Qala təmirə dayananda qalanın divarlarından aşağıdan və yuxarıdan suxurlar götürülüb araşdırılıb. Məlum olur ki, qala 10-12 əsrlərdə tikilib. Bu qala əslinə qalsa astorloji obyektdir. İçərisində hər şeylə təmin olunub.
Qalanın hal hazırki qapısı giriş qapısı deyildi. Əslinə qalsa qalanın giriş qapısı yandan olub.

1859-cu ildə ruslar Bakını böyük şəhərə çevirmək istəyəndə qız qalasını mayak kimi istifadə etməyə başlayıblar. Ondan sonra qız qalasının ətrafında hər yerdə evlər tikməyə başladılar əhali artmağa başladı və qalanın ətrafı xırda evlərlə əhatə edildi. 2-3 mərtəbəli evlər.
Binanın əsəs giriş qapısını 1959-cu ildə Xruşov Bakıya gələndə bağlayırlar. 1959-cu ildə Xruşov gələn zaman tikinti təmir-işləri aparılıb. O zaman Qız qalasına bitişik evləri sökərkən məlum olub ki, qalaya giriş var. Elə o zaman da o girişi hörüb bağlayıblar və indiyənə qədər də o girişin olduğu haqda çox adam heç nə bilmir.
Əslinə qalsa qalaya girmək üçün yeraltı giriş da var. Çünki qalanın içi quyu kimi qaranlıq olmalıdır. Yəni gecələr ulduzlara baxmaq üçün, ona görə keçidlər qalanın içərisində yox qalanın divarında idi. Sasani dövründə Qız qalasının yanında ehram olub və qalıqları hal-hazırda da qalıb.
— Belə söz-söhbətlər var ki, qalanın altından bir neçə yerə yeraltı yol var…
— Qalanın altına yollar olub. İçərişəhərdə 3 səviyyədə yeraltı yollar olub, ancaq bu yollar 1961-ci ildə sovet höküməti zamanı sənədləşdirilib və betonlanaraq bağlanıb. Əslində köhnə tikililərin altında yeraltı yollar olub və hazırda da mövcuddur.
Sirli dəniz zolağı
2500 il ərzində Xəzər dənizinin zolağı 3 dəfə dəyişilib. İndiki mərhələdə okean səviyyəsindən 28 metr aşağıdır. 1960-cı illərdə rus tarixçisi Qumliyov Dərbənd tərəfdə özü dənizin altına düşürdü. O başa düşə bilmirdi ki, Dərbənd qalası necə olur 300 metr dənizin içərisinə qədər gedir. Dərbənd qalasının 5 min il tarixi olduğunu deyirlər. Ancaq əslinə qalsa bizə gəlib çatan tikililər 5 min illik deyil. Qumilyov bunu təsdiq etmək üçün 2 il suyun altında araşdırma aparır və suyun altında 2 zolaq tapır. Biri okean səviyyəsindən — 36 metr, digəri isə -32 metr. Okean səviyyəsindən -36 metri götürsək bu Nargin adasının qarşısına gedib çıxır. Nargin adası da Bulvardan 9 km uzaqdadı. 2500 il öncə suyun zolağı Bulvardan təxminən 10 km uzaqlıqda olub. Ptolomey Albaniyanın tarixini yazanda bir neçə şəhərin adını çəkir. İndi o şəhərlərin hamısı suyun altındadır. IV əsrdə su limanın yarısını doldurub. IV əsrdən XII əsrə qədər limanın Bayıl tərəfdən yarsı su ilə dolub. Ona görə də imkan olub ki, Bayıl limanın qurtaracağında (-32) BaYıl qəsri tikilmişdir. Əslində Bayıl qəsri yox Bayıl limanıdır. Bəndəri Baku adlı ifadə qəsrin altında tapılmış kitabələrdə yazılıb 14-cü əsrdə dənizin səviyyəsi qalxaraq bütün limanı əhatə etdi. XIV — XVIII əsrə qədər dəniz səviyyəsi dünya okeanından -19 metrdən -28 metrə çatırdı. XIX əsrdə su geri çəkilir. 1961-ci ildən Qumliyov onun dövrünə düşən zolağı okean səviyyəsindən -28 kimi müəyyən edib.
— Bakı liman şəhəri olub?
— Bakının tarixi göstərir ki, Bakı dəniz kənarında olan bir şəhər olmayıb. Sasani dövründə, antik dövrdə yalnız şəhər Bibiheybətin altında olub. Bakı liman şəhəri olmayıb, Bakı heç şəhər də olmayıb. Bakı ibadətgah olub. Stounxeç kimi boş ərazi idi, yeganə tikili arxaik 14 metrlik Hunzar qalası idi. onun yanında Sasani dövründə zərdüşltiərə aid məbəd tikilib. Həmin o vaxt Atəşi Baquan deyilən ərazinin hakiminin qəsri tikilib. Bakılılar sonrakı vaxtlarda o qalanı Salxım qalası adlandırıb.
Belə vəziyyət ərəblər gələnə qədər davam edib. Ərəblər buranı zəbt edəndən sonra bu yeri Bakuya adlandırıblar. Salxım qalasının altında ribad tikilib. Yəni indiki İçərişəhər ribaddır. Salxım qalasının ribadı.
Qız özün qaladan atsa idi o zaman suya yox, yerə dəyərdi…
Qızlarla bağlı əvsanələr hamısı cəfəngiyyatdır. Suyun səviyyəsi dünya okeanı səviyyəsindən mənfi 19 metr aşağıda olanda qalanın içərisinə su getməyib. Bunu 15-ci əsrin mənbələri göstərir. Qız qalası həmişə quruda olub. Əfsanədə deyildiyi kimi qız özünü qaladan atsa idi o zaman suya yox, yerə dəyərdi…
Qalaların adının qızlarla bağlanması haqqında çıxan sujetlər rus, erməni və digərlərinin beyinlərinin məhsuludur. Türkiyədə də 40-a yaxın qız qalası və var orada ida qalaların hamısının tarixi ilə bağlı qız və ilan obrazları var.
Qız qalası qondarma addır. Tarixi ad deyil. Biz bu qondarma adı götürüb onun tarixi adına qayıtmalıyıq.

Sovet hökümətindən ayrldıqdan sonra belə bir tendensiya var. Ayrı ayrı vətəndaşlar gəlib çıxırdı qalaya və özünü atırdı ordan. 20-30 nəfər orda intihar edib. Onlar bağlı olurlar o ideyaya ki, qız ordan özün atıb. Psixoloji durumları yaxşı olmayan insanlar gəlib özlərin atır. Qız qalasının gözəl tarixi adı və gözəl tarixi var. Azərbaycanda 50-dən çox qız qalası var. Hələ bizim vaxtımıza bu qədər gəlib çatıb. Təsəvvür edin bunun hamısından qız özün atıb. Bunu genişə əraziyə yaydıqda minlərlə qız qalası var və hamısında da qızlar ya qaladan özün atır, ya da ilan vurur…
Səxavət Məmməd

Ağdamda açılan son səhərim — Xatirə

Səhər bir də belə açılmayacaqdı. Nə o qızıl güllər olacaqdı, nə də yuxudan duran kimi həyətə qaçacaqdıq. Hə, bir də anam bizi fındıq ağacının ətrafında qovaraq tutmayacaq, yemək masasına oturtmayacaqdı.

Amma o məşum səhər xüsusilə gözəl idi. Bacı-qardaş ilk dəfə idi ki, savaşmırdıq. Mehriban oynayırdıq. Atamın aldığı “Cırtdanın nağılları” kitabını götürüb nənəmgilə yollandıq. Hava isti olduğu üçün yolda tez-tez ağacın altında dayanıb kitabdakı şəkillərə baxırdıq. Nənəmgildə də əsasən təzə kitabla maraqlandıq. Biz niyə mehriban idik axı? Nənəm də bunu sezmişdi. “Hə, bala bax həmişə mehriban olun”- deyib təndirə çörək yapmağa getdi. Biz bacı-qardaş təndirxanaya tərəf yollanan nənəmizin dalınca çığırışdıq: “Nənə, mənə yağlı kökə bişir”. Uzun illərin yorğunu, qocalıqdan beli bükülmüş, yumağa dönmüş nənəm arxaya çevrilmədən: “Bişirəcəm” deyib əlini önlüyünün cibinə qoydu.
Cırtdanın macəraları bizi sehrlədiyi üçün ağacın kölgəsində oturub kitabı vərəqləyirdik. Birazdan təndirxanadan yeni bişən çörəyin ətri həyəti bürüdü. Bacımla udqunaraq isti kökəni gözləməyə başladıq. Gözlədiyimiz kimi oldu, bir müddət sonra nənəm qədim sinidə isti və yağlı kökəni gətirib masanın üzərinə qoydu.
Süfrə açılır. Xalam həmişəki kimi qışqırır — «sən yenə əlini yumamış süfrəyə oturursan?». Qaçıram əlimi yumağa. Bu anda qonşu qaçaraq içəri girir. Təlaşla deyir: «Tez çıxın evdən. Ermənilərin kəndə girməyinə az qalıb».
Hərə bir tərəfə qaçır. Nənəm qarğış edir, xalam paltar götürür. Əlimi silməyə macal tapmamış nənəm deyir «siz qaçın evinizə, anangillə birlikdə qaçın». Bacımın əlindən tutub evə qaçmağa başlayırıq. Nənəmgilə gedəndə və gələndə bir neçə dəfə «qaqa, yoruldum, biraz dayanaq» deyən bacım, bu dəfə heç nə demirdi, qaçırdı. 4 yaşı olmasına baxmayaraq, deyəsən o da məsələnin ciddiyyətini anlamışdı. Evə çatdıq, «mama, ay mama» deyərək, qışqırdıq. Evə girib gördük ki, anam və qundaqdakı körpə bacım yoxdur. Artıq qorxmağa başlamışıq. Nə edəcəyimizi bilmirik. Küçəyə çıxırıq. Qonşu qışqırır, «nə gəzirsiniz burada?». Anamgili axtarırıq, deyirəm. Qonşu deyir ki, anangil qaçdı, siz nə sülənirsiniz burada? Donub qalırıq. Nənəmgilə qaçmaq istəyirik. Qonşu yenə bağırır «o tərəfə yox, Qarqara tərəf qaçın». Bacımın əlindən tutub qaçırıq Qarqar çayına tərəf. 4 yaşlı toppuş bacım bir qədər qaçdıqdan sonra tövşüyür. Oturur, durur, yenidən qaçırıq. İki balaca uşaq qaçırıq, ancaq haraya, niyə qaçdığımızı bilmirik. Bu an kəndimizdən bizim kimi qaçan bir ailə onlara qoşulmağı təklif. Hərə öz canının hayında olduğu üçün bizi nə qucağa götürən oldu, nə də onlara çata bildik. Bacı-qardaş bacardığımız, gücümüz çatan kimi qaçırdıq. Daha doğrusu, bacımın sürəti və addımlarına uyğun qaçırdıq.
Qarqar çayının kənarına çatırıq. Qarqar qan ağlayır. Çayı ilk dəfə bu qədər bol sulu gördük. Elə bil təbiət də bizim Yusifcanlıdan çıxmağımızın əleyhinə idi: «Geri qayıdın, obanızı tərk etməyin, imkan vermərəm»-deyirdi. Camaatın qaçması üçün çayın ortasına taxtalar düzülüb, bir birinə bərkidilib. Keçirik. Çayın kənarı palçıqlıdı. Palçığın içindən keçməliyik. Əl üstündə böyüyən uşaqlar və palçıq. Tərəddüd içindəyik. Palçığa və bir-birimizə baxırıq. Bu zaman uzaqdan «qaçııın» nidası bizi silkələdi. Özümüzü palçığa vururuq. Bacımın ayaqqabısı palçığa batır. Ayağından çıxır. Ayaqqabını çıxarmaq istəyirəm. Yenə qışqırıq: «nə oynayırsınız, rədd olun qaçın». Bir ayaqqabısını palçıqda itirən bacım tək ayaqqabı ilə qaçır. Qaçırıq. Palçıqdan çıxanda ayağımdakı ayaqqabıları bacıma verirəm. Palçıqda məhv olan ayaqqabı nə bacımın ayağına olur, nə də mən geyinə bilirəm. Dayanmırıq. Hamı qaçır, sanki yarışdır, hərdən maraqlı da gəlir qaçmağımız.
Yenə qışıqırıq, «gəlin, rədd olun gəlin dana». «Bunların dədəsi nənəsi hanı ee, özümüzə yük götürdük» -deyir, kəndçimiz olan arvad. Arvadın əri isə deyir, «kəs azz, uşaqdılar, əsir aparmalı idilər?»
Bir xeyli yol qət etdikdən sonra su çəni daşıyan maşına minirik. Yalın ayaq, gün altında qızmış su çəninin dəmiri. Ayaqlarımızı qoyub çəkirik. Artıq bacım deyinir. Qaqa, hara gedirik? Çiynimi çəkirəm. Həqiqətən hara gedirik? Tanımadığımız yerləri görürük. Hərbçilər dolu maşın bizə əks istiqamətdə hərəkət edir.
Bacım: «Qaqa, acmışam». Kökəm nənəmgildə qaldı…» -deyir. Bacım artıq ağlayır…
Qonşu arvad: «Kəs az, zırıldama, bir sənin zırıldamağın çatmırdı elə».
Biraz sonra bacım, ağlaya-ağlaya «qaqa, düşək maşından».
Qonşu arvad: «Az kəs dedim, bu saat özüm atacam yerə səni».
Arvada deyirəm: «Bacımı maşından atsan, nəvəni döyəcəm».
Arvad mənə qışqırır: «Kəs, küçük. Dədəsi nənəsi haradadır bilinmir, nəvəmi döyəcəkmiş». Valideynlərimi nəzərdə tutaraq, «belə ata-ana olar? Uşaqlarından xəbərləri yoxdur».
Dəmiryol xətti olan yerə çatırıq. Sevinərək, «atam burada işləyir, bizi aparacaq», deyirəm.
Qonşu kişi: «Bala, atan Ağdamda işləyir. Hər dəmiryol olan yer atan işlədiyi yer deyil»-deyir.
Bacım: «Qaqa, bura haradır?»
Həqiqətən bura haradır? İlk dəfə idi ki, görürdük.
Bizi daşıyan maşın dayandı. Sürücü kəndçimizlə nə danışdısa, kəndçimiz dedi: «Dəmir yolunun üstü ilə gedək, görək başımıza nə gəlir».
Dəmiryol xəttinin üstü ilə gedirik. Yalın ayaqlar, çıxıntılı taxtalar, sarıtikan kolları. Göz işlədikcə uzanan boz sahə. Arvad hərdən çönüb arxaya bizə baxıb donquldanır. Relsin üstü ilə gedirik. Hər keçən dəqiqə sürətimiz azalır. Bacım artıq ağlaya-ağlaya yeriyir. Gah mamamı istəyirəm, gah kökəmi istəyirəm deyir. Bacımın susaması da başqa bir dərd verirdi mənə. Ac, susuz, ayaqqabısız. Artıq ayaqqabının olmaması təsir etmir. Ayaqlarımız həm dəmirin istisindən qovrulur, həm də ayaqyalın olduğumuz üçün taxta qırıntıları, tikanlar ayağımızı zədələyirdi. Amma susuzluq hissi daha pis idi. Dəmir yolunun kənarında arx görürük. Suya doğru qaçırıq. Çirkli, içində qurbağalar olan sudan içirik. Biraz oturub yenə dəmiryol xəttinin üstü ilə gedirik. Gah dəmirin üstünə çıxırıq, gah taxtanın. Artıq taxtanın üstü ilə tullana tullana gedirik. Uşaqlığımız tutub. Hər keçən an kəndçilərimizdən bir qədər də uzaqlaşırıq. Artıq kəndçimiz olan arvadın donquldamağını eşitmirik.
Bacım gah ac, gah da susuz olduğunu deyir. Artıq ikimiz də taqətdən düşmüşük. Əvvəl 100 metr gedib 10 dəqiqə otururduqsa, indi 10 metr gedib, 10 dəqiqə otururuq.
Hava qaralmağa başlayır. Qaranlıq düşdükcə kəndçilərimizdən daha da uzaqlaşırıq. Getdikcə kəndçilərimiz yoxa çıxır. Artıq bacım aclıq, susuzluqla yanaşı yuxusunun da gəldiyini deyir.
Gecə qaranlığı ilə yeridikcə yan-yörədən quşlar pırıldayır, tikan kollarının arasında xışıltı gəlir. Hər gələn səsdən diksinən bacım məni qucaqlayır. Bacım məni dayaq bilir. Bəs mən kimi dayaq bilim? Mən də qorxuram. Göz-gözü görmür. Artıq yeridikcə ayağımız ilişib yıxılmağa başlayırıq. Bacım artıq əlimdən tutmayıb, məni qucaqlayır. Bacımın qucaqlamağını bəhanə gətirib dayanıram, artıq taqətim yoxdur. Bacım oturub «mama, mamam hanı, mamamı istəyirəm» deyərək ağlayır. Mən isə ağlaya da bilmirəm.
Çaqqallar ulaşır. Cücülər qəribə səslər çıxardır. Oturmuşuq. Bacım məni qucaqlayıb ağlayır. Həqiqətən anamgil hanı, onların başına nə gəldi, qaçıblarmı, qaçıblarsa hara qaçıblar? Bu suallar beynimdən bir dəqiqə də olsun çıxmır.
Çox mehribanıq, həmişə dalaşan bacı-qardaş qucaqlaşıb mürgüləyirik. Hər xırda səsə diksinib dəli kimi oyanır, ora bura baxırıq…
Birdən səs gəlir. Qonşu kişi adımızı çağıraraq bizi axtarır. Hay verirəm. Gəlib bizi tapır. Aparır özlərinin olduğu yerə. Kəndçimizin arvadı oturduğu yerdə yuxulayıb. Biz çatanda gözlərini açıb deyir, tapdın bunları? Kişi hmm edir. Otururuq. Qucaqlaşıb yuxulayırıq. Yatırıq, hər səsə isə diksiniriq. Səslərə ayılan bacım bir qədər ağlayır, sora yenə yatırıq. Bacım hər ağlayanda qonşunun arvadı bu qız bayquşdu deyib, sonradan yenə yuxulayır.
Səhərə yaxın hava soyuyur, bacı-qardaş bir birimizə qısılıb yatırıq. Səhəri beləcə açırıq. Hər səhər yuxudan duranda ora-bura qaçan uşaqlar artıq durmağa taqət tapmır…
Kəndçimiz olan kişi deyir ki, durun gedək, görək başımıza nə gəlir. Çox asta-asta yola davam edirik. Durub ayaqlarımızı yerə basanda ikimiz də birdən qışqırırıq. Səhərə qədər dincə qoyulmuş ayaqları yerə basanda bütün tikanlar sanki hamısı eyni anda ayağımıza batır. Oturub yenidən dururuq. Ayağımızı yerə qorxa-qorxa basaraq gedirik. Getməliyik. Artıq kəndçilərimiz də yorulub. Onlar da bizim ayağımızla yeriyir. Uzaqdan maşın görünür. Maşın bizə doğru sürətlə gəlir. Maşın bizə çatanda dayanır. Maşından düşənin babam olduğunu görəndə sevindik. O bizə tərəfə qaçır, biz də ona tərəf. Kəndçilərimizə minnətdarlıq edən babam səhərə qədər bizi axtardığını deyir. Təxminən gəlib bizi tapıb. Hamımız maşına doluşub gedirik. Kəndçilərimiz qarşıdakı kənddə düşür. Babam isə bizi Ağcəbədiyə gətirir. Anamızı uzaqdan görüb qaçırıq. Sanki illərdir görüşmürdük.
Bizi yerə yan-yana uzandırıb, ayağımızın altını təmizləyib, bağlayırlar. Bir qədər mehriban uzanandan sonra başlayırıq bacımla yenidən dalaşmağa…
Hər dəfə dəmiryol relsi, sarıtikan kolu görəndə, çaqqal ulaması eşidəndə o gecəni xatırlayıram…
Səxavət Məmməd
Ölkə.Az

Sürücünün katibə qonşusu

Ev üçün namizədliyimi verməmişdim, ona görə də, narazılığımı da bildirmədim. Düşünürəm ki, bildirmək haqqım da deyildi. Amma və lakin deyəcəklərim var. Sussam bir çox həmkarlara haqsızlıq etmiş olaram. Özümü vacib adam hesab etdiyimdən yox, ən azı bu camianın bir üzvü olduğumdan bunları yazmağı özümə borc bilirəm.

Evlər verildi, hər kəs təşəkkür etdi, sevindik, zəngləşdik, mesajlaşdıq, xeyirli, uğurlu olsun dedik. Açığı ilk açıqlanan adları görəndə hamı kimi mən də sevindim.

Hətta bəzi şəxslərin adlarının çıxmasını 2 tuz çıxardıb, 3-cü tuzu gözləyən qumarbaz kimi gözləyirdim və çıxdı da. Əla, gözəl, bəh-bəh.

Yalnız imzalarını tanıdığımız şəxslərin adlarının açıqlanması, bunların sayının aşağı-yuxarı əl və ayaq barmaqlarımızın sayı qədər olması, digər ev alanların adlarının açıqlanmaması şübhə yaratdı. Özünü dahi sayanlar, az qala ABŞ-ın 50 il sonrakı siyasətin oxuyanlar, dünyanın gəlişini-gedişini bilənlər tez bazar atıldılar ortalığa ki, «bəsdirin narazlıq etdiniz, ay haray hər şey ƏDALƏTlidir». Xüsusən iş, rumka, qrup yoldaşlarının ev aldığına görə yerdə qalanları (katibə, sürücü, texniki işçi) nəzərə almadan, narazılıq edənləri yıxıb sürüdülər. Açığı onları haqlı da sayırdım. Çünki adları açıqlananlar layiq idilər. Jurnalistə evin verilib, verilməməsi ayrı mövzudur. Bununla bağlı deyəcəyim tək şey odur ki, jurnalist göydən dolu ilə düşməyib. Jurnalistə veriləcək tək şey qonarar ola bilər, o da ev şəklində yox.

Sonradan bütün siyahı açıqlandı. Və, və məlum oldu ki, katiblər, texniki işçilər, sürücülər də ev alıb. Katibələr ha. İllərlə yaz, poz, gözlərinin nurunu itir, mini tumanlı, geniş sinəli, gözü sürməli biri gəlib sözün əsl mənasında jurnalistlə qonşu olsun. Babamdan bir söz eşitmişəm, bəlkə də hamımızın öz babasından eşitdiyimiz bir söz var, «alanda ev yox, qonşu alırsan». Bəs bu sizin iş, rumka, qrup yoldaşınıza haqsızlıq deyil?

Haqsızlıqdı, ədalətsizlikdi, hətta təhqirdir.

Sosial şəbəkədə «jurnalist»dən çox «zurnalist» sözü ilə rastlaşırıq. Bunun günahı kimdədir? Səndə, məndə, bizdə, hər birimizdədir. Heç kim yaxasın geri çəkməsin.

Türkiyə türklərində belə bir deyim var «dövlətin malı dəniz, yeməyən donuz». Ən çox dövlətin malın yeyən donuzlardan (məntiqlə donuz olmayanlar yazmalı idim, mənə də belə sərf edir, mən də belə yazıram,sonra?) yazanlar, özlərinə sərf etdiyi üçün deyir ki, dövlət verir, biz də alırıq. Donuz deyəndə ağıla gələn ilk şey, burnun aşağı salıb, zir-zibillə eşələnən, elə o zir-zibili yeyən heyvan gəlir. Jurnalistika ilə donuzun nə əlaqəsi var heç özüm də bilmədim.

Ev alanları — katibəsindən, sürücüsündən, texniki işçsindən tutmuş jurnalistlərə kimi hər kəsi təbrik edirəm.

Səxavət Məmməd

http://saxavet.blogspot.com/2017/07/surucunun-katib-qonsusu.html

Ölkəni cənginə alan qida terroru, apteklərdə dərman növbəsi

Son 2 ayda Azərbaycandan xaricə göndərilən kartof və pomidor məhsulları ixrac edilən ölkələrin Baytarlıq və Fitosanitar Nəzarəti tərəfindən geri qaytarılıb.

Belə ki, bu ilin may ayında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi Azərbaycandan paytaxt regionuna daxil olan kartof məhsulunda karantin obyekti aşkar edib. İdarənin mətbuat xidməti bildirir ki,  Azərbaycandan daxil olmuş 39,55 ton təzə ərzaq kartofuna baxış zamanı Rusiya Federasiyası üçün karantin obyekti olan qızılı kartof qurdları (Globodera rostochiensis (Woll.) Behrens.) aşkar edilib.
Bundan başqa iyun ayında Qazaxıstan Azərbaycan tərəfinə fitosanitar nəzarəti keçə bilməyən 81,5 ton kartofu geri qaytarıb. Qazaxıstan ərazisinə gətirilən yüksək fitosanitar riskli karantinli məhsulların yoxlanışı zamanı bitki karantini sahəsində Qazaxıstan Respublikası və Avrasiya İqtisadi Birliyi qanunvericiliyinin pozulduğu səkkiz hal aşkar edilib.

Kartofdan başqa pomidorda da bu hallar aşkarlanıb. Bu ilin iyul ayında Rusiyaya Azərbaycandan ixrac edilən 16,193 ton pomidorun tərkibində Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti zərərverici Cənubi Amerika güvəsi aşkar edib.

Heç kimə sirr deyil ki, sahibkarlar istehsal etdiyi məhsulun ən keyfiyyətlisini xarici bazarlara ixrac edir, digərlərini isə yerli bazarda satışa çıxarır. Əgər xarici bazara çıxarılan məhsullar yararsızdırsa, yerli bazar haqqında düşünməyə dəyməz.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini sizə təqdim edirik:

«Prezident İlham Əliyev təsadüfi olaraq demədi ki, ixrac məhsullarımız arasında birinci yerdə fındıqlar dayanır. 6 il bundan öncə külli miqdarda fındıq Avropa bazarından geri qaytarıldı. Fındığın tərkibində «asot aksin göbələkləri» aşkar edilmişdi. Bundan sonra Avropa İttifaqı Azərbaycanda iş apardı. Fındıqlar HASSP sisteminə, yəni, tarladan istehlakçının masasının üstünə qədər izlənmə sisteminə keçirildi. Bu sistem yaranandan sonra fındıqlar xarici bazara rahat şəkildə çıxır. Bundan əlavə, balıq kürüsü üçün bu sistem tətbiq olunub. HASSP sistemi ölkə başçısının 10 fevral 2017-ci ildə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı fərmanda da öz əksini tapıb. Bu sistem digər kənd təsərrüfatı mallarına da tətbiq olunmalıdır.

Düşünürəm ki, Rusiya Federasiyası bu işdə haqlıdır. Rusiya Federasiyasının baş sanitar həkimi Gennadi Aneşinka hazırda baş nazirin köməkçisidir. Gennadi Aneşinka mənə məktub yazdı və MDB ölkələri arasında istehlakçı hüquqlarını qoruyan koalisiyaya üzv olmağı təklif etdi və mən bir neçə dəfə həmin koalisiyada iştirak etdim, Azərbaycan mallarının Rusiya və MDB məkanında lobbiçilik işini apardım. Ancaq mənim fəaliyyətimə dövlətimiz tərəfindən heç bir dəstək verilmədi. Hazırda bu problem var. Xaricə getməyən, təhlükəli mallar Azərbaycanın daxili bazarında satılır. Təsadüfi deyil ki, ötən il xüsusi bir cihazla qarpızların monitorinqini apardıq. Məlum oldu ki, təxminən 99% qarpızlar nitritlərlə zəhərlənmiş vəziyyətdə satılırdı. Bu il isə bu rəqəm 98% təşkil edir. Pomidor və kartofların nitritlərlə zəhərlənməsi azdır. Ancaq onlar da başqa komponentlərə yoluxublar. Rusiya Federasiyasından qaytarılan kartofların tərkibində insan üçün zərərli yox, ətraf mühit üçün zərərli bakteriyalar var. Ona görə də, həmin məhsullar ölkəyə geri qaytarılıb. Azərbaycanın əmtəə bazarında kifəyət qədər təhlükəli mallar var. Təsadüfi deyil ki, gələn ilin əvvəlindən işə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı hazırda danışıqlar gedir. Agentlik işə düşsə düşünürəm ki, vəziyyət düzələr».

Yerli bazarda tərkibində təhlükəli bakteriyaların olduğu malların satılmasının və istehlakçılar tərəfindən alınmasının nəticəsinə gəldikdə isə Azad İstehlakçılar Birliyinin sədri bildirdi ki, bunun nəticələri artıq var:

«Nəticələri görmək üçün apteklərdəki növbələrə baxmaq kifayət edər. Dünyanın heç bir ölkəsində apteklərdə dərman alanların növbəsi yoxdur. Qida növbəsi dərman növbəsi qədər deyil. Azərbaycanda Avropa ölkələrindən 20 dəfə çox aptek şəbəkəsi var. Səhiyyə Nazirliyi araşdırma aparmalıdır. Görməlidir ki, dövlət büdcəsindən səhiyyə xərclərinə nə qədər vəsait ayrılır və kənd təsərrüfatı mallarının təhlükəsizliyini təmin etsələr, səhiyyə xərcləri nə qədər aşağı düşər. Çox təəssüf ki, ölkədə belə araşdırmalar getmir».

Xaricə göndərilən və tərkibində zərərli maddələrin aşkar edilib geri qaytarıldığı mallar məhv edilir, yoxsa yerli bazara çıxarılır sualına cavab olaraqsa Eyyub Hüseynov qeyd etdi ki, əksər hallarda həmin məhsullar əmtəə bazarına buraxılır:

«Çünki geri qaytarılan mallar məhv edilsəydi bunu açıq şəkildə göstərməli, media vasitəsi ilə insanlara çatdırmalı idilər. Əgər bu məhv olma şəffaf deyilsə və bu haqda məlumatlar yoxdursa, demək ki, həmin məhsullar bazara çıxarılır».

20 ildir istehlakçı hüquqlarını qoruduğunu deyən, Eyyub Hüseynov bu illər ərzində cəmi 2 dəfə kütləvi məhvetmədə iştirak etdiyini bildirib:

«Həmişə müraciət etmişəm ki, əgər haradasa kütləvi məhvetmə varsa, yerini desinlər, oraya getməyə hazırıq. Təəssüf ki, bu baş vermir».

Xaricə gedən mallar baytarlıq və fitosanitar nəzarətindən keçir, ölkə bazarına çıxarılan malların hansısa nəzarətdən keçməsi məsələsinə gəldikdə isə ekspert bildirdi ki, əslində buna nəzarət orqanları mövcuddur:

«Kənd təsərrüfatı nazirliyinin yerlərdə idarələri var. Əslində bazara məhsul çıxaran sahibkarlar həmin idarələrdə məhsulun keyfiyyətini yoxlatmalı, sənədlər aldıqdan sonra məhsulunu bazara çıxarmalıdırlar:

«Kənd Təsərrüfatı Nazirliyi vaxtında işlər görməlidir ki, insanlar sonradan zəhərlənməsinlər. Bu gün nə həmin ekspertizalar, nə də sənədlər var. Kənd Təsərrüfatı Nazirliyinin yerli idarələrinə külli miqdarda pul ayrılır. Lakin bunların heç biri cəmiyyətdə görünmür».

Bir neçə marketə aldıqları kənd təsərrüfatı mallarının ekspertiza sənədinin olub, olmaması ilə bağlı sual ünvanladıq. Cavablardan məlum oldu ki, malları «dədə-baba qaydası» ilə alıb satırlar.

Səxavət Məmməd

http://saxavet.blogspot.com/2017/07/olkni-cngin-alan-qida-terroru-apteklrd.html

%d такие блоггеры, как: