Gülüşündə gizlənən və gülüşünü gizlədən adam — Azər Qismət

Təbəssüm hər kəsə yaraşır. Ələxsus da, bu təbəssüm təbii gülüşün övladıdırsa… Çox adamın çox ciddi, qaraqabaq tanıdığı insanlara gülüş və təbəssüm elə yaraşır ki, bir bəhanə axtarırsan, onları güldürməyə… Gülərkən üzləri də yumşalır, gözləri də gülür, içindəki pozitiv və fərəh çıxır üzə. Sanki bir adam və səbəb axtarırdılar ki, onları güldürsün… Adətən belə insanlar həyatının…

Təbəssüm hər kəsə yaraşır. Ələxsus da, bu təbəssüm təbii gülüşün övladıdırsa…

Çox adamın çox ciddi, qaraqabaq tanıdığı insanlara gülüş və təbəssüm elə yaraşır ki, bir bəhanə axtarırsan, onları güldürməyə… Gülərkən üzləri də yumşalır, gözləri də gülür, içindəki pozitiv və fərəh çıxır üzə. Sanki bir adam və səbəb axtarırdılar ki, onları güldürsün…

Adətən belə insanlar həyatının hər tərəfini, insanların hər üzünü-gizli və açıq tərəflərini bilən, sınaqlardan çıxmış insanlar olur.

Adətən belə insanlar ağılları ilə qərar verən, müşahidəcil, düşüncəli, yaradıcı və təhlil qabiliyyətli düşüncə tərzinə malik, məntiqli insanlar olur.

Çox potensial olduqları üçün bu potensialı hər kəs üçün açıq etmirlər, ehtiyatlı olduqları üçün. Müşahidə edir, tanıyır, uyğun birisini tapıb, ona potensial və təbəssümünü və gülüşünü göstərir.

Çox pozitiv olsalar da, mübahisə və davalara meylli olmasalar da, kənardan tam tərsinə bir təəssürat oyadırlar.

Gülüşünü gizlədən və gülüşündə gizlənən insanlar təhlükəli olmazlar.

Belə insanlardan biri bütün sadaladığım keyfiyyətlərə malik Azər Qismətdir.

Kənarda dayanan, çoxluğa qarışmayan, müşahidə edən, daha sonra yazan insan…

Yumor hissi olan və satirası ilə tənqidi və iradı cəmiyyətə və ayrı-ayrı insanların ünvanlarına çatdıran insan…

Hər zaman səliqəli, bic baxışlı, yanaqlarında gülərkən yarıqlar olan insan…

Ciddiliyi ilə insanları özündən itələyə bilsə də, xüsusi və seçilmiş və ya seçdiyi insanlar onun əsl insanlığını görməyə və tanımağa məhkum olur.

Onu tanıdıqca, tam tanıdım demək, yalan və günah olardı. Onu hər dəfə kəşf edirsən.

Əslində, o qədər doğma, pozitiv, zarafatcıl, itiağıllı, haqlı tənqidi və müzakirə mədəniyyəti olan, öz fikrini tam izah etməyi bacaran insandır.

Onu tanıyanları sevən və onu tanıyanlar tərəfindən sevilən və məyus etməyən insandır.

Hər mövzuda danışa biləcəyin və hər mənada güvənə biləcəyin sirlər xəzinəsidir.

Əslində, dünyagörüşü, fikirləri ilə bir xəzinədir.

Mədəniyyəti, ali baxışları, danışığı, davranışı yaxınlarını ancaq daha da yaxın edir.

Ürəyi təmiz, səmimi, təbii və azacıq sadəlövh olmaq istəyən, içində bir şıltaq uşaq olan, kövrək, fədakar, diqqətli dostdur.

Gülüşündə utandığından qızararaq gizlənir. Gülüşünü utanmamaq və qınanılmamaq və ciddilikdən çıxmamaq üçün gizlədir.

İnsanlara üz verəndə, öncə boynuna, sonra başına mindiyi üçün Azərin gülüş qisməti hər kəsə pay kimi qismət olmur.

Qismətini Azər lazım bildikləri ilə paylaşır. Paylaşmadıqları çox şey itirir.

Ən azı Azər kimi insan və dostu itirir.

Bu qismətdən mənə az olmayan pay düşdüyü üçün onu dost və qardaşım kimi çox sevirəm. Azər çox savadlı, intellektual insan olduğundan onunla ünsiyyətin bitməsinii və ayrılmağı istəmirsən. Vaxt, çox heyif ki, vaxt gedir, öz hökmünü oxuyur, irad və istəklərimizə zidd olsa da.

Çox az saylı adamlar var ki, onlarla görüşmək istəyirəm. Amma o insanlarla görüşdüyüm zaman o görüşün bitməsini istəmirəm. Çünki hər dəfə bir yeni bilik, təcrübə əldə edir və pozitiv enerji ilə yüklənirəm, o qədər rahatlıq və mənəvi zənginlik əldə edirəm ki, istəyirəm, elə dostlarımı qaçırdım növbə ilə…

Tags: